2015-10-21 00:08:01   |   5635 dəfə oxunub

Azərbaycan mediasında siyasi təhlillər çox az görünür

Mehman Əliyev: “Hamı gedib xəbər yazır. Çünki xəbər daha asan janrdır”

Vüsal Məmmədov: “Vəziyyətdən çıxış yolu budur ki, biz universitetlərdə, müxtəlif araşdırma mərkəzlərində, institutlarda çalışan elm adamlarını öz sahələri üzrə ekspert qismində media ilə əməkdaşlığa cəlb etməl


Elxan Şahinoğlu: "Siyasi təhlilə vaxt və enerji çox sərf olunur. Amma  bəzən görürsən ki, repartyorla təhlilçi eyni qonorar alır”



Zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb.

Bununla yanaşı, Azərbaycan mediasında bir sıra problemlər hələ də həll olunmamış qalır. Belə problemlərdən biri də ölkə mətbuatında yer alan siyasi təhlillərin azlıq təşkil etməsidir. Bunu isə əksər ekspertlər həmin sahənin gəlirli olmaması və jurnalistikada ixtisaslaşmanın aparılmaması ilə izah edir. Əksər ölkələrdə, eləcə də Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə futboldan yazan müxbirə voleybol, yaxud neftdən yazan jurnalistə dolların kursu barədə yazı tapşıra bilməzsən. Amma bizdə... Bizdə vəziyyət başqa cürdür. Bəzən siyasətdən yazan müxbir mədəniyyət sahəsinə baş vurur, mədəniyyətdən yazan müxbir iqtisadi-siyasi təhlil yazır və s. Sonda isə qəzet səhifələrini peşəkarlıqdan uzaq və gülünc yazılar doldurur. İxtisaslaşmanın doğurduğu problemlərdən biri də Azərbaycan jurnalistikasında siyasi təhlillərin az olmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən siyasi dəyişikliklərlə bağlı düzgün təhlil versin.

Jurnalistlərin siyasi təhlil bacarığı və ümumiyyətlə, qəzetlərdə gedən siyasi yazılarla bağlı durumu dəyərləndirmək üçün bir sıra təhlilçi və jurnalistlərlə əlaqə saxladıq. Onlar da Azərbaycan mətbuatında yaşanan siyasi təhlil qıtlığını qonorar azlığı və ixtisaslaşma problemi ilə əlaqələndirib.

"Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev bildirib ki, hər bir təhlili yazmaq üçün müstəqil olmaq lazımdır. Təhlil oxuyan şəxs anlayır ki, bu yazının arxasında kim dayanır. İnsanlar ilk növbədə həqiqəti axtarır. Həqiqəti də yazmaq üçün təhlilçi müstəqil olmalıdı. Belə olan halda yaxşı təhlil ortaya qoymaq mümkündür”.

Həmsöhbətimizin fikrincə, son zamanlar bu janrdan uzaqlaşırlar: "Hamı gedib xəbər yazır. Çünki xəbər daha asan janrdır”.

"Mediada siyasi təhlillərin qıtlığı qonorarın azlığı ilə bağlıdır” iddiasına gəlincə, M.Əliyev deyib ki, bu, doğru yanaşma deyil: "Çünki elə insan var ki, siyasi təhlil yazmağı xoşlayır. Amma indi onlar da yazmır. Ona görə ki, həqiqət olmayan təhlili yazmaq istəmir. Söhbət qonorardan getmir. Bütövlükdə təhlili yazıb, ortaya çıxarmaq üçün bəzi şeyləri açıb xırdalamaq lazımdır”.

Ekspert hesab edir ki, hər jurnalist siyasi təhlil yaza bilməz: "Buna da xüsusi bir qabiliyyət və təcrübə olmalıdır. Təhlil yazmaq kiməsə asan gələ bilər. Amma elə deyil”.

M.Əliyevin sözlərinə görə, mediada siyasi təhlil qıtlığını aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır: "Lakin Azərbaycanda bu istiqamətdə inkişaf getmir. Sanki media bunda maraqlı deyil”.

Azvision.Az saytının baş redaktoru Vüsal Məmmədov da bildirib ki, siyasi təhlil lazımlı və maraqlı olduğu qədər də çətin janrdır: "Onu hər jurnalist yaza bilməz. Bunun üçün ən azı siyasi elmlər üzrə təhsil "baqaj”ı olmalıdır. Politologiyanı, siyasi nəzəriyyəni, beynəlxalq münasibətləri, siyasi tarixi bilməyən adam normal siyasi təhlil ortaya qoya bilməz. Adətən xarici mediada siyasi təhlillərlə jurnalistlər yox, müxtəlif analitik mərkəzlərin, institutların rəhbərləri və araşdırmaçıları çıxış edirlər. Misal üçün, tutaq ki, Amerikanın "X” Araşdırmalar Mərkəzində Azərbaycanı öyrənən "Y” adlı bir analitik var. O, Azərbaycanla bağlı hər şeyi bilir və izləyir - adamın işi bundan ibarətdir. Təbii ki, həmin ekspert yeri gələndə Azərbaycandakı prosesləri təhlil edə biləcək. Amma bizdə belə mütəxəssislər yoxdur, əvəzində hərşeyşünas ekspertlər var ki, bu da qeyri-ciddidir. Burada məsələ təkcə qonorarla bağlı deyil. Siz hansısa jurnalistə çox yüksək qonorar təklif etsəniz belə, o, qısa zamanda, məsələn, Çinin xarici siyasəti üzrə ekspert ola bilməz. Vəziyyətdən çıxış yolu budur ki, biz universitetlərdə, müxtəlif araşdırma mərkəzlərində, institutlarda çalışan elm adamlarını öz sahələri üzrə ekspert qismində media ilə əməkdaşlığa cəlb etməliyik. Daha doğrusu, çoxdan etməliydik, indiyə qədər etməmişiksə, biz jurnalistlərin səhvi və günahıdır”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, jurnalist - politoloq Elxan Şahinoğlu qeyd edib ki, hazırda Azərbaycan mətbuatında siyasi təhlillərə ehtiyac duyulur: "İndi informasiya əsridir. Hamı xəbərləri sosial şəbəkələrdən izləyə bilir. Amma "bu xəbərlərin mahiyyəti və hadisələrin necə inkişaf edəcəyi vətəndaşı həmişə narahat edir. Bu səbəbdən o, həmin məlumatların analizini görmək istəyir. Lakin belə analizlərin sayı çox azdır. Analizlərin olmaması da müəyyən mənada maliyyə ilə bağlıdır. Çünki təhlillər üzərində işləmək çox vaxt tələb edir. Ona görə də zamanında bu işlə məşğul olan xüsusi mərkəzlər də sonradan o işlə ciddi məşğul olmadı. Ən böyük problem də bununla bağlıdır”.

Həmkarımız düşünür ki, bəzən qonorarın azlığı da təhlilçilərin ciddi siyasi təhlillər yazmasına mane olur: "Siyasi təhlilə vaxt və enerji çox sərf olunur. Amma bəzən görürsən ki, repartyorla təhlilçi eyni qonorar alır. Bu artıq siyasi təhlil yazan insanda həvəsi azaldır. Zənnimcə, siyasi təhlillərə verilən dəyər artarsa, təhlilçilər də maraq göstərə bilərlər. Məsələn, mərkəzimiz həftəlik bülleten buraxır. Müəyyən abunəçilərimiz də var. Öz təlillərimizlə bazarda müəyyən qədər rol oynamağa çalışırıq. Təhlillərin qarşılığında hansısa maliyyə güdmürük. Amma görürük ki, bu sahədə boşluqlar var. O boşluğu doldurmaq lazımdır. Ölkədə və ölkə hüdudlarından kənarda siyasi böhran yaşanır. Ölkəmizə qarşı başladılan təhdidlərin səbəblərini analiz etməliyik. Dağlıq Qarabağla bağlı təhlillər yazılmalıdır. Bunu etməliyik ki, müəyyən nəticələr çıxara bilək. Təhlilçilərin sayı çoxalmalıdır ki, rəqabət yaransın və bu sahə inkişaf etsin”.

Ekspertin qənaətincə, siyasi təhlil yazan adam sərbəst olmalıdır: "Məsələn, mən müstəqiləm deyə, bu işi sərbəst görə bilirlər. Kimsə müstəqil deyilsə, onun siyasi təhlili qeyri-obyektiv olacaq. Yəni o, öz istədiyini yaza bilməyəcək. Təhlil isə obyektiv olmalıdır. Ona görə də hansısa təhlili hazırlayarkən təhlilçi müstəqil və sərbəst olmalıdır. Bu olmasa, onun təhlili maraqlı olmayacaq. Yəni təhlilçinin tərəfi olmamalıdır. Tərəfsiz təhlilçi maraqlı analiz ortaya qoya bilər”.

Ekspert deyib ki, hər jurnalist təhlil yaza bilməz: "Jurnalistikaya yeni başlayan insan dərhal təhlilə keçsə, bu, doğru olmayacaq. Birinci, təcrübə qazanmalıdır. Məsələn, Qərb ölkələri və eləcə də Türkiyədə təhlilləri müəyyən həyat təcrübəsi olan insanlardır. Ciddi təhlil üçün həyat təcrübəsi və yaxşı mütaliə lazımdır. Mən özüm də jurnalist olmuşam. Müxtəlif mərhələlər keçmişəm. Əvvəlcə xəbər və reportaj hazırlamışam. Sonra da təhlillər yazmağa başlamışam. Bütün prosesləri izləmişəm. Siyasi təhlildə tarixi hadisələri və siyasi gedişləri bilmək vacibdir. Yəni tarixi və siyasəti bilməlisən”.

"Təhlillər oxunmur” iddiasına toxunan təşkilat sədri söyləyib ki, çox uzun təhlilləri oxuyan az olur: "Belə analizləri yalnız peşəkar oxucular oxuyur. Sıravi vətəndaş oxumur. Bu səbəbdən təhlil çox lakonik və aydın olmalıdır ki, daha çox oxunsun. Qərbdə bu məsələ ön plandadır. Yəni təhlilçilərin əsas hədəfi odur ki, təhlilləri qısa və aydın olsun. Yəni 10 səhifəlik təhlil nə qədər maraqlı olsa da, onu ancaq peşəkarlar oxuyacaq. Təhlilçi yazının oxunmasını istəyirsə, qısa və aydın yazmalıdır”.

Həmsöhbətimiz onu da əlavə edib ki, siyasi təhlilçilərin sayının artmasına dövlət dəstək göstərməlidir: "Bu istiqamətdə dövlətin dəstəyinə ehtiyac var. Dəstək də sifarişlərlə olmalıdır. Yəni mərkəzlərə müxtəlif sifarişlər verilməlidir və həmin sifarişə uyğun maliyyə ödənilməlidir. Belə olan halda təhlillərin sayı çoxala bilər. Hiss edirəm ki, mətbuatda ciddi təhlillərə ehtiyac var. Məsələn, nə zaman hansısa bir təhlili yazıb mediaya ötürsək, dərhal işıqlandırılır. Görürəm ki, medianın ciddi siyasi təhlillərə ehtiyacı var. Problem mediada deyil, problem sifarişlərdədir. Bir daha qeyd edirəm ki, bizim mərkəz sifarişləri gözləmədən təhlilləri yazıb, mətbuata ötürür. O boşluğu bir qədər doldurmağa çalışır. Amma bütün mərkəzlər bunu etmir”.

(davamı var...)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb






SON XƏBƏRLƏR

2018-09-26