2015-10-21 01:20:39   |   6543 dəfə oxunub

Qatarları daşa basan çocuqlar böyüyür...

Dəmiryolu yaxınlığındakı evlərdən atılan əşyalar bir insanın həyatına son qoya bilər




Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan blok post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıb.

Ərazidə xidmət edən Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşa basanları saxlayaraq, bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər.

Araşdırma zamanı məlum olub ki, saxlananlar Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 №-li Texniki Peşə Məktəbinin həyətində yaşayanlar - İmişli rayonunda anadan olmuş, Sumqayıt şəhər 42 №-li orta məktəbin VII sinif şagirdi Laçın Bilal oğlu Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olmuş Əmiraslan Kamil oğlu Məlikovdur.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Surxay Cəfərov tərəfindən dindirilərkən, hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu etiraf ediblər.

Hadisə barədə "Şərq”ə danışan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirdi ki, yeniyetmələrin belə bir işə əl atması təəssüf doğurur:

- Belə hallara qarşı bizim mühafizə dəstəmiz də, nəqliyyat polisi də mübarizə aparır. Dəmiryolu yaxınlığında evlər tikilib, bu işi edən də orada məskunlaşmış ailələrin uşaqlarıdır. Biri 2001-ci il təvəllüdlüdü, digəri 2002-ci il. 13-14 yaşlı uşaqlardır. Biz həmin ailələrin uşaqlarıyla da, valideynlərlə də təbliğat formasında danışıqlar aparırıq, söhbət edirik. Onlara bu cür işlərin cinayət əməli olması, insanların həyatına təhlükə törətdiyi başa salınır. Gərək valideynlər uşaqlarını nəzarətsiz qoymasın. Çünki belə hərəkətlər qatarın hərəkətinə mane olur. Qatar sürətini azaltmaq məcburiyyətində qalır, bu da qrafikin pozulmasına gətirib çıxarır.

N.Əzməmmədov qeyd etdi ki, xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

N.Əzməmmədov bildirdi ki, sürət qatarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı Sərnişin Stansiyasından metronun "Koroğlu” stansiyası istiqamətində çəpərləmə işləri aparılır.

Məlahət Rzayeva






SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20