Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Qaçqın qadınların ən böyük dərdi yurd həsrətidi
Flora Xəlilzadə: "Mən o qədər qadın tanıyıram ki, ancaq doğma torpağında ölməyi arzulayır"
Aynur Camalqızı: "Qadınlar bu gün öz övladlarını min bir əzab-əziyyətlə, zülmlə qurduqları evlərində böyüdə bilmirlər"
Roza Əliqızı: "Məndə olan məlumata görə, bu gün də başqasının evində yaşamağa məcbur olan 500 qaçqın və məcburi köçkün ailəsi qalmaqdadır"
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

Dağlıq Qarabağın işğalından sonra qaçqın düşmüş 1 milyon Azərbaycan qaçqınının əksəriyyətini Azərbaycan qadınları təşkil edir. İşğal faktının üzərindən 20 ildən artıq zaman ötməsinə baxmayaraq, bu gün də həmin köçkün ailələri, xüsusən də qaçqın qadınlar ağır günlərini yaşamaqdadırlar. Bu gün hələ də normal şəraitdə yaşaya bilməyən, ev problemlərindən, işsizlik problemindən əziyyət çəkən qaçqın qadınlarımız var. Təbii ki, qaçqınlarımızın ən böyük problemi Dağlıq Qarabağın tez bir zamanda işğaldan azad olunmasıdır.
   
   
   
   Amma bu problem həll olunanadək ən azından normal şəraitdə yaşamaq qaçqın qadınlarımızın ən təbii haqlarıdır. Elə bu problemləri nəzərə alan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva iki gün əvvəl AŞ PA-nın sessiyasında çıxış edib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, qadın probleminin qoyuluşu və həllində, qadın hərəkatının geniş vüsət tapması və reallaşması sahəsində bizdə böyük dönüş olub. 1918-ci ildə Azərbaycan müsəlman şərqində ilk demokratik respublikanı yaradandan sonra qadınlara seçmək və seçilmək hüququnun verildiyini bəyan edib. Azərbaycanda bu, bir çox qərb ölkələrindən əvvəl baş verib. XX əsrdə ölkəmizdə qadın hüquqlarının təmin olunması məsələsi müxtəlif qanunlarımızda, bir çox digər rəsmi sənədlərimizdə öz əksini tapıb. Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə də qadınların rolu böyük olub. Çağdaş zamanda da Azərbaycanda qadın hüquqlarının müdafiəsi məsələlərinə böyük diqqət yetirilir. Bunun nəticəsi olaraq 14 yanvar 1998-ci ildə Prezidentin Fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. "2011-ci ildə "Xüsusi qayğıya ehtiyaclı qadın, uşaq, aztəminatlı ailələrin hüquqlarının təbliği məqsədilə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi" adlı layihənin həyata keçirilməsinə başlanılıb. Milli Məclis 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edib. Bu Qanun ailələrdə məişət zorakılığının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsini nəzərdə tutur. Ermənistanın işğalçılıq siyasəti üzündən Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma evlərindən didərgin düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxluq təşkil edir. Məhz bu problemlərin həlli beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır".
   
   Bəs görəsən, azərbaycanlı millət vəkilinin AŞ PA-nın diqqətini çəkməsini istədiyi azərbaycanlı qaçqın qadınlarımız, ümumiyyətlə, hansı problemlərdən əziyyət çəkirlər? Onları ən çox narahat edən məsələlər hansılardır?
   
   "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin rəhbəri Flora Xəlilzadə düşünür ki, bu gün Azərbaycan qaçqınlarının və qaçqın qadınlarının ən ümdə problemi onun Vətənindən ayrı düşməsi, içindəki Vətən nisgilinin, Vətən həsrətinin hər gün bir az daha böyüməsidir.
   
   "Bilirsiniz, mən özüm qərbi azərbaycanlıyam. Mənimlə bərabər yüzlərlə insanlar var. Onların heç biri bu gün qaçqınlıq statusu almayıb. Yəni bu gün bu insanlar öz doğma yurd-yuvasına, doğulduğu torpağa gedə bilmirsə, onda bunun adı qaçqın deyil, bəs nədir? Qaçqın qadınların problemlərini danışmaqla bitirmək olmaz. Baxın, "Azərbaycan qadını" deyilən bir jurnal var da. Açın o jurnalı, görün siz orada bir dənə də olsun hər hansı bir qaçqın qadının həyatından, problemindən, arzu-istəklərindən yazılmış bir məqaləyə rast gələcəksinizmi? Xeyr, çünki belə jurnalda yalnız vəzifəli şəxslərin xanımlarından, vəzifəli qadınlardan, hansısa bir imkanlı şəxslərə, kiməsə yaxın olan qadınlardan-onların gördükləri işlərdən reportajlar yazılır. Məgər Azərbaycan qadını təkcə vəzifədə olan xanımlardanmı ibarətdir? Məgər Azərbaycan qadını yalnız vəzifəli şəxslərə yaxın olan qadınlardanmı ibarətdir? Axı Azərbaycan qadını bütün bu qadınlarla yekunlaşmır. Azərbaycan qadını ürəyində Vətən nisgilini daşıyan, ürəyində şəhid oğlunun, qardaşının, atasının, həyat yoldaşının, sevgilisinin dərdiylə alışıb-yanan, Vətəninə-torpağına getmək üçün alışıb yanan, sözün həqiqi mənasında həsrətdən saralıb-solan, Vətən deyə-deyə canını tapşıran qadınlardan da ibarətdir. Biz necə belə qadınlarımızı unuda bilərik? Bilirsiniz, bu gün bəzən şahidi oluruq ki, qaçqın ailələrinə sanki bir dilənçi kimi baxırlar. Amma o insanlar anlaya bilmirlər ki, bu gün kiminsə evini zəbt etməyə məhkum olunmuş, kiminsə yerini dar etmiş o qaçqın ailələri-qaçqın qadınları bəlkə də zamanında hazırda həmin qaçqına yuxarıdan aşağı baxanların yaşadıqları ev-eşiyi bəyənməzdilər. Çünki qaçqın düşmüş insanlar elə ev-eşiklərini, elə imarətlərini, elə mülklərini, toyuq-cücələrini, var-dövlətlərini arxada qoyub digər yerlərdə məskunlaşmaq məcburiyyətində qalıblar ki, bəlkə heç o yerli əhali-qaçqınları bəyənməyənlər heç vaxt elə lüks həyat şəraitinə sahib olmayıblar. Mənim xatirimdədir ki, biz Universitetdə oxuyanda, bizə kirayədə qalmaq üçün elə evlər təklif edirdilər ki, inanın mənə, biz həmin evlərə baxanda dəhşətə gəlirdik ki, ilahi, biz belə yerlərdə təkcə toyuq-cücəmizi saxlayırdıq. Bilirsiniz, qaçqın qadının, qaçqın ananın sonsuz sayda problemləri var. Bu təbiidir, amma inanın ki, qaçqını evlə təmin etmək onun problemini həll etmək demək deyil. Bəzən eşidirəm ki, çadırda yaşayan qaçqınlar evlə təmin olunub. Bilirsiniz, belə halda insanın sadəcə ürəyi yanır. Yəni bu qaçqın yazıq ömrünün sonuna qədər çadırda yaşayası deyil idi ki, əvvəl-axır o, normal bir evdə yaşamalı idi. Bu, qaçqının probleminin həlli deyil. Mən hər zaman belə düşünmüşəm ki, torpağına qayıtmayan qaçqının problemi heç vaxt həll oluna bilməz. Əgər qaçqın qadın öz doğma torpağına- dünyaya gözünü açdığı Vətəninə, suyunu içdiyi, torpağında gəzdiyi, havasını ciyərinə çəkdiyi yurduna gedə bilmirsə, onun problemi heç vaxt həll olunmuş ola bilməz. Torpağı alınmayan qaçqının problemi hər zaman qalacaq. Bu problemdən isə ən böyük əziyyət çəkən təbii ki, qaçqın qadınlarımız olacaq. İnanın mən tanıyıram, o qədər qaçqın qadınlar var ki, sadəcə, Vətənində ölməyin həsrətilə alışıb-yanır. Vətəninə getməyin həsrətiylə saralıb-solur. Ona görə də mən düşünürəm ki, bu gün qaçqın qadınların sonsuz sayda ailə-məişət, sosial və digər problemlərindən danışmaq, hətta onları həll etmək olar. Amma qaçqınların ən böyük problemi onların torpaqsız qalmaqları, ürəkləri istəyəndə vətənlərinə gedə bilmələridir".
   
   "Əsgər anaları" İctimai Birliyinin sədri Roza Əliqızı:
   
   "Mən iki il bundan əvvəl qaçqın qadınlarımızın ağır vəziyyəti ilə bağlı bir layihə hazırlamışdım. Bu layihədə qaçqın xanımlarımızın bir çox probleminin mövcudluğunun şahidi olmuşam. Təbii ki, hamımıza məlumdur ki, qaçqın qadınların ən böyük problemləri ev problemidir. Hansı ki, onlar qaçqın düşərkən yataqxanalarda, məktəblərdə, yarımçıq tikililərdə məskunlaşıblar. Mən həmin evlərlə bağlı çox problemlər yaşayan qadınlarla tanış olmuşam. Bu problemlər içərisində qadınlara-qaçqın düşmüş, qaçqınlığın bütün dəhşətini yaşayan, onsuz da həyatında qaçqınlıq kimi bir faciəni yaşayan qadınlarımıza yönələn şiddətin şahidi olmuşam. Bakıya qaçqınların təzə-təzə gəldiyi vaxtlarda 9-cu mikrorayon adlanan ərazidə hansısa zavodun nəzdində tikilmiş bir bina olub. Həmin vaxtı bəzi qaçqın və məcburi köçkün ailələri o binada məskunlaşıblar. Zaman keçdikcə, həmin ailələr öz hesablarına yarımçıq binanı təmir ediblər. Özlərinə normal qapı-pəncərə qoyublar, bir sözlə, bacardıqları kimi şərait qurublar. Üstündən uzun illər keçdikdən sonra həmin zavod sahibləri öz işçilərinə qaçqınların məskunlaşdığı mənzillərdə yaşamaq üçün orderlər paylayıb. Təbii ki, mənə elə gəlir ki, neçə illərdir qaçqın ailələrin bu binada yaşadıqlarını və onların getməyə başqa bir yerlərinin olmadıqlarını gördükdən sonra zavodun belə bir addım atması anlamsız idi. Lakin zavod bu evlərə orderləri payladıqdan sonra işçilər məhkəməyə müraciət etdilər və məhkəmə də həmin işçilərə qaçqın ailələrini o evlərdən çıxarmaq hüququ verdi. İşçilər qaçqınları evlərdən çıxardıqdan sonra qaçqın ailələri- qadınlar getməyə yerləri olmadıqları üçün mitinq etməyə başladılar. Həmin mitinqdə polislər o qaçqın qadınlarla çox kobud rəftar etdi. O qadınların hamısını maşınlara mindirib polis idarəsinə apardılar. Bir neçə müddət onları orada saxladılar. Sanki həmin qadınlar hansısa bir cinayət əməli törətmişdilər. Bilirsiniz, düşünürəm ki, ev problemi qaçqın qadınlarımızın ən böyük problemlərindən biridir. Məndə olan məlumata görə, bu gün də başqasının evində yaşamağa məcbur olan 500 qaçqın və məcburi köçkün ailəsi qalmaqdadır. Daha bir problem qadınlarımızın işsizlik problemidir. İnanın, nə diplomu olanlar işləyə bilir, nə də diplomsuzlar. Mən o qədər qaçqın ailəsi tanıyıram ki, diplomu ola-ola iş tapa bilmirlər. Mən Xırdalanda da qaçqın qadınların hüquqlarının pozulması faktı ilə üzbəüz qalmışam. Həmin qaçqın ailələri mənə müraciət etdilər, mən tam 6 aydan sonra bu problemin həllinə nail oldum. Xırdalanda qaçqınların qaldığı yaşayış yerində qaz sistemi bütün ailələr üçün eyni yerdən çəkilmişdi. Hansı ki, həmin ailələrin eləsi var ki, onun 3 üzvü var, eləsi də var ki, 7-8 və daha çox. Bu da qazın pulunun ödənilməsində problem yaradırdı. Yəni ailələrin hamısından eyni məbləğ tələb olunurdu. Bu problemin həlli üçün tam 6 ay həmin ailələrə qaz verilişi dayandırıldı. Həmin evlərin qadınları 6 ay qışın günündə zülm çəkdilər. Yəni qaçqın ailələrimizin, xüsusən də xanımlarımızın əziyyət çəkdikləri bir çox nüanslar var. Bütün bunların əvvəlində təbii ki, Qarabağın işğaldan azad olunması dayanır, amma burda da onlar çox problemlərlə üz-üzə dayanmalı olurlar".
   
   Keçmiş millət vəkili Aynur Camalqızı:
   
   "Əslində əyalətlərimizdə yaşayan qadınların hamısı təxminən eyni problemlərdən əziyyət çəkirlər. Amma qaçqın və məcburi-köçkün ailələrindən olan qadınlarımızı digər qadınlardan ayıran ən başlıca fərq odur ki, bu qadınlar öz evlərindən didərgin düşüblər. Onlar öz doğma torpaqlarından, illər ərzində özlərinə qurduqları şəraitdən, yaratdıqları ev-eşiklərindən qaçqın düşüblər. Bilirsiniz ki, rayon yerlərində, kəndlərdə bir evi tam qurub-yaratmaq üçün bir ailəyə bəzən 30-40 il vaxt lazım olur. Onlar özlərinə məxsus bir şərait yarada bilmək üçün, o evə lazım olan əşyaları almaq üçün bəzən illərlə işləməli, əziyyət çəkməli olurlar. Yəni belə ev-eşikləri qurub yaratmaq heç də bir göz qırpımında olan iş deyil. İnsanlar bunu qazanmaq üçün həyatları boyu işdə-gücdə, əziyyət çəkməkdə olurlar. Bu, onların canı-qanı bahasına, illərlə çəkdikləri həqiqi zəhmət hesabına başa gəlir. Yəni təsəvvür edin ki, bu insanlar 30-40 ilə yaratdıqları şəraitlərindən, evlərindən, təsərrüfatlarından, mal-qaralarından, əmlaklarından təcrid olunublar. Yəni zorla sahib olduqları hər bir şeydən imtina etməli olublar. Məcburi köçkün kimi çadırlarda, alaçıqlarda yaşamağa məhkum olunublar. Təbii ki, bu proseslər birinci növbədə bu ailələrin-qadınların həyatında çox ciddi, mənəvi, psixoloji işgəncə, əzab deməkdir. İlk növbədə qaçqın və məcburi köçkün olan qadınlardan danışanda, bu amili qabartmaq lazımdır. Həmin qadınlar bu gün öz övladlarını min bir əzab-əziyyətlə, zülmlə qurduqları evlərində böyüdə bilmirlər. Bu gün onlar məcbur qalıb hansısa bir çadırda, alaçıqlarda yaşayırlar. Təbii ki, qaçqın qadınların ən böyük problemi bu amillərdir və onların ən böyük istəkləri Dağlıq Qarabağın işğaldan azad olunmasıdır".
İzolda Heydərqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
Oxunub: 2865
ARXİV
Qaçqın qadınların ən böyük dərdi yurd həsrətidi
Flora Xəlilzadə: "Mən o qədər qadın tanıyıram ki, ancaq doğma torpağında ölməyi arzulayır"
Qaçqınların mülkiyyət hüququ Avropa Məhkəməsində
Qurban Məmmədov: "Müraciətin siyasi məsələnin və ya cinayət prosesinin nəticəsi olmasının heç bir əhəmiyyəti yoxdur"
Bu gün 22 min şagird imtahan verməlidir
Şaxtalı havaların mərkəzləşdirilmiş sınaq imtahanına təsir edəcəyi istisna olunmur
Xankəndi və Ağdərənin icra strukturları yaradılmalıdır
Əliməmməd Nuriyev: "Onları icma halında birləşdirmək lazımdır"
 
spacer
  Copyright (c) 2005-2012 Bütün haqqları qorunur.
Content by azDesign.ws