2015-10-15 00:37:02   |   4917 dəfə oxunub

Ailə quran gənclərdən pul tələb olunur

İradə Cavadova: “Nikaha daxil olmaq istəyənlərdən qan analizi və arayışa görə pul tələb etmək cinayətdir”


Bir müddətdir ki, Azərbaycanda cütlüklərin nikaha daxil olması prosesinə dəyişikliklər edilib. Yeniliyə görə, evlənmək istəyənlər tibbi arayış olmadan nikaha daxil ola bilməzlər. Eyni zamanda 3 aydan sonra tibbi arayış təqdim etməyən cütlüklərin nikah bağlaması mümkünsüzdür.

Məlumat üçün bildirək ki, cütlüklərin tibbi müayinədən keçməsi dövlət müəssisələrində aparılmalıdır və bunun üçün heç bir ödəniş tələb olunmamalıdır. Məlumdur ki, həmin dəyişikliklərin tətbiqinə başlananda əksər tibb eksperti bunu müsbət dəyərləndirərək qərarın vaxtında verildiyini və onun gənclərdə nikahdan qabaq yaranmış bir çox infeksion xəstəliklərin qarşısının alınmasında böyük rol oynayacağını söyləyirdi. Buna rəğmən bəziləri isə sözügedən addımın bir çox neqativ işlərə - yeni korrupsiya və rüşvət hallarına yol açacağını iddia edirdi. Təəssüf ki, ikincilərin proqnozları özünü doğrultmağa başlayıb. Bu vəziyyətlə üzləşən əməkdaşımızın bildirdiyinə görə, rayonlarda və eləcə də paytaxtda əksər dövlət tibb müəssisəsi qanuna məhəl qoymadan cütlüklərdən qan analizinə görə 20 manat (hərəsindən 10 manat olmaqla) rüşvət tələb edirlər. Bundan başqa, cütlüklər analizin cavablarına uyğun verilməli olan arayış üçün də ayrıca pul ödəməli olurlar ki, bu da ciddi korrupsiya faktoru deməkdir. Maraqlıdır, bu cür özbaşınalığa yol verən səhiyyə işçilərini hansı cəzalar gözləyir?

Sualımızı cavablandıran tanınmış vəkil İradə Cavadova bildirib ki, analizə və arayışa görə cütlüklərdən ödəniş tələb etmək qanunsuzdur: "Baxın, bu proses dövlət müəssisələrində həyata keçirilir. Dövlət bunun xərcini öz üzərinə götürüb. Onun ödənişsiz olması qanunda da göstərilib. Görünür, o cür tibb müəssisələri qanuna əməl etmək istəmir. Halbuki həmin səhiyyə ocaqları vətəndaşları məlumatlandırmalıdırlar ki, nikaha daxil olmaq üçün tələb olunan tibbi arayış pulsuzdur. Bunu etmirlərsə, vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən istehlakçı hüquqlarının qorunması üzrə departamentə müraciət edə bilərlər. Ora bir şikayət ünvanlanmalıdır ki, tibb müəssisələrində buna dair lövhələr niyə yoxdur. Əslində sözügedən nazirlik buna ciddi nəzarət etməlidir. Digər yandan Səhiyyə Nazirliyinin "qaynar xətt”i fəaliyyət göstərir. Belə hallarda sakinlər "qaynar xətt”ə - 9103-ə zəng vurub, problemlərini çatdıra bilərlər”.

Müsahibimizin fikrincə, nikaha daxil olmaq istəyənlərdən qan analizi və arayışa görə pul tələb etmək cinayətdir: "Bu yola gedən səhiyyə işçiləri ciddi qanun pozuntusuna yol verirlər. Çünki qanunvericilikdə nəzərdə tutulub ki, tibbi arayış pulsuzdur. Səhiyyə işçisi qeyri-qanuni pul tələb edirsə, bu, rüşvət sayılır. Yəni o, rüşvət alır. Lakin vətəndaşlar şikayətlərini, etirazlarını bildirmirlər. Bunun da səbəbi var. Çünki vətəndaş bilir ki, şikayət edərsə, onun işi çətinə düşəcək. Onu çox get-gələ salacaqlar. Vətəndaş da bunları yaşamamaq üçün tələb olunan rüşvəti verir. Ona görə də tibbi arayışın verilməsi prosesini şəffaflaşdırmaq məqsədilə hüquq- mühafizə orqanları buna nəzarət etməlidir. Bir sözlə, prosesə nəzarəti gücləndirmək lazımdır. Belə olarsa, vətəndaşlar əziyyət çəkməz. Əks halda, o cür poliklinikalar "pul yığımını davam etdirəcək”.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21