2015-10-27 00:31:27   |   5998 dəfə oxunub

“Bəzi xarici dairələr bu seçkilərə qara yaxmaq istəyir”

Arye Qut: “Azərbaycanda təbliğat-təşviqat kampaniyası demokratik ölkələrdə olan prosedurlardan fərqlənmir”




"Azərbaycanda parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə inanıram. Düşünürəm ki, seçkilərin demokratik şəraitdə baş tutmasında hakimiyyət çox maraqlıdır. Ölkənizdə aparılan seçki prosesində yaxın dostlarım da iştirak edir və onlar mənə söyləyir ki, Azərbaycanda həyata keçirilən imzatoplama kampaniyası, namizədlərin qeydiyyata alınması prosesi, təbliğat-təşviqat kampaniyası demokratik ölkələrdə olan prosedurlardan fərqlənmir”.

Bu fikirləri İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bildirib. Qut bəzi xarici dairələrin indidən bu seçkilərə qara yaxmaq istəyinə də münasibət bildirib. O, təəssüflə qeyd edib ki, bu gün həm Avropada olan xarici siyasət strukturlarının, həm də Amerika administrasiyasının Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda dəqiq və ölçülüb-biçilmiş xarici siyasət strategiyası yoxdur. Ekspertin sözlərinə görə, Amerika və Avropanın bəzi ölkələrinə, orada tətbiq olunan "demokratik layihələrə” nəzər yetirsək, bu layihələrin xalqlara böyük mənəvi və maddi ziyan vurduğunun şahidi olarıq: "Avropalıların və amerikalıların guya demokratik rejimlər qurmağa cəhd göstərdiyi hər yerdə - Əfqanıstanda, İraqda, Liviyada, Suriyada bu cəhdlər tam siyasi fiaskoya uğrayıb. Yüz minlərlə insanın əzab-əziyyətinə, həlak olmasına, son nəticədə milyonlarla qaçqının yaranmasına gətirib çıxarıb. Əlbəttə, Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək riyakarlıq, nəzakətsizlik və ləyaqətsizlikdir. Çünki bu ölkə 24 ildən artıqdır ki, Ermənistanın təcavüzündən əziyyət çəkir. Bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib və bir milyondan çox insan bu ərazilərdən qovulub. Məgər Avropa Parlamenti bunu bilmir? Bəlkə özünü bilməməzliyə vurur? Bəlkə avropalılar elə hesab edirlər ki, öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının insan hüquqları yoxdur? Onlar nə üçün erməni silahlıları tərəfindən ələ keçirilmiş və indiyə qədər ermənilərin əlində dəhşətli və qeyri-insani şəraitdə girov saxlanılan 4000-dən çox dinc azərbaycanlının taleyi və insan hüquqları ilə maraqlanmırlar? Düşünürəm ki, Azərbaycan bu vəziyyətdə öz uğurlu düşünülmüş yolunu davam etdirməlidir”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-11-21