2015-10-21 00:31:30   |   6567 dəfə oxunub

“Gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik”

Əli Həsənov Azərbaycan gəncliyini seçkilərdə yaxından iştirak etməyə çağırıb



"Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Bunun əsasını ümummilli lider Heydər Əliyev qoyub. Gənclərlə bağlı iş dövlətin prioritet siyasətidir. Bu da öz effektini verir”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə parlament seçkilərində gənclərin fəallığı ilə bağlı respublikanın Gənclər Təşkilatları nümayəndələri ilə keçirilən görüşdə deyib.

Ə.Həsənov bildirib ki, elə gənclər formalaşdırılmalıdır ki, onlar Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxsınlar: "Heydər Əliyevin istək və arzuları bu idi. Biz indi bunun effektini görürük. Bu il keçiriləcək parlament seçkilərində gənclər aktiv olmalıdır. Prezident İlham Əliyev dəfələrlərlə vurğulayıb ki, dövlətə məsuliyyətli gənclər lazımdır. Yəni, gənclər bir sıra məsələlərdə dövlətin yanında olmalıdır. Avropa Oyunlarında Azərbaycan gənci necə fəallıq göstərdi, şahidi oldunuz. Həmin oyunlarda 10 mindən çox Azərbaycan gənc iştirak etdi. Bu da göstərdi ki, bizim gənclər digələri ilə rəqabət aparmaq gücündədirlər”.

Ə.Həsənov Azərbaycan gəncliyini seçkilərdə yaxından iştirak etməyə çağırıb: "Bu gün sosial şəbəkələrdə, daxili və beynəlxalq mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. O cümlədən, seçkidən sonra seçkinin, "exit-poll”ların nəticələri ilə bağlı müzakirələr gedəcək. Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərin. Sadəcə, gördüklərinizi təbliğ edin, sizdən başqa heç nə istəmirik. Namizədlərlə görüşlərdə fəal olub, problemlərinizi nəzərə çatdırın ki, gənclərlə bağlı iş deputat seçildikdən sonra onların fəaliyyətlərində əsas istiqamətlərdən biri olsun. Arzu edirəm ki, hər biriniz vətəndaş məsuliyyəti dərk edərək seçkilərdə fəal iştirak edəsiniz”.

Ə.Həsənov gənclərin Azərbaycan dövlətinin qorunmasında, seçkilərdə fəal iştiraklarına əmin olduğunu qeyd edib.

Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və idman naziri Azad Rəhimov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Gənclər Təşkilatlatının rəhbərləri və qonaqlar iştirak edir.






SON XƏBƏRLƏR

2018-12-10