2015-10-21 01:03:48   |   6780 dəfə oxunub

İnqilabi islahatlara dəstək verilir

Azay Quliyev: “Azərbaycanda sahibkarlar rahat nəfəs alacaq”

Bəxtiyar Əliyev: “İlham Əliyev siyasi iradə ortaya qoyaraq korrupsiyaya qarşı mübarizənin ardıcıl, məqsədyönlü bir siyasət olduğunu göstərdi”




Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışıb.

Prezident icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan edib. Dövlət başçısı problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlığını bildirib. Cənab Prezident yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olduğunu, göstərilən sahədə sui-istifadə hallarını vurğulayıb. Korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlər həyata keçirildiyini və bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini bəyan edib. Tədbirdən sonra qəbul edilmiş qərarlar və atılan addımlar da əyani şəkildə sübut edib ki, Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar. MTN-in bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub. Səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib. Bundan öz məqsədləri üçün istifadə ediblər. Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb. Onların qanuni mənafelərinə zərbə vurub. Bununla da ümumilikdə cəmiyyətin və dövlətin maraqlarını tapdalayıblar. MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb. Milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması cənab İlham Əliyevin öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi. Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların 
dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Parlamentdə qəbul olunan qanun layihəsinə əsasən noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılacaq. Yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq. Biznes sahəsinin genişləndirilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına stimul verəcək. Eyni zamanda Cənab Prezident tərəfindən imzalanmış Fərmanla sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulur. Bütün bu addımlar onu göstərir ki, ölkənin siyasi rəhbərliyi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq. Azərbaycan vətəndaşları, ziyalılar, tanınmış şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və s. dövlət başçısının qətiyyətini və atdığı addımları alqışlayırlar.

Milli Məclisin deputatı Azay Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması haqqında imzaladığı fərman ölkədə idarəetmə, vətəndaş-dövlət münasibətlərinin yaxşılaşdırılması üçün həyata keçirilən inqilabi islahatlardan biridir. Deputat hesab edir ki, həm bu fərman, həm də Milli Məclisdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanunun qəbulu sayəsində Azərbaycanda sahibkarlar rahat nəfəs alacaq: "Sahibkarlıq fəaliyyəti üçün lisenziyaların "ASAN xidmət” mərkəzlərində verilməsini də iqtisadiyyatımız üçün çox mühüm hal sayıram. Bu qurum ölkədə korrupsiya ilə mübarizə sahəsində çox yaxşı institutdur. Azərbaycanda kiçik və orta sahibkarlıq bu fərman və qanundan maksimum şəkildə yararlanacaq. Bu, indiyədək sahibkarlara ciddi şəkildə edilən təzyiqlərin, lüzumsuz yoxlamaların, sahibkarların fəaliyyətinin rentabelliyinin aşağı salınması ilə bağlı edilən bütün müdaxilələrin qarşısını alacaq. Buna görə Prezidentə minnətdarlığımı bildirmək istəyirəm. Bu addımı atmaqla Azərbaycanda biznes mühitini tam şəkildə qoruya bildik”.

Millət vəkili Bəxtiyar Əliyev də bildirib ki, sahibkarlıq haqqında qanun layihəsinin göndərilməsi iqtisadiyyatın güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına, kiçik və orta sahibkarlığın möhkəmlənməsinə xidmət edən tədbirdir: "Azərbaycanın bu sahədə böyük təcrübəsi var və hələ vaxtilə sahibkarlığın inkişafı üçün, neqativ hallara qarşı mübarizəni gücləndirmək üçün ulu öndər Heydər Əliyev də bu cür fərman və sərəncamlar verib. Cənab İlham Əliyevin bu qərarı da yalnız öz müsbət nəticələrini verəcək. Bu, bir daha göstərir ki, dövlət başçısı İlham Əliyev siyasi iradə ortaya qoyaraq korrupsiyaya qarşı mübarizənin ardıcıl, məqsədyönlü bir siyasət olduğunu göstərdi. Eyni zamanda bazar iqtisadiyyatı kursu ilə gedən bir ölkədə kiçik və orta sahibkarlığın qorunması və inkişaf etdirilməsinə dövlətin sadiq qaldığını sübut etdi”.

Deputat hesab edir ki, Prezidentin bu qərarı son nəticədə ölkədə demokratiyanın daha da möhkəmləndirilməsinə əsas verir: "Çünki kiçik və orta sahibkarlığı inkişaf etdirmədən ölkədə demokratik təsisatların gücləndirilməsinə nail olmaq olduqca çətindir. Bu yolda da Azərbaycan
öz uğurlu addımlarını atır və cənab Prezidentin imzaladığı bu sənəd bu istiqamətdəki islahatların ardıcıl, məntiqi davamıdır”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-21