2015-10-21 00:12:12   |   7123 dəfə oxunub

Milli Elmlər Akademiyasının ləğvi yenidən gündəmdədir

Nizami Cəfərov: “Bunu sözdə demək nə qədər asandırsa, onu yerinə yetirmək min dəfə ondan çətindir. Hətta mümkün deyil”

Əkrəm Həsənov: “Reallıq bundan ibarətdir ki, saysız-hesabsız elmi fəaliyyətlə məşğul olmayan insanlar var”





Sabiq millət vəkili, uzun müddət parlamentdə Elm və təhsil komitəsinə rəhbərlik etmiş professor Şahlar Əsgərov Azərbaycan Milli Elmlər Akademiyasının ləğvi məsələsini gündəmə gətirib. Sovet rejimindən qalan belə akademiyaya artıq ehtiyac qalmadığını düşünən professor deyib ki, Elmlər Akademiyası sovet rejiminin məntiqinə uyğun bir qurumdur: "SSRİ Yer kürəsində ikinci böyük güc mərkəzi idi. Dağılandan sonra belə bir akademiyaya ehtiyac qalmır.

Belə akademiyalar və onların institutları təhsil müəssisələri arasında yavaş-yavaş əriməlidirlər. Məsələn, akademiyanın Fizika İnstitutu BDU-nun Fizika fakültəsi, Energetika İnstitutu Texniki Universitetin Energetika fakültəsi ilə birləşdirilməlidir”. Ş.Əsgərov dünyanın bir çox yerlərində Elmlər Akademiyasını müasir elmi mərkəzlər, laboratoriyalar əvəz etdiyini deyib: "Avropanın bir çox yerlərində Elmlər Akademiyası yoxdur. Olanlar da forma etibarilə bizimkilərə oxşardı. Amma məzmunca fərqlidir. Formaca bizim akademiya onlara oxşardı, amma məzmun yoxdu. Bunun da bir neçə səbəbi var. Xaricdə olan elmi qurumların hamısında ən xırda detallara da diqqət yetirilir. Məsələn, orada demək olar ki, bütün laboratoriyalarda alimlərin iş fasiləsində nahar etməsi, çay fasiləsinə çıxması üçün şəraitləri var. Alimin ən çox istifadə etdiyi sürətçıxaran maşındır. Bizlər elmi mənbənin sürətini çıxarmaq üçün müəllim, tələbə qarışıq hamımız hər səhifəyə pul ödəyirik. Amma xaricdə bu, qətiyyən belə deyil. Aparat böyük dəhlizdə qoyulur və bütün əməkdaşlar ondan pulsuz istifadə edir. Yalnız könüllü yardımetmə prosesi var. Onda da hər bir əməkdaş oradakı qutuya kağız alınması üçün cüzi miqdarda pul atır. Bunlar ən xırda detallardır. Lakin məzmunca tamamilə fərqlidir”.

Bəs digər gənc alimlər necə düşünürlər? Elmlər Akademiyası ləğv olunmalıdır, ya yox?

AMEA-nın ləğvinin yeni təklif olmadığını vurğulayan millət vəkili, akademik Nizami Cəfərov deyib ki, bu məsələ müstəqilliyimizin ilk illərində də çox vulqar formada gündəmə gəlib: 
"O zaman da təkliflər beləydi ki, AMEA ləğv olunsun, institutlar isə universitetlərin tərkibindəki müvafiq fakültələrə birləşdirilsin. O vaxtları da bu fikir özünü doğrultmadı. Həmin vaxtlarda bəzi respublikalar Akademiyanı ləğv elədi. Bəzilərində isə bu qurumu o qədər gözdən saldılar ki, sadəcə adı qalıb. İndi də bu səhv addımın ortaya çıxardığı problemlərlə üzləşiblər. Akademiyanı ləğv eləmək asan məsələ deyil. Bunun üçün uzun bir proses keçmək lazımdır. Ən azından akademik elmi universitetlərdə qərar tutmalıdır. Dünya ölkələri Elmlər Akademiyasını ləğv edib deyə biz tez-tələsik bu təcrübədən yararlana bilmərik. Dünya universitetlərinin hər biri özlüyündə həm də elm mərkəzidir. Bizdə belə deyil axı? Biz Elmlər Akademiyasını ləğv eləsək, bu, birbaşa elmimizin ləğvi olar. Bugünkü gündə bizim universitetlərimizin, Akademiyamızın yüksək elmi məhsullar səviyyəsində elmi məhsul verəcəyini düşünmək absurddur. Ona görə də, AMEA-nın ləğvinin gündəmə gəlməsini yersiz hesab edirəm. Əslində bu günə kimi bu barədə aparılan müzakirələrin heç biri özünü doğrultmayıb”.

Millət vəkilinin sözlərinə görə, biz akademiyaların ləğvindən daha çox universitet elmi ilə Akademiya elmi arasında inteqrasiyaya nail olmalıyıq. Bu proses artıq başlanılıb. Akademiyanın görkəmli alimləri universitetlərdə tədrisə cəlb olunurlar. Hər iki elm ocağının alimləri ortaq elmi tədqiqatlar aparırlar. Həmçinin bu inteqrasiya prosesində Elmlər Akademiyasına da müəyyən qədər tədris imkanları da verilir”.

Oturuşmuş bir elm ocağını ləğv eləməyin çox asan olduğunu vurğulayan N.Cəfərov hesab edir ki, yenidən o gücdə, o səviyyədə bir qurum yaratmaq mümkün deyil. Elmlər Akademiyası ləğv olunmalıdır, institutlar müvafiq universitetlərin fakültələrinə birləşdirilməlidir, fikrini sözdə demək nə qədər asandırsa, onu yerinə yetirmək min dəfə ondan çətindir. Hətta mümkün deyil”.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov isə deyib ki, biz Akademiyanı ləğv etmək əvəzinə, ciddi islahat etməli, cəmiyyətimizin aparıcı qüvvəsi kimi bütün məsələlərdə alimlərimizi ön plana çəkməliyik: 
"Müasir dövrümüzdə Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması məsələsini gündəmə gətirməyi anlaya bilmirəm. Reallıq bundan ibarətdir ki, Milli Elmlər Akademiyasında saysız-hesabsız elmi fəaliyyətlə məşğul olmayan insanlar var. Bu şəxslər illərdən bəri olaraq az məvacib almalarını bəhanə gətirərək işləmək, elmi yeniliklər etmək, kitablar yazmaq, sahələri üzrə araşdırmalar aparmaq, məqalələr yazmaq, elmi pillələri qalxmağa səy etmək kimi yeniliklər etmirlər. Akademiyada bu məsələnin həlli mümkündür. Biz bilirik ki, sırf sahələri üzrə aktiv olan, kifayət qədər elmi araşdırmalar aparan gənclərimiz barmaqla sayılacaq qədər azdır. Belə gənclərin çoxu da, az məvaciblə ailələrini təmin edə bilmədikləri üçün elmdən və elmi dərəcələrdə yarışmaqdan uzaqlaşırlar. Çünki bu gün biz elm sahəsində çalışsaq da, çox hallarda cəmiyyətin elmə olan biganəliyini də görürük. Bu biganəlik bir çox elmlə məşğul olan gəncləri elmi həvəsdən salır. Mən düşünürəm ki, Elmlər Akademiyasının tarixi adını saxlamaqla, həqiqətən də bir az oturub az da olsa, elmi fəaliyyətlə məşğul olmayan, illərdir bu sahədən aldığı məvacibə uyğun elmi fəaliyyətlə maraqlanmayan, adı olub özü elmi idarədə olmayan şəxsləri ixtisar edərək biz Akademiyanın nüfuzunu, hörmətini, ciddiyyətini qoruyub saxlaya bilərik. Xüsusi ilə digər bütün qurumlar da Milli Elmlər Akademiyası ilə sıx təmasda olmalı, öz sahələri üzrə gənc, orta və yaşlı alimlərlə müxtəlif məsələlərdən məsləhətlər almalıdırlar. Bu gün təəssüf edirik ki, hamının özü ilə məşğul olacağı bir həyatı yaşamaq istəyirik. Bu isə heç də ürəkaçan deyil. Çox vacib sahələr vardır ki, bizim dövlət və özəl qurumlarımız Milli Elmlər Akademiyasının mütəxəssislərini, alimlərini önə çəkməlidirlər. Akademiyada çalışan müxtəlif sahələrin gənc, orta və yaşlı nümayəndələri öz sahələri üzrə aidiyyətli qurumların səhlənkarlığını gördükdə elmi fəaliyyəti lazımsız hesab edir, məhz bu diqqəti görmədikləri üçün də gənclərimiz elmdən qaçırlar”.

Şəymən






SON XƏBƏRLƏR

2018-11-21