2015-10-21 01:14:56   |   5990 dəfə oxunub

Vətəndaşlar 5 il qeydiyyatda olduğu evi satdıqda vergi tutulmayacaq

Vergilər Məcəlləsinə edilən dəyişikliklər müzakirə olundu





Milli Məclisin ötən gün keçirilən toplantısında Vergilər Məcəlləsinə edilən dəyişikliklər müzakirə edilib. Dəyişikliklə bağlı məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, idman mərc oyunları sahəsinin inkişafı və stimullaşdırılması ilə əlaqədar olaraq ölkə başçısının sərəncamı ilə idman mərc oyunlarında əldə olunan gəlirlərdən azad edilmişdi:

"Ancaq son üç ildə bu sahə xeyli inkişaf edib və gəlirlər əldə edilir. Ona görə də bu sahədən gələn gəlirlərdən vergi tutulması nəzərdə tutulur. Belə ki, idman mərc oyunlarından əldə edilən gəlirlərdən 10 faiz həcmində vergi tutulacaq”.

Millət vəkili bildirib ki, qanun layihəsində bina tikintisi ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur: "Həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər, mənfəət və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər və gəlir vergisinin ödənilməsindən azad edilsinlər.

Layihəyə əsasən, həmin fəaliyyətlə məşğul olan şəxslər tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 45 manat zona əmsalları tətbiq edilməklə sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödəyəcəklər. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlarını istifadə etmədikləri halda təməl işlərinə başlanılan binaların və təqdim edilmiş tikinti sahələrindən asılı olmayaraq əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınırlar. Bu halda təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisi və maliyyə nəticələrindən asılı olaraq vergi ilinin yekunlarına görə mənfəət vergisi ödənilir.

Nəticədə tikintisi başa çatmamış binalar üzrə sadələşdirilmiş vergi ödənilmədiyindən maliyyə vəsaiti vergi ödəyicisinin sərəncamında qalmaqla bu sektorun inkişafına müsbət təsir göstərəcək”.

Komitə sədri vurğulayıb ki, layihədə daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması da nəzərdə tutulub: "Məlum olduğu kimi, Vergilər Məcəlləsinin qüvvədə olan müddəasına əsasən mənzillərin və digər daşınmaz əmlakların təqdim edilməsindən əldə olunan gəlir vergiyə cəlb olunur. Təqdim edilən belə daşınmaz əmlakların alınmasına, tikilməsinə və təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmamağı bu gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Qeyd olunanları nəzərə alaraq mülkiyyətində olan, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərin sadələşdirilmiş vergi ödəyicilərinə aid edilməsi, bu sahələrin təqdim edilməsi və satılması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması və müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi ilə bağlı müddəalar qanun layihəsinə daxil edilib.

Həmin dəyişikliklər mənzillərin və digər daşınmaz əmlakın təqdim edilməsindən gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən bəyannamələrin vergi orqanına təqdim edilməsini aradan qaldırmaqla inzibatçılığı sadələşdirir. Bununla yanaşı, qanun layihəsi ilə fiziki şəxslərin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsinin ödəmə mənbəyində vergidən azad edilməsi nəzərdə tutulur. Yəni 5 il müddətində yaşadığı evdə qeydiyyatdadırsa, həmin ev satıldıqda ondan heç bir vergi tutulmayacaq”.

Qanundakı dəyişikliyin müzakirəsinə qatılan millət vəkili Qüdrət Həsənquliyev söyləyib ki, neftin qiymətləri nə qədər aşağı salınsa da, bu, gəlirli bir sahədir: "Dünya bazarında Azərbaycan nefti 50-52 dollara satılır. Belə olan halda neft-qaz fəaliyyəti üzrə ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumlarından azad olunur. Bu, doğru deyil. Azərbaycanda kifayət qədər xarici şirkətlər var və onlar öz fəaliyyətləri üzrə yüksək gəlirlər əldə edirlər. Hesab edirəm ki, bəzi xarici şirkətlərə gömrük rüsumları ilə bağlı güzəştlərin edilməsi digər şirkətlərin narazılığına səbəb ola bilər”.

Deputat Arif Əşrəfov deyib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklər qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlıdır: "3 maddə ilə bağlı təkliflərim var. Əsas yaşayış yeri olduğu əmlakın təqdim olunduğu vergidən söhbət gedir. Bu maddədə dəyişikliklərə yenidən baxılmalıdır. 85-90-cı illərdə kimsə 20 minə ev alıb, bu gün əmlakını baha satırsa, o demək deyil ki, o, oradan gəlir əldə edib. Hesab edirəm ki, bu məsələdə vergi tutulmasına yenidən baxılmalıdır. Eyni zamanda, bələdiyyələr funksiyalarını yerinə yetirsələr, daş karxanalar və çınqıllardan vergi alsalar, kifayət qədər vəsait olar. Bu, tikintilərin qiymətinə mənfi təsirini göstərəcək. Çünki çınqıl, daş karxanalarından vergi tutulması mənzillərin qiymətinin qalxmağına səbəb olacaq. Bu, çınqılda hər maşında 7 manat, daşda isə 4-5 qəpik fərq edəcək”. Millət vəkili Adil Əliyev isə evlərin, əmlakların satılması zamanı tutulan vergi ilə bağlı çoxsaylı müraciətlərin olduğunu diqqətə çatdırıb: "Ona görə də, yaxşı olardı ki, bu dəyişiklikləri növbəti dəfə müzakirə edək ki, insanlarımız narazı qalmasın”. Dəyişikliklər müzakirədən sonra qəbul olunub.

Anar Bayramoğlu






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24