2015-10-21 00:28:37   |   6231 dəfə oxunub

MTN-in nəzarətində reket mətbu orqanlar da olub

“Ağır cinayətlər törədən MTN-çilər təkcə özlərinin hazırladıqları materialları nəzarətlərindəki mətbu orqanlara ötürüblər”



Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni faktların üstü açılıb. Məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyi hədəfə götürdüyü qurumu və ya şəxsləri ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz çirkin niyyətlərini həyata keçirib.

Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-in nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq reketçiliklə məşğuldurlar. Həmin mətbuat orqanları vasitəsilə hədəfə götürdükləri "obyekt” əvvəlcə "vurulur”, onların "cinayət əməlləri”, "korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurlarmış. Ən maraqlı məqam odur ki, soyğunçu MTN-çilərin hədəfi təkcə iş adamları, müəssisə rəhbərləri olmayıb. Onlar hətta iriranqlı məmurlara, onların nəzarətindəki şirkətlərə də "əl uzadıblar”. Məsələn, məlum olub ki, bir neçə ay əvvəl DİN-in tabeliyində olan bir qurumun rəhbəri zorla MTN-in zirzəmisinə salınıb və ondan 1 milyona yaxın pul alınıb. O da məlum olub ki, bu əməliyyatdan öncə reket saytlardan birində onun korrupsiya əməlləri, aldığı rüşvətlərlə bağlı geniş yazı dərc olunub. Məlumatlı şəxs bildirib ki, ağır cinayətlər törədən MTN-çilər təkcə özlərinin hazırladıqları materialları nəzarətlərindəki mətbu orqanlara ötürüblər. Həmçinin, xüsusi bir qrup bütün mətbu orqanları izləyib. "Vurula” biləcək obyektlərin siyahısını hazırlayıblar. Hansı qurum və şirkətlə bağlı şikayət və ya tənqidi material çap olunubsa, dərhal onlarla bağlı "araşdırma” aparılıb, basqının perspektivləri müəyyənləşdirilib. Çox güman ki, bu işlərdə MTN-lə əlbir olan bəzi mətbu orqanların rəhbərləri də istintaqa cəlb ediləcək. Onların adları və məhz mətbuatda gedən yazılara əsaslanaraq zərər yetirilən şəxslərin bəzilərinin kimliyi bizə bəlli olsa da, istintaq getdiyindən tirajlamağı məqsədəuyğun saymırıq.

Vurğulayaq ki, MTN-in sifarişlərini yerinə yetirən həmin reket media qurumları nə Eldar Mahmudovun işdən azad olunması, nə də bu proseslə bağlı hər hansı informasiya yayımlayıblar. Qeyd olunan mətbu orqanlarda hətta Prezidentin məlum məsələ ilə bağlı sərəncamına da rast gəlinmir. Onu da xatırladaq ki, bir müddət əvvəl Mətbuat Şurası reketçiliklə məşğul olan həmin media orqanlarının "qara siyahıya” salınması, hətta fəaliyyətlərinin dayandırılması üçün xeyli cəhd göstərib. Ancaq indi hamıya məlum olan səbəblərdən mətbuatın üz qarası olan saytları zərərsizləşdirmək mümkün olmayıb.

Digər məlumata əsasən hazırda "MTN işi” üzrə zərərçəkən sahibkarların siyahısı hazırlanır. Həmin şəxslərdən bir neçəsinin yaxın günlərdə ifadə verəcəyi də gözlənilir. Sahibkarlardan biri mətbuata bildirib ki, o, 2 ay əvvəl MTN-in Antiterror Mərkəzinə dəvət olunub. Orada iş adamına "istəsək, səndən bin Laden, narkobaron da düzəldə bilərik” deyiblər. Qarşısına Bakıda olan obyektinin, restoranının, maşınlarının, övladının təhsil aldığı məktəbin və ona aid olan digər məlumatları qoymaqla konkret rəqəm səsləndiriblər - 250 min manat. Sahibkarın sözlərinə görə, orada həmin məbləği ödəməsə, barəsində cinayət işi başlanılacağını bildiriblər. Məcburiyyət qarşısında qaldığından tələb olunan məbləği ödəmək üçün obyektini yarı qiymətə satıb: "Obyektimə görə beh kimi aldığım 120 min manatı verdim, məni azad etdilər. 130 min manatı isə sonrakı ay ərzində obyekti satdığım şəxsdən hissə-hissə alaraq verib canımı qurtardım”. Sahibkar "həmin dövrdə niyə şikayət etmirdiniz” sualına "nəslimi kəsərdilər” deyə cavab verib.

Vurğulayaq ki, Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra qurumun törətdiyi ağır cinayət faktlarını araşdırmaq üçün Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna Baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

İstintaqın gedişində MTN-in bir neçə yüksək rütbəli əməkdaşı saxlanılıb. Onlardan bir neçəsi barədə Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Cinayətkarlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. Haqqında həbs-qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir. Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi”, onların yersiz incidilməsi, MTN-in səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.

Həyata keçirilən xüsusi əməliyyat zamanı MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev, Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev, Əməliyyat-Texniki İdarəsinin rəisi general-mayor Natəvan Mürvətova, nazir müavini, general-leytenant Hilal Əsədov, idarə rəisi general-mayor Akif Çovdarov və digər 2 şəxs saxlanılıb. Həbslərin davam edəcəyi gözlənilir.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20