Aqil Abbas: "Millət vəkili kimi bu məsələnin izinə düşəcəm və
parlament səviyyəsində problemin həllinə nail olmağa çalışacam"

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan rayonlarından yalnız Ağdərə və Xankəndinin icra orqanları fəaliyyət göstərmir. Bu bölgələrin sakinləri dəfələrlə məsələ qaldırsalar da hələ ki, qaldırdıqları problem həll olunmayıb. İcma rəhbəri deyib ki, bu, 1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş adamların işbilməzliyi nəticəsində belə problem yaranıb: "Hesab edirəm ki, bu bölgələrin də icra strukturları olmalıdır. Heç olmasa, həmin bölgələrin insanlarının əlaqələndirilməsi üçün bu, çox vacibdir. Ona görə də mən də bu məsələnin tərəfdarıyam".
"Konstitutsiya" Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev də B. Səfərovun dedikləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, tez bir zamanda dövlət bu məsələ ilə ciddi şəkildə maraqlanmalı və Hər iki rayonda icra strukturu yaratmalıdır. Ordan olan insanlar arasında koordinasiya yaratmaq və onları icma halında birləşdirmək lazımdır. Çünki hazırda onlar ölkənin müxtəlif ərazilərinə səpələnib yaşayırlar. Əgər həmin rayonlarda icra strukturları yaradılarsa, bu eyni zamanda onların qohumluq əlaqələrinini də bərpa edilməsinə köməklik edər. Xankəndi və Ağdərədə icra orqanlarının yaradılmasının həm iqtisadi, həm mədəni-insani, həm də siyasi-hüquqi tərəfləri var. Ona görə də həmin rayonlarda icra strukturlarının yaradılması məqsədəuyğundur. Bu proses həm də Dağlıq Qarabağda yaşayan Azərbaycan icmasının əlaqələrini də genişləndirər. Çünki gələcəkdə həmin insanların geri qaytarılması və öz yurdlarında yerləşdirilməsi məsələsi var. İndiyə qədər Xankəndi və Ağdərə rayonlarında icra strukturunun olmamasının səbəbini B. Səfərov 1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş adamların səriştəsizliyində görür. Bəs Ə. Nuriyev necə düşünür? Doğrudan da bu gün Ağdərə və Xankəndinin icra strukturunun olmamasında 90-cı illərin payı varmı?
- Mən hesab edirəm ki, keçmişi qınamaq yox, ona hörmət etmək lazımdır. Çünki keçmişinə atəş açanın gələcəyini topa tutarlar. Ola bilsin ki, keçmişdə müəyyən səhvlər olub. Əslinə qalsa, mən bunun belə olduğunu heç qəbul da etmirəm. Düşünürəm ki, keçmişi ittiham etməzdən əvvəl biz unutmamalıyıq ki, Ağdərə rayonunun özü də elə həmin illərdə yenicə yaradılıb. Mən təklif edirəm ki, keçmişə daş atmadan gələcək üçün işləməli və öz fəaliyyətimizi də elə bu cür qurmalıyıq. Hər kəsə məlumdur ki, 90-cı illər Azərbaycanın ictimai-siyasi həyatında müvəqqəti bir dövr olub və ona görə də indi mövcud əskiklikləri 90-cı illərin üzərinə atmaq düzgün deyil. Sadəcə biz irəliyə baxmalıyıq və lazım olan işləri görməliyik. Keçmişin günahıdır deyəndə ki, heç nə gec deyil. Biz bu gün də həmin strukturları asanlıqla yarada bilərik, yalnız bu məsələyə diqqət edilməli və lazımi qərarlar qəbul edilməlidir. Və mən bunun belə olacağına da əminəm.
Millət vəkili Aqil Abbas isə "Şərq"ə açıqlamasında Xankəndi və Ağdərə rayonlarında indiyə qədər icra strukturunun olmaması məsələsini ilk dəfə həm mətbuatda, həm də parlamentdə məhz onun qaldırdığını deyib:
- Mən bu məsələni dəfələrlə işıqlandırmışam və bildirmişəm ki, Ağdərənin 5 kəndi işğaldan azad olunub. Hazırda həmin kəndlər ermənilərin yox, bizim nəzarətimiz altındadır. Mən Ağdərə əhalisinin məktublarını da, müraciətlərini də parlamentdə qaldırmışam. Bilirsiniz ki, referendum keçirilməsi ilə bağlı söz-söhbət var. Bu gün Ağdərənin 15 min nəfərlik əhalisi var. Hansı ki, həmin rayonun əhalisini bölük-bölük edərək müxtəlif rayonlarda yerləşdirdilər. 1992-ci ildə Xalq Cəbhəsi səriştəsizlik elədi və Ağdərə rayonunun əhalisini parçaladı. Cəbrayıl və Füzulidən fərqli olaraq Ağdərənin 5 kəndi işğaldan azaddır. Ağdərə rayonunda icra strukturu yaratmaqla ağdərəliləri ora köçürtmək olar. Bu elə də çətin proses deyil. Sadəcə Ağdamdakı, Füzulidəki kimi Ağdərədə də qəsəbələr tikib, əhalini ora köçürtmək lazımdır. Doğrudan da bu çox ciddi məsələdir. Nəyə görə Xankəndi bizim rayonumuz olduğu halda orada icra strukturu, icra başçısı yoxdur? Bu gün 20 minlik Xankəndi camaatının gedəcək yeri, döyəcək qapısı yoxdur. Onlar ya Ağdam, ya da Şuşa İcra Hakimiyyətinin qapısını döyür. Problemlərini onlara deyirlər. Mən hesab edirəm ki, hazırkı vəziyyət bu iki rayona qarşı ayrı-seçkilikdir. Çünki onlardan başqa bütün rayonların, hətta həm əhalisinə görə, həm də ərazisinə görə kiçik olan rayonların belə özlərinə məxsus icra orqanları, vergi dairələri var. Güc-bəla ilə həmin rayonun parlamentdə təmsilçisinin olmasına nail olduq. İndi qalıb icra orqanının yaradılması. Və inanıram ki, tez bir zamanda bu problemimiz də aradan qalxacaq. Bizim bu məsələni uzatmağımız o anlama gəlir ki, sanki biz Xankəndindən, Ağdərədən birdəfəlik əlimizi üzmüşük. Axı bu belə deyil. Onda niyə həmin rayonların icra orqanı olmamalıdır?
Mən Bayram Səfərovu da alqışlayıram. Çünki o, "Dağlıq Qarabağın Azərbaycanlı İcması"nın rəhbəri kimi bu məsələni qaldırır və onun arxasınca gedirsə, doğrudan da bu, təqdirəlayiq haldır. Mən də bir millət vəkili kimi bu məsələnin izinə düşəcəm və parlament səviyyəsində problemin həllinə nail olmağa çalışacam. Yəqin ki, dövlət rəhbərliyi də bu barədə düşünüb, artıq bu yöndə lazımi addımları atıb, gözlənilən qərarı verəcəklər.