2015-10-15 00:42:19   |   5763 dəfə oxunub

İndi hansı zəmanədir?

Qış, yay mövsümü söhbəti sovet dövründən qalıb

"Bəlkə elə noyabr ayının 10-da qar yağdı, çovğun oldu? Bina sakinləri sətəlcəm olub, ölməlidir? Binaların istilik təchizatı elə qurulmalıdır ki, əhali istədiyi vaxt istədiyi istiliyi əldə edə bilsin"



Bu payız yaman sərt gəldi. Son bir həftədə ölkədə əməlli-başlı "qış havası” yaşanır. Havaların qəfildən soyuması fonunda insanları qayğılandıran məsələlərdən biri də mənzillərin istiliklə təmin olunmasıdır. Belə ki, havanın temperaturu aşağı düşdükcə, mənzillərimiz də soyuyur. Əlaqədar qurumlar isə istilik sisteminin noyabrın 15-i qış mövsümünün başlanması ilə işə salınacağını bildirirlər.

"Azəristiliktəchizat”dan verilən məlumatda bildirilib ki, bu qış Bakıda mərkəzi istilik təminatı sahəsində çətinlik olmayacaq. Bunun üçün cəmiyyət genişmiqyaslı hazırlıq işləri aparır. Qurum sakinlərə də xəbərdarlıq edir: "Köhnə borular yeniləri ilə əvəz edilir, qazanxanalarda yoxlama işləri aparılır. Bakıda mərkəzi istilik sistemində problem yaşanmasın deyə "Azəristiliktəchizat” qışa hazırlıq görür. Binəqədi və Nərimanov rayonunun bir hissəsini istiliklə təmin edən xətlər çürüdüyünə görə dəyişdirilir.

İdarə paytaxt sakinlərinə müraciət edir ki, noyabrın 15-dək kəsilmiş istilik boruları bərpa edilsin. Əks halda, həmin mənzillə yanaşı, ondan yuxarıdakılara da istilik verilməyəcək. İstiliyin fasiləsiz verilməsi üçün qazanxanalarda da iş aparılır”.

Bəs həmin vaxta qədər sakinlər soyuqdan donmalıdır?

Qeyd edək ki, millət vəkili Fazil Mustafa da ötən gün parlamentdə keçirilən büdcə müzakirələri zamanı binaların istiliklə təmin edilməsi məsələsini qaldırıb. Deputat hesab edir ki, xüsusilə də mənzil-istismar sahələrinin tabeliyindəki binalarda bu məsələ birdəfəlik həll edilməlidir.

"Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov isə "Şərq”ə açıqlamasında binaların istilik təchizatı ilə bağlı çox böyük boşluqlar olduğunu deyib. Onun sözlərinə görə, binaların istilik sistemi hələ də sovet dövründən qalma qaydalarla təchiz olunur: "Qış mövsümü, yay mövsümü söhbəti sovet vaxtında qaldı. İndi hansı dövrdür ki, mövsüm söhbəti aparırlar. Şükür Allaha, təbii qazımız bol, enerjimiz bol. Qış-yaz mövsümü söhbəti çoxdan bitib. O sovet vaxtı idi, noyabrın 15-dən etibarən qış mövsümünə keçid edilirdi və qazın təzyiqi artırılırdı. Ta ki, aprel ayınadək. O qanun artıq mahiyyətini itirib. Bəlkə elə noyabr ayının 10-da qar yağdı, çovğun oldu? Bina sakinləri sətəlcəm olub, ölməlidir? Binaların istilik təchizatı elə qurulmalıdır ki, əhali istədiyi vaxt istədiyi istiliyi əldə edə bilsin. Payız fəsli dəyişkəndir. Havalar tez-tez soyuyur. Mənzillərin soyuq olması da qrip epidemiyasının yayılmasına səbəb olur”.

Fazil Mustafanın binaların istilik problemini Milli Məclisdə haqlı olaraq qaldırdığını vurğulayan N.Qasımov deyib ki, bu problemi doğuran əsas səbəb qazanxanaların noyabrın 15-dən sonra işə düşməsidir: "Artıq ölkədə sayğac sisteminə keçilib. Abonent nə qədər qaz sərf edirsə, onun da pulunu ödəyir. Sayğac sisteminə keçilibsə, təbii qaz yay-qış, fərqi yoxdur, eyni təzyiqlə

verilməlidir. Təbii ki, yayda az istifadə olunacaq, havalar soyuyanda isə çox. Bəzi binalar qazanxana tipli istiliklə təchiz olunur. Amma xarici temperaturun kütləvi istehlakçıya heç bir aidiyyəti yoxdur. Fərdi evlər, qaz sayğacı quraşdırılmış binalara qaz həmişəki normal təzyiqi ilə verilməlidir. Temperatur aşağı düşdükcə, qaz sərfiyyatı artır”.

Binaların istilik təchizatında MİS-lərin roluna gəldikdə isə ekspert mənzil-istismar sahələrinin yararsız bir qurum olduğunu bəyan edib: "Onların fəaliyyətinin əhaliyə heç bir faydası yoxdur. Əksinə, "n” sayda ziyanları var. Onların əsas vəzifələri yaşayış yeri haqqında arayış verməməklə vətəndaşları sıxışdırmaq və kommunal xidmətləri yığmaqdan ibarətdir. Vətəndaşların problemini həll etməyəndən sonra "JEK”-lər nəyə lazımdır?”

N.Qasımovun sözlərinə görə, MİS-lər ləğv olunmalı və bina sakinləri tədricən onları əvəz etməlidir: "Bu baş verərsə, binalardakı bir sıra problemlər həllini tapmış olar. Bina sakinləri özləri yığışıb fəal sakinlərdən ibarət bir qrup yaratmalı və binanın idarəedicisini seçməlidirlər. Çünki hər bir mənzil sahibi binada ümumi payda mülkiyyətçidir. Onlar özləri binanı idarə etməlidir. Öz aralarında yığdıqları vəsaitlə də binanın saxlanması, təmiri və digər məsələləri özləri həll etməlidirlər”.

Şəymən






SON XƏBƏRLƏR

2018-09-26