2015-10-21 00:33:04   |   6462 dəfə oxunub

Ölkəmizə gələn qaçqınların 20 nəfərindən 18-i əfqanlardır

“Onlar Azərbaycana İrandan keçirlər, daha sonra Azərbaycandan Avropaya gedirlər”



Suriya, İraq və Əfqanıstandan Azərbaycana qaçmaq istəyənlərin sayı açıqlanıb. Yaxın Şərq ölkələrində aparılan vətəndaş müharibələrinin mənfi nəticələrindən yorulmuş insanlar daha yaxşı yaşayış üçün Avropa ölkələrinə üz tuturlar. Həmin ölkələrdə qaçqın statusu almaq üçün bütün təhlükələri, hətta ölümü göz önünə alaraq onlar yaşadıqları ölkələrin bəlalarından qurtulmağa çalışırlar.

Bəs Azərbaycana qaçqın statusu almaq üçün neçə nəfər gəlib? Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, cari ilin müvafiq dövrü ərzində qaçqın statusu almaq üçün quruma Suriyadan 1, İraqdan 1 və Əfqanıstandan 18 ərizəçinin müraciətləri daxil olub. Müraciətlər müvafiq qaydada araşdırılıb və ərizəçilər tərəfindən göstərilən əsaslar qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olmadığı üçün onlara qaçqın statusunun verilməsindən imtina edilib. Məlumatdan da aydınca görürük ki, ölkəmizə müraciət edən əcnəbilər içərisində Əfqanıstan vətəndaşları üstünlük təşkil edir. Maraqlıdır, görəsən, niyə əfqanlar Azərbaycana gəlməkdə maraqlıdırlar?

Sualımızı cavablandıran politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Əfqanıstanda vətəndaş müharibəsi gedir və orada sabit hakimiyyət qurmaq mümkün deyil. Ekspertin sözlərinə görə, Taliban hələ də meydan sulamaqdadır: "Mövcud hakimiyyət isə proseslərə tam nəzarət edə bilmir. Əhalinin sosial durumu çox aşağı səviyyədədir. Ona görə də insanlar doğma yurdlarını tərk edirlər. Əfqanların bir qismi Azərbaycana meyl edirlər. Lakin əksəriyyəti ölkəmizi keçid məntəqəsi kimi nəzərdə tutur. Burada azərbaycanlılarla evlənənlər də var. Onlar gəlib evlənib, iş tapıb işləyirlər və ölkəmizdə yaşayırlar. Amma əksəriyyətinin əsas istəyi Avropaya getməkdir. Bir sözlə, bəziləri ölkəmizdən keçid məntəqəsi kimi istifadə edirlər”.

Ekspert bəyan edib ki, əfqanlar Azərbaycana İrandan keçirlər: "Daha sonra Azərbaycandan Avropaya gedirlər. Bu proses təhülkəlidir. Xüsusilə Suriya böhranından sonra İraq da qarışıb. Bu gün Avropa miqrant axını qarşısında çox çətin vəziyyətə düşüb. Avropa ölkələri onları qəbul edib, yerləşdirmək gücündə deyil. Demək olar ki, Türkiyədə də eyni vəziyyətdir. Belə bir şəraitdə, Azərbaycana gələn qaçqınlar da ölkəmiz üçün ciddi qayğıya çevrilə bilər. Çünki onlara qaçqın statusu verilsə, beynəlxalq hüquq normalarına uyğun olaraq maliyyə yardımı da göstərmək lazım olacaq. Yox, sadəcə oturum hüququ verilərsə, özləri işləyib özlərini təmin etməlidir”.

Politoloqun qənaətincə, indiki halda Azərbaycanın qaçqın qəbul edib, onları yerləşdirməyə imkanı yoxdur: "Ölkəmizdə bir milyondan artıq qaçqın var və onların böyük bir qismi yerləşdirilməyib. Hər halda humanitar yardım və qaçqınların yerləşdirilməsinə dair ölkələrin üzərlərinə götürdükləri müəyyən öhdəliklər var. Ona görə də qaçqınların Azərbaycana gəlməsini təbii qarşılamaq lazımdır”.

Q.Hüseynli düşünür ki, qaçqınların hər birinin üzərində ciddi nəzarət olmalıdır: "O qaçqın Taliban, İŞİD və başqa terror təşkilatının üzvü də ola bilər. Müxtəlif dini baxışların yayılmasına cəhd göstərə bilər. Bu baxımdan həmin adamlar ciddi nəzarət altına alınmalıdırlar”.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21