2015-10-21 00:04:33   |   6261 dəfə oxunub

Siyasilərin Ankara terroruna baxışları fərqlidir

Səfirliyin, konsulluğun işi yalnız viza verməkdən ibarət deyil

Xaricdəki azərbaycanlılar nəzarətdə saxlanmalı, onlarla iş aparılmalıdır





Ankarada baş verən qanlı terror aktında şübhəli bilinənlər arasında Azərbaycan vətəndaşının olması ölkə gündəminin müzakirə mövzusuna çevrilib. Aparılan son araşdırmalarda 100 nəfərin ölümünə səbəb olan terror hadisəsində Azərbaycan vətəndaşı Ülkər Məmmədovanın da əli olması təsdiqlənib.

Rəsmilər isə açıqlama verib ki, partlayışda vətəndaşımızın adının hallanmasına görə, Azərbaycan dövləti məsuliyyət daşımır. Çünki Ü.Məmmədova xeyli müddətdir Türkiyədə yaşayıb və onun ölkəsi əlaqəsi olmayıb. Bu səbəbdən bir sıra ekspertlər hesab edirlər ki, xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımız orada yaşayan vətəndaşlarımıza güclü nəzarət etməlidir. Yalnız bu halda vətəndaşlarımızın müxtəlif radikal qruplaşmalara qoşulmasının qarşısını almaq mümkün olar.
 KXCP sədrinin müavini Xəzər Teyyublu deyir ki, səfirliyin və ya konsulluğun işi sadəcə insanlara viza verməkdən ibarət deyil: "Bu qurumların əsas işi xarici ölkədə yaşayan vətəndaşlarımızın həyat və fəaliyyətinə nəzarət etməkdir. Səfirlik işçiləri vətəndaşları əməkdaşlığa cəlb etməli, onlarla daim işləməlidir. Xaricdə yaşayan soydaşlarımızın hamısı qeydiyyata alınmalı və onlara maarifləndirici bilgilər verilməlidir. Çünki radikal qruplara qoşulanların əksəriyyəti bunu savadsızlıqdan və məlumatsızlıqdan edirlər. Əgər vaxtında ciddi nəzarət mexanizmi həyata keçirilməzsə, bu cür fəsadların qarşısını almaq mümkün olmayacaq”.

VİP sədri Əli Əliyev isə düşünür ki, problemin kökünü Azərbaycanın daxilində axtarmaq lazımdır. Sadəcə xaricə köklənmək yanlışdır:

"Son hadisədən xeyli əvvəl İstanbulda sələfi-vəhhabi qruplaşmasının böyük bir mərkəzi aşkarlandı. Həmin qruplaşmanın içində bir neçə Azərbaycan vətəndaşı da var idi. Hətta daha sonra məlum oldu ki, tutulan azərbaycanlılar aparıcı sektanın rəhbərləri imiş. İllərdir Azərbaycan daxilində də radikal qruplaşma üzvləri həbs olunurlar və onların gizləndikləri məkanlarda çoxlu silah-sursat ələ keçirilir. Ancaq ölkəmizdə təhlükəsizlik tədbirləri güclənməlidir. Dövlət orqanları Azərbaycana yad olan bütün dini sektaların fəaliyyətinə nəzarəti artırmalıdır. Təhlükəli qrupların saylarını artırmasına imkan vermək olmaz. Çalışmalıyıq ki, onların fəaliyyəti üçün münbit şərait yaranmasın”. Ə.Əliyevin sözlərinə görə, İŞİD faktoru artıq qlobal bəlaya çevrilib: "Kimlərsə bu cür qruplar üzərindən öz məqsədlərini həyata keçirməyə, ölkəmizi qaralamağa çalışırlar. Lakin qətiyyən Azərbaycan ictimaiyyətini İŞİD-çi kimi, terrorçuluğa meyl edən bir toplum kimi təqdim etmək olmaz. Çünki tək Azərbaycanda deyil, bütün ölkələrdə, hətta inkişaf etmiş Avropa dövlətlərində belə İŞİD-ə qoşulan yüzlərlə əcnəbi vətəndaş var. Onların hamısı istənilən ölkədə terror hadisəsi törədə bilərlər. Anlamaq lazımdır ki, qanundan və mənəviyyatdan uzaq düşmüş müəyyən bir təbəqə var və onların milliyəti heç bir mahiyyət kəsb etmir”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18