
Ciddi iqtisadi sanksiyalara məruz qalan İran bir çox hallarda qeyri-adekvat addımlara əl atır. Hətta onun hədəf olaraq seçdiyi məkanlar da adekvat olmur. Əslində bu addımlar İran rejiminin mahiyyətinə xas xarakterdir. Belə ki, Qərb ilə "soyuq müharibə" aparan fars rejimi nədənsə, Azərbaycanla da türklər demiş, uğraşmaqdan usanmır.
Rəsmi Bakının Qərb, eləcə də İsraillə münasibətlərini qısqanan İranın zaman-zaman Azərbaycanın daxili işlərinə qarışmasının şahidi olmuşuq. Hətta bir az da qabağa gedərək ölkədə terror aktları törətmək cəhdləri də olub. Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində cənubdan gələn sifarişlər əsasında Azərbaycanda qanlı aktlar törətməyə cəhdlərin qarşısı alınıb.
Bu mənada son hadisə xüsusi diqqət çəkir. Bakıda İsrailin ictimai xadimlərinə qarşı planlaşdırılan terror aktının qarşısı alındı ki, bu məqama görə, hətta İsrail prezidenti Şimon Perez Azərbaycanın dövlət başçısı İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. Hadisələrin bu cür inkişafı fonunda bəzi ekspertlər ehtimal edirlər ki, İranın Azərbaycana qarşı münasibəti daha aqressivləşəcək. Belə ki, bundan sonra fars rejiminin Azərbaycanda müxtəlif təxribatlarına hazır olmaq lazımdır.
Bu mənada Azərbaycanın xarici siyasətini təhlil edən politoloq Qabil Hüseynli hesab edir ki, Azərbaycanın xarici diplomatiyası doğru yoldadır. Onun sözlərinə görə, İsraillə münasibətlər Azərbaycanın xeyrinədir. "Bu münasibətlər hesabına ölkə iqtisadiyyatının bir çox sahələri, xüsusilə də hərbi potensialımız durmadan inkişaf edir. İsrailin elektronika sahəsində, bir sıra hərbi sahələrdə Azərbaycana yardım göstərməsi ölkəmizi bu müstəvidə ön sıralara çıxarıb. Pilotsuz kəşfiyyat təyyarələri istehsalının Azərbaycanda istehsalının başlanması ölkənin hərbi sənayesi üçün çox böyük nailiyyətdir. Gələcəkdə, ümumiyyətlə, təyyarəqayırma sənayesinin istehsalı nəzərdə tutulur. Bundan başqa, elektron kəşfiyyat sahəsində, ordunun xəbərləşmə sisteminin qurulması sahəsində İsrail tərəfindən Azərbaycana böyük dəstək verilir. İsraillə əlaqələr həm də dünyada böyük lobbiçilik və böyük media sənayesi ilə yaxınlıq deməkdir".
Ekspert deyir ki, İran şimalında yerləşən suveren bir dövlətin bu cür müstəqil, uğurlu xarici əlaqələrinə qısqanclıqla yanaşır. Onun sözlərinə görə, İran siyasəti dar bir dalana dirənib. "Biriləri sırf ideoloji dini əlamətlərə görə İranla düşməndir, biriləri isə yaxın iqtisadi partnyordur. Uzun müddətdir ki, "Hizbullah" və "Həmas" kimi terrorçu təşkilatların xətti ilə İsraillə düşmənçilik aparırlar. Adını da qoyublar ki, Fələstin probleminin həlli ilə məşğuluq. Amma əslində Fələstin probleminin telləri kimin əlindədir və kimlər vasitəsi ilə həll edilir, bunu hamı yaxşı bilir. Bu, beynəlxalq güclərin əlinə keçmiş bir məsələdir. Mövcud problemi kənardan silahlı dəstələr yararaq İsrailə hücum etməklə yalnız mürəkkəbləşdirmək olar. Ona görə də İran tərəfi İsraildən özünə süni bir düşmən obrazı yaradıb, eləcə də Amerikadan. Bu dövlətlərlə əməkdaşlıq edənləri də özünün düşməni elan edir". Q.Hüseynli vurğuladı ki, özünü müsəlman dəyərlərinin müdafiəçisi kimi qələmə verən İran işğalçı, terrorist dövlət olan Ermənistanla qol-boyun olmağı bacarır. Amma Azərbaycanın İsrail kimi müasir bir dövlətlə ikitərəfli normal iqtisadi münasibətlər qurmasını istəmir. "Bu səbəbdən də Azərbaycan ərazisində müxtəlif təxribatlara əl atır. Tutaq ki, İran ərazisində nüvə sahəsində çalışan mütəxəssisi öldürüblər. Bunun kimlər tərəfindən həyata keçirilməsi ortaya çıxmayıb, amma İran birtərəfli qaydada Amerika və İsraili bu sahədə günahlandırır. Bu məqsədlə Azərbaycan ərazisində guya, həmin alimin qanını alırmış kimi, iki günahsız yəhudinin öldürülməsini planlaşdırır. Onlardan biri məktəb direktorudur. Mən onu şəxsən tanıyıram. Çox gözəl və Azərbaycana dərindən bağlı bir insandır. Azərbaycan dilində bizim kimi səlis danışır. Digəri də orta məktəbdə fizika müəllimidir. İndi onları hədəfə almaq insani nöqteyi-nəzərdən hər hansı əxlaq normasına sığırmı?"
Politoloq hesab edir ki, Azərbaycan insanları da ayıq-sayıq olmalı və İranın təsirlərindən özlərini qorumalıdırlar. "İl yarım bundan əvvəl İran Azərbaycandakı İsrail səfirliyində partlayış həyata keçirmək istəyirdi. Onun üstü ABŞ, İsrail və yerli kəşfiyyat orqanlarının əməkdaşlığı nəticəsində açıldı. Nəticədə bir neçə İrandan ezam edilmiş, peşəkar şəxslər həbs edildi. Lakin həmin şəxslər qonşuluq münasibətləri nəzərə alınaraq İrana təhvil verildi. Amma İran bundan nəticə çıxarmadı və yeni bir terror əməliyyatını Azərbaycan ərazisində həyata keçirməyə çalışdı. Bu günlərdə yenə İsrail və ABŞ səfirliyi növbəti terror təhlükəsi ilə bağlı vətəndaşlarını xəbərdar etdi. Axı nəyə görə Azərbaycan ərazisi xarici vətəndaşlar, turistlər üçün riskli zonaya çevrilməlidir. Bu gün Azərbaycanın belə bir imicinin yaranmasında əsas rolu məhz İran oynayır. Bu, Azərbaycan üçün böyük zərbədir. Gələnlər azalır, Azərbaycanda sabitliyin olmaması barədə təsəvvürlər yaradılır, dövlətin müəyyən sahələrdə bacarıqsız olması barədə fikirlər formalaşdırılır. İranın bu hərəkətləri tək regiona yox, özünə ziyan vurur. İran başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır. Öz daxili problemləri ilə məşğul olmalıdır".