2015-10-21 00:14:41   |   6833 dəfə oxunub

Borclu olanlar ölkədən çıxa bilməyəcək

Qanun layihəsi qüvvəyə mindikdən sonra məsuliyyət yalnız vətəndaşların üzərinə düşəcək



Milli Məclisin dünən baş tutan plenar iclasında "İcra haqqında” qanuna dəyişiklik edilməsinə dair məsələ müzakirəyə çıxarılıb. Borclunun ölkədən getməsini çətinləşdirən qanun layihəsi haqda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, "İcra haqqında” qanuna əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər: "Dəyişikliklər borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məhkəmə qərarları əsasında verilmiş icra sənədləri ilə yanaşı, həm də vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri əsasında da həyata keçirilməsini müəyyən etmək məqsədi ilə edilir”.

Məlumat üçün bildirək ki, qanun layihəsi səsə qoyulub və qəbul edilib. Dəyişikliyi dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, dünyanın hər yerində bank kreditlərinin verilməsi girov və ya başqa əsaslandırılmış sənəd təqdim etməklə həyata keçirilir. Bu zaman birtərəfli qaydada bütün məsuliyyət vətəndaşın üzərinə qoyulmuş olur: "Banklar kredit verərkən öz risklərinin idarə edilməsini düzgün qura bilməyib, normal kredit siyasəti apara bilmirsə və ya daha yüksək qazanc əldə etmək üçün insanlara yüksək faizlə kredit verirsə, burda iki tərəf - həm banklar, həm vətəndaşlar də məsuliyyət daşımalıdır. Lakin sözügedən qanun layihəsi qüvvəyə mindikdən sonra məsuliyyət yalnız vətəndaşların üzərinə düşəcək”. Bununla yanaşı, ekspert diqqətə çatdırıb ki, məlum addım ölkəmizdəki investisiyaların zəifləməsinə gətirib çıxaracaq: "Hətta konstitusiyamızda da açıq-aşkar təsbit olunub ki, Azərbaycan vətəndaşlarının azadlıqlarının məhdudlaşdırılması halından başqa heç bir halda ölkədən getmə və ya ölkəyə gəlmə hüququ məhdudlaşdırıla bilməz. Belə bir qayda tətbiq olunacaqsa, bu, ölkəmizə investisiya qoymaq istəyən xarici, həmçinin daxili investorları çəkindirəcək. Xarici investorların hər hansı vergi və ya borc problemi yaranarsa və onun Azərbaycan vətəndaşı olan işçilərinin hər hansı problemi olarsa, onların ölkədən çıxması, ölkəyə qayıtmasında çətinlik yarana bilər. Bu səbəbdən həmin qaydalara əsasən ikitərəfli məsuliyyət üzərində qurulmalıdır. Təəssüf ki, dediyim kimi, bu qanun bütün məsuliyyəti vətəndaşların üzərinə qoyacaq”.

Ayyət Əhməd,
Aysel Aslan






SON XƏBƏRLƏR

2018-11-21