2015-10-15 00:32:58   |   5869 dəfə oxunub

Qanun gəlir, xəbəriniz olsun

Qızlarını erkən yaşda ərə verən valideynlər məsuliyyətə cəlb olunacaq




Azərbaycanda "Valideyn məsuliyyəti haqqında” qanun layihəsinin qəbulu gündəmə gəlib. Sözügedən qanun layihəsində öz əksini tapan məsələlərdən biri də erkən ərə verilən qızların valideynlərinin məsuliyyətə cəlb edilməsi məsələsidir.

Bu gün qızların erkən yaşda ailə qurmaları və təcavüzə məruz qalmalarının əsas məsuliyyətinin valideynlərdə olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, Komitə tərəfindən hazırlanan "Valideyn məsuliyyəti haqqında” qanun layihəsi qəbul olunarsa, valideynlər öz məsuliyyətini hiss edərlər və erkən yaşda qız uşaqlarını ərə verməzlər.

S.Qəhrəmanova erkən nikahların yaşandığı regionlar içərisində cənub zonasını xüsusi vurğulayıb: "Bu yaxınlarda Masallıda olduq, Neftçalada layihəmiz davam edir. Regionların Qadın Resurs mərkəzlərini yaradırıq. Sabirabad, Neftçala, Masallı rayonlarında bu layihə həyata keçirilir və düşünürük ki, bütün regionlarda reallaşdıraq. Yəni hər bir problemin həllində o problemi yaradan hədəfləri tapmaq lazımdır. Hədəfləri tapıb, onlara sözümüzü deyirik. Əsas məsələ insan şüuruna təsir etmək və hüquqi bazanı gücləndirməkdir. İnsanlar belədir, qanun onların qarşısını daha güclü alır və maarifləndirmə şüurlarına nə dərəcədə təsir edirsə, biz nəticə ala bilirik”. Komitə sədrinin müavini bu gün qızların ailə daxilində təcavüzə məruz qalmasına görə də anaların məsuliyyətsiz olduğunu qeyd edib. Ailədə uşaqların, əsas da qızların tərbiyəsində ananın rolunun çox böyük olduğunu deyən Sədaqət xanım hesab edir ki, analar
həssas olmalıdır: "Təcavüzü edən kişi cinsidir. Ana öz qızının üzərində diqqətli olmalıdır. Burada onun hərəkətini duymalıdır, hiss etməlidir. Əgər bunu duymursa, iş-işdən keçəndən sonra bunlar hamısı bəlli olursa, o ana analıq vəzifəsindən istifadə edə bilmir”. Qeyd edək ki, S.Qəhrəmanova "Valideyn məsuliyyəti haqqında” qanun layihəsinin hələ hökumətdə olduğunu qeyd edib: "Prosedur qaydalarına uyğun olaraq baxılıb Milli Məclisə təqdim olunmalıdır və Milli Məclisdə müvafiq komitə ona baxmalıdır”.

"Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə deyib ki, bu məsələni dəfələrlə media vasitəsilə qaldırıblar ki, erkən ərə verilən qızlarla bağlı valideynin cəzalandırılması metoduna əl atılsın, bu haqda qanunvericiliyə maddə əlavə edilsin: "Bu məsələni bir daha gündəmə gətirdiyi üçün Sədaqət xanıma da təşəkkür edirəm. Erkən ərə verilən qızlar valideyn tərəfindən məcbur edilirsə, o zaman həmin valideynə cinayət məsuliyyəti tətbiq edilməlidir. Məncə, indiki vəziyyətdə problemin qarşısını almaq üçün ən çox bu vasitəyə əl atmaq olar”.

15-16 yaşlı qızların əksər hallarda öz xoşu ilə ərə getmədiyini vurğulayan Birlik rəhbərinin sözlərinə görə, bu cür hallarda qarşı tərəflə yanaşı, qızın valideynləri də cəzalandırılmalıdır. Qəbul olunacağı halda bu qanunun icrasının nə dərəcədə real olduğuna gəldikdə isə M.Zeynalova bunun mümkün olduğunu deyib: "Əgər bu gün ölkədə azyaşlı qızlarla evlənən tərəf məsuliyyətə cəlb olunursa, deməli, uşağın yerinə qərar qəbul edən valideynləri də cəzalandırmaq olar. Ola bilsin ki, 5 ildən sonra həmin maddəyə ehtiyac olmayacaq. Amma bugünkü gündə biz hər nə qədər qızların erkən yaşda evləndirilməsinə görə valideynləri qınasaq da, onlar heç cür özlərinə yığılmırlar. Belə getsə, bir azdan körpə yaşda qızlarını ərə verən valideynlər valideynlik hüququndan da məhrum ediləcək. Hazırlaşsınlar!!!”.

Hüquq müdafiəçisinin sözlərinə görə, erkən nikahlarda valideynlər yalnız o halda məsuliyyət daşımayacaq ki, bu evlilik qızların öz razılığı ilə baş tutmuş olsun: "Əgər qız uşaqları öz xoşu ilə qoşulub qaçıbsa, yaxud da evlənmək qərarı veribsə, burada artıq valideynlər cinayət məsuliyyəti daşımır. Amma istənilən halda azyaşlı qız uşaqlarının evlilik qərarı almasında onların rolu var. O yaşda olan qızların elmə, təhsilə marağını artırmaq lazımdır. Burada isə əsas yük məktəb və valideynlərin üzərinə düşür. 15-16 yaşlı qızlar o vaxt oğlana qoşulub gedir ki, asudə vaxtının təşkili və təhsilə marağı düzgün istiqamətləndirilməyib. Bunun bir səbəbi də evliliyin körpə yaşlarından qız uşaqlarının beyninə yeridilməsidir. Bəzi ailələrdə qızların təhsilindən çox onların cehizinə və evləndirilməsinə diqqət ayrılır. Bu da təbii ki, sonda xoşagəlməz nəticələr verir. Amma buna rəğmən "Valideyn məsuliyyəti haqqında” qanun qızları zorla evləndirən valideynlərə şamil edilməlidir. Digərləri ilə maarifləndirici söhbətlər aparılmalı və onlara ilk növbədə qızlarına təhsil verməyin vacibliyi aşılanmalıdır”.

Şəymən






SON XƏBƏRLƏR

2018-11-21