2015-10-21 00:06:00   |   6497 dəfə oxunub

“Rusiya Türkiyəni raket atəşinə tuta bilər?”

Qabil Hüseynli: “İnandırıcı deyil ki, NATO dura-dura Türkiyə Rusiya ilə müharibə aparsın”




Türkiyə hərbi helikopterinin Ermənistanın hava məkanını pozmasına cavab olaraq Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına məxsus təyyarələr havaya qalxıb. Bu barədə Ermənistanın "Jamanak” qəzeti xəbər yayıb. Ermənistanın hava məkanının pozulması barədə siqnal qəbul olunan kimi "Miq-29” tipli qırıcı təyyarə havaya yüksəlib.

Lakin Rusiyaya məxsus təyyarə hadisə yerinə çatana qədər Türkiyə helikopteri Ermənistanın hava məkanını tərk edib. Bir sıra ekspertlər son aylar Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin hərbi əməliyyatlar müstəvisinə keçəcəyini iddia ediblər. Prosesləri şərh edən politoloq Qabil Hüseynli deyib ki, Türkiyə Atatürkün "yurtda sülh, cihanda sülh” vəsiyyətinə əməl edərək bölgədə müharibələrdən qaçır. Rusiya kimi qana susamış bir ölkə ilə müharibəyə getmək intihar olardı: "Lokal toqquşmaların olması gözləniləndir. Ancaq Türkiyənin strateji maraqları Rusiya ilə müharibəyə getməyi tələb etmir. Rusiya ABŞ və NATO-ya qarşıdır. Amma Qərb ölkələri Türkiyəni tək qoyublar. Hətta Rusiya Türkiyə sərhədini pozanda belə, NATO Moskvanın "xətrinə” dəymədi.

İnandırıcı deyil ki, NATO dura-dura Türkiyə Rusiya ilə müharibə aparsın. Türkiyənin bu addımı ağılsızlıq olardı. Əgər NATO səfərbər olsa, bütün resurslarını Rusiyaya qarşı yönəltsə, Türkiyə bu addımı ata bilər. Əslində hər iki tərəfin biri-birini sərt ittiham etməsi normaldır. Ancaq məsələ burasındadır ki, Rusiya normal bir dövlət deyil”. Q.Hüseynlinin sözlərinə görə, lokal bir toqquşma olarsa, Rusiya Xəzər və Qara dənizdən Türkiyəni raket atəşinə tutacaq: "Təbii ki, NATO-nun Türkiyəni tək qoyması onun nüfuzuna zərbə vurur. Belə yanaşması ilə hərbi alyans özünü biabır edir. Hesab edirəm ki, Türkiyənin son zamanlar səsləndirdiyi sərt bəyanatlar və Kremlə, türklər demişkən, "kafa tutması” rəsmi Ankaranın NATO ilə razılığa gəldiyini göstərir. Əks halda, Türkiyə Rusiyanı qıcıqlandıracaq hərəkətlərə rəvac verməz. Çünki təkbaşına Rusiya ilə döyüş mümkünsüzdür. Buna yol verən siyasətçi çox ciddi xətaya yol vermiş olar”. Politoloq bildirib ki, Rusiyanın siyasi elitasının hərəkətlərini proqnozlaşdırmaq mümkün deyil: "Rusiya lokal münaqişəyə görə, hətta atom bombası da ata bilər. ABŞ-ın nüvə qalxanı isə Türkiyəni deyil, Avropanı əhatə edir”. Xatırladaq ki, 1947-ci ildə SSRİ Türkiyəni işğal etmək istəyərkən NATO Türkiyəni hərbi alyansın tərkibinə daxil edərək, rəsmi Ankaranı işğaldan xilas edib.

İsmayıl






SON XƏBƏRLƏR

2018-12-11