Şərq qəzeti
http://www.sherg.az/2012/08/15/read=53503



Valideynlər ayıq olmalıdır
Vahid məktəbli formasına keçiddə də şəxsi maraqlar güdülür
"Biz bilməliyik, balalarımızın gələcəyi ilə oynayan kimlərdir"

Yeni tədris ilinin başlanmasına tam 1 ay qaldığı bir vaxtda vahid məktəbli forması problemi yenə gündəmdədir. Hələ ki, satış mərkəzlərindəki sıxlıq və geyimlərin bahalığından danışılmır. Yəqin ona görə ki, valideynlər hələ "ayılmayıb". Satış mərkəzlərinə axın etmək üçün avqustun sonunu, sentyabrın əvvəlini gözləyirlər.
   
   Vahid məktəbli geyimlərinin tikilişi həvalə edilmiş Bakı Tikiş Evi bütün ölçülərdə geyimlərin artıq çoxdan hazır olduğunu və satış mərkəzlərinə paylandığını desə də, bizim valideynlər istirahətlərini bu tezliklə pozmaq niyyətində görünmürlər. İndilik mövzu məktəbli geyimlərinin keyfiyyəti, məktəb formalarının bəzi hallarda təhlükəli olması ilə bağlıdır. Bakı Tikiş Evi isə bununla bağlı məlumat yayıb ki, vahid məktəbli formalarının qeyri-leqal istehsalı ilə məşğul olan müəssisələr var, onlar BTE-nin istehsal etdiyi məktəbli geyimlərinə bənzər geyimlər istehsal edir. Qeyri-qanuni fəaliyyət göstərən bu müəssisələr BTE-nin istehsal nişanını saxtalaşdırırlar. Həmin müəssisələr istehsal üçün uyğunluq sertifikatı almadıqlarından geyimlərin tikilməsində uşaq orqanizmi üçün zərərli ola biləcək parçalardan istifadə edirlər. BTE isə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, həmçinin Avropa laboratoriyasının sertifikatını alıb. Bu sənədlər BTE-nin geyimlərinin uşaqlar üçün heç bir zərəri olmadığını təsdiqləyir. Yəni BTE valideynləri yalnız bu fabrikin istehsal etdiyi geyimləri almağa çağırır. Dolayısı ilə bu, vahid məktəbli formalarının bir əldə cəmləşməsi deməkdir. Halbuki vahid məktəbli formasına keçid haqda qərar veriləndən təhsil ekspertləri, ziyalılar bu sahədə monopoliya yaradılmasının mənfi nəticələrə gətirib çıxaracağını bildirmişdilər. Müsbət nəticə və irəliləyiş yalnız sağlam rəqabət olan yerdə mümkündür. Bu olmayanda isə müxtəlif şayiələr, mülahizələr baş alıb gedir. Həqiqətən də valideyn hansı məktəbli geyiminin daha sağlıqlı olduğunu necə təyin etsin? Çox da ki, BTE sertifikat alıb. Bu sertifikatın qanunsuz yolla əldə edilmədiyi nə məlum?!
   
   Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq"ə açıqlamasında vahid məktəbli forması ilə bağlı bu il eyni problemlər yaşandığından təəssüfləndiyini bildirdi:
   
   - Vahid məktəbli formasına keçid yaxşıdır, amma valideyni məcbur etmək ki, get, filan yerdən al, bu qətiyyən düzgün deyil və qanun pozuntusudur. Formada, geyimdə məcburiyyət olmamalıdır. Əvvəla, məktəbli geyiminin satışının kifayət qədər çox mağazada təşkil olunması təmin edilməlidir. Valideynlərə seçim imkanı verilməlidir. Elə ailələr var ki, həqiqətən də imkansızdılar. Bəlkə kimsə oxşar parça alıb uşağına özü forma tikəcək, yaxud tikdirəcək? Təhsil Nazirliyi sadəcə vahid məktəbli formasının quruluşunu, rəngini təyin etməlidir. Yoxsa, məktəbli geyimi mütləq bu parçadan olmalıdır və ancaq bir fabrikin istehsal etdiyi forma olmalıdır, bu, yaramaz. Monopoliya belə yaranır. Bazar iqtisadiyyatı mühitində sağlam rəqabət olmalıdır. Müəssisələr yaxşı məhsul istehsalı uğrunda yarışmalıdır, yaxşı, keyfiyyətli məhsul ortaya qoyan da iqtisadi gəlir əldə etməlidir. BTE iddia edir ki, məhz onun istehsal etdiyi geyimlər keyfiyyətlidir, digərləri yox. Bunu necə təsdiqləyirlər? Ötən tədris ilində də valideynlər mənə zəng edib geyimin keyfiyyətsizliyindən şikayətlənirdilər. Problem bundadır ki, formalar sintetik parçadan tikilir. Elə uşaqlar var ki, sintetik parça onlarda allergik reaksiya verir. Sintetik parçalar ümumiyyətlə uşağın fizioloji inkişafı üçün zərərlidir. Niyə bu formanı təsdiq edənlər uşaqlarımızın sağlamlığını nəzərə almayıb? Uşaqlar 5 saat niyə bu sintetik parçanın içində boğulmalıdır? Məktəbli forması təbii parçalardan, tərkibində az miqdar süni liflər olan parçalardan tikilməli idi.
   
   Yadınıza salın, bəyənmədiyimiz sovet vaxtı məktəbli formaları hansı parçalardan tikilirdi; payız-yaz mövsümü üçün formalar ağ çit köynəklərdən, şalvar, ətəklər isə kətandan olurdu. Qış geyimləri isə nisbətən qalın şal parçalardan tikilirdi. Uzun müddət də istifadəyə yararlı olurdular. İndiki formaları uşaqlar bir mövsümdən artıq geyinə bilmir. Çünki geyimlər keyfiyyətsiz olduğundan tez sıradan çıxırlar. Görünən budur ki, nə uşaqların sağlamlığı, nə də onların məktəbə gedib-getməyəcəyi kimisə maraqlandırır. Bir halda ki, Bakı Tikiş Evi geyimlərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqləndiyini deyir, bununla bağlı ictimaiyyətə geniş açıqlama verilməlidir ki, valideyn aldığı geyimin necə istehsal olunduğunu bilsin. Uşağın gələcək həyatına, fiziki inkişafına zərər verəcək parçalardan tikilmiş geyimləri almasınlar. Ola bilsin, indi bu uşaqlar balacadır, zərərli parçaların təsiri o qədər də hiss olunmur, amma onlar böyüdükcə bu zərər özünü mütləq göstərəcək. Ötən tədris ilində də məktəbli formalarının saxta yolla Çində istehsal olunub ölkəyə gətirildiyi deyilirdi. Hətta yadınızdadırsa, parlamentdə də bu məsələ qaldırıldı. Amma bir nəticəsi olmadı. Çünki bu işlərlə rəsmi orqanlar məşğul olmalıdır. Biz bilməliyik, balalarımızın gələcəyi ilə oynayan kimlərdir.
   
   Ə.Ağayev məktəbli formalarının qiymətinə də diqqət çəkdi və bəzi ailələrin bu məsələdə çətinlik yaşadığını bildirdi:
   
   - Həqiqətən də aztəminatlı ailələr var, onlar üçün 2-3 uşağa birdən geyim almaq çox çətindir. Sovet vaxtı İcbari Təhsil Fondu vardı. Aztəminatlı ailələrin uşaqlarına məktəbli forması, dərs ləvazimatları pulsuz verilirdi. İndi belə fondlar yoxdur. Bu məsələni Nazirlər Kabineti müzakirə etməlidir. Əhalinin iqtisadi durumu nəzərə alınaraq xüsusi fondlar yaradılmalıdır ki, aztəminatlı ailələrin uşaqları məktəbli forması ilə təmin edilsin. Dövlət strukturları ehtiyacı olan uşaqların məktəbə getməsini təmin etməlidir. Amma belə görünür ki, vahid məktəbli formasına keçiddə də şəxsi maraqlar güdülür. Müxtəlif adamlar tərəfindən iş elə qurulub ki, proses bir mərkəzdən idarə olunur. Valideynlərə tapşırılır ki, ancaq Bakı Tikiş Evinin məktəbli geyimlərini alsınlar və s. Bu da vahid məktəbli geyimi məsələsində bu cür problemlər yaradır.
   
   
Məlahət Rzayeva




Bu yazı ÇAP ET.