2015-10-21 01:23:26   |   5718 dəfə oxunub

Nəqliyyatın İntellektual İdarəetmə sistemi DİN-ə yox, meriyaya tabe olmalıdır

Sahib Məmmədov: “Dəfələrlə qeyd etmişəm ki, ictimai nəqliyyat vahid bir qurumun nəzarətində olmalıdır”



Millət vəkili Əli Hüseynli Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinin tərkibinə verilməsini təklif edib. Bu qurumun tərkibində olan funksiyaların yol polisində də olduğunu vurğulayan millət vəkili deyib ki, sözügedən mərkəzə də büdcədən pul ayrılır.
Yaxşı olardı ki, bu qurum da Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin. Millət vəkili Adil Əliyev də deputat həmkarının təklifini dəstəkləyib: "Bəzən yol polisindən işıqforun yanmamasını soruşanda deyirlər ki, bu səlahiyyət bizdə deyil. Həmin anda da NİİM-ə zəng etmək çətin olar. Yaxşı olardı ki, bu qurum Daxili İşlər Nazirliyinin tərkibinə birləşdirilsin”.

Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə ümumiyyətlə, Nəqliyyatın İntellektual İdarəetmə sistemini çox bəsit bir sistem hesab edir. Xarici təcrübədən misal çəkən Liqa sədri deyib ki, xaricdə ictimai nəqliyyatın idarəetmə sistemi var və bu sistem çox mükəmməl səviyyədə qurulub: "Bizimkilər isə bu təcrübədən yararlanmaq əvəzinə, ümumi nəqliyyatın intellektual idarəetmə sistemini quraşdırdılar. Bu layihə isə özünü doğrultmadı. Sözün açığı, şəhərin nəqliyyat idarəetməsində həmin qurumun rolunu heç görmürəm. Əslində əvvəldən məlum idi ki, nəqliyyatın intellektual idarəetmə sistemi işləməyəcək, elə gözlənildiyi kimi də oldu - işləmədi. Ona görə tənzimləmə lazımdır”.

Millət vəkilinin təklifi ilə razılaşmayan S.Məmmədov deyib ki, Avropada ictimai nəqliyyat şəhər meriyasına aid olan məsələdir: "Düzdür, nəqliyyatın hərəkətinin tənzimlənməsinin müəyyən mənada Post Patrul Xidməti ilə bağlılığı var. Və bu məsələ onlarla əlaqəli qurulmalıdır. Ancaq bu sistem Nəqliyyat Nazirliyi ilə yox, Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə tənzimlənməlidir. Ancaq bizdə BŞİH səlahiyyətləri heç kəsə bəlli olmayan qurum olduğu üçün şəhər infrastrukturu ilə bağlı hər sahə bir quruma tabedir. Metropoliten bir ayrıca idarədir, Nazirlər Kabinetinə tabedir. Avtobus nəqliyyatıyla bağlı isə başqa bir struktur yaradıblar, ona tabedir. Artıq buna ictimai nəqliyyat da demək olmur, çünki sərnişindaşıma ayrı-ayrı şirkətlərə verilib. NİİM-ni Nəqliyyat Nazirliyindən alıb, Daxili İşlər Nazirliyinin tabeliyinə verəndə, guya nə dəyişəcək ki? Dəfələrlə qeyd etmişəm ki, ictimai nəqliyyat vahid bir qurumun nəzarətində olmalıdır. Sərnişindaşıma üçün lisenziya verilmiş şirkətlər marşrut xəttinə keyfiyyətsiz, köhnə avtobuslar buraxmamalıdır: "Müasir nəqliyyat sistemi olmalıdır. Əmək müqavilələri bağlanmalıdır. Sürücülər növbəlilik əsasında işləməlidir. Heç bir halda, sürücü pul yığmalı deyil. Avtobusda adam var, ya yox - ona dəxli olmamalıdır. Öz növbəsini işləyib, maaşını almalıdır. Plan sisteminin olması ona gətirib çıxarır ki, sürücülər bir-birilə pul yığmaq uğrunda mübarizə aparır. Sürücülər çox yorğun olurlar. Səhər 6-dan axşam 24:00-a qədər işləyirlər. İnsan taleyilə bağlı məsələlərdə belə hallara yol verilməsi düzgün deyil”.

Şəymən






SON XƏBƏRLƏR

2018-09-25