2015-10-27 00:26:35   |   6191 dəfə oxunub

QDİƏT PA Azərbaycanda seçkiləri izləyəcək

“Missiyaya Serbiya, Bolqarıstan, Rumıniya və Yunanıstanın parlament üzvləri daxildir”




Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün öz müşahidə missiyasını göndərəcək. Trend məlumatına görə, bunu Secki-2015.az saytına müsahibəsində təşkilatın Parlament Assambleyasının baş katibi Asəf Hacıyev deyib.

Onun sözlərinə görə, təşkilat indiyə qədər bir sıra ölkələrdə belə bir missiyanı həyata keçirib: "Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, bəli, təşkilatımız öz müşahidə missiyasını göndərəcək. Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bir müddət öncə rəsmi məktub göndərərək parlament seçkilərini müşahidə etməyə dəvət etmişdi. QDİƏT Parlament Assambleyası da bu rəsmi dəvət əsasında Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün öz missiyasını göndərəcək”.

A.Hacıyev bildirib ki, müşahidə missiyası, özü də daxil olmaqla, 5 nəfərdən ibarətdir: "Missiyaya Serbiya, Bolqarıstan, Rumıniya və Yunanıstanın parlament üzvləri daxildir. Onu da qeyd edim ki, müşahidə missiyasına kifayət qədər nüfuzlu şəxslər daxildirlər. Məsələn, Serbiyanın nümayəndəsi bu ölkənin parlamentinin vitse-spikeridir. Bolqarıstanın nümayəndəsi isə ölkənin parlamentinin İqtisadiyyat komitəsinin sədridir”.

Baş katib əlavə edib ki, QDİƏT Parlament Assambleyasının müşahidə missiyası oktyabrın 30-da Azərbaycana gələcək: "Səfər noyabrın 3-dək davam edəcək. Müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar təəssüratlarını mətbuat konfransında açıqlayacaq”.

O, qeyd edib ki, QDİƏT Parlament Assambleyası bu məsələni hər zaman diqqət mərkəzində saxlayır: "Əgər hansısa dövlət keçirilən seçkiləri müşahidə etmək üçün dəvət edirsə, təşkilatımız belə təşəbbüsləri alqışlayır və məmnuniyyətlə həmin seçkiləri müşahidə edir. Seçkilər hər bir cəmiyyətdə demokratiyanın bariz göstəricisidir. Ona görə də, elə dövlətlər var ki, orada keçirilən seçkilərin daha çox beynəlxalq müşadəçilərin iştirak etməsinə maraqlıdır. Hesab edirəm ki, Azərbaycan da, məhz belə dövlətlərdəndir. Yəni, Azərbaycan dünyaya açıq ölkədir və ona görə də, bu ölkədə keçirilən seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilər izləyir. Xatırladım ki, QDİƏT Parlament Assambleyasının müşahidə missiyaları bu ölkədə əvvəllər də keçirilmiş seçkiləri izləyib. Ümumilikdə, təşkilatımız Azərbaycanın belə təşəbbüslərini alqışlayır”.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18