2015-10-27 01:29:01   |   5369 dəfə oxunub

Əvvəl şərtlərə əməl olunmalıdır

Sonra Azərbaycan Avrasiya İttifaqına daxil ola bilər

İlk şərt işğal olunmuş torpaqlarımızın azad edilməsidir





Rusiyada səfərdə olan Azərbaycan sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova rusiyalı jurnalistlərin suallarını cavablandırarkən maraqlı açıqlamalar verib. Məlumata görə, nazir müavini Azərbaycanın Avrasiya İttifaqına (Aİ) üzv olmasının mümkünlüyündən danışıb:

"Biz Azərbaycana xeyir gətirəcək ittifaqlara üzvlüyün mümkün olduğunu düşünürük. Bunun üçün təşkilatlara üzv olmağımızın müsbət və mənfi cəhətlərini analiz etmək, detallı dəyərləndirmələr aparmaq lazımdır”. Məlumat üçün bildirək ki, Avrasiya İttifaqı 2015-ci il

yanvarın 1-dən fəaliyyətə başlayan iqtisadi birlikdir. Birliyin üzvləri Rusiya, Belarus, Qazaxıstan və Ermənistandır.

Maraqlıdır, görəsən, Azərbaycan həmin birliyə üzv olarsa, bu, Azərbaycan iqtisadiyyatına nə vəd edəcək?

Məsələni şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə deyib ki, Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, bu üzvlük ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər. Ekspertin sözlərinə görə, ölkəmizin adıçəkilən təşkilatda təmsil olunması Azərbaycanın qeyri-neft ixracatını daha da artırmasına şərait yarada bilər: "Bu halda Azərbaycanın ümumi daxili məhsulunun həcmi il ərzində əlavə olaraq 1,7 faiz artmış olacaq. Respublikamızda 2015-ci ildə 6 faiz ümumi daxili məhsulun artımı proqnozlaşdırılırsa, bu üzvlük nəticəsində 7,7 faizə qədər yüksələ bilər. Avrasiya İttifaqına üzvlük məsələsində ölkənin strateji xətti də nəzərə alınmalıdır. Ona görə də biz təklif edirik ki, burada yalnız iqtisadi məsələlər deyil, eyni zamanda siyasi və xüsusilə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsi də önə çəkilsin. Azərbaycan praktiki olaraq öz torpaqlarını işğal etmiş ölkə ilə eyni İttifaqda ola bilməz. Bunu Azərbaycanın xarici işlər naziri dəfələrlə bəyan edib. Nazir Elmar Məmmədyarov bildirib ki, işğalçı ölkə ilə eyni ittifaqda olmaq nəinki beynəlxalq konvensiyaya, eyni zamanda Azərbaycanın strateji hədəflərinə uyğun deyil. İşğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan Ermənistanın olduğu İttifaqda yer ala bilər”.

Ekspert diqqətə çatdırıb ki, Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonların boşaldılması Azərbaycanın irəli sürdüyü tələbdir və bu tələblə bağlı ölkəmiz birmənalı şəkildə haqlı mövqe nümayiş etdirir: "Digər əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan enerji ölkəsidir. Belə olduğu halda Avrasiya İttifaqının şərtlərinə əsasən bütün siyasət, eləcə də enerji siyasəti koordinasiya edilməlidir. İlk şərt işğal olunmuş torpaqlarımızın azad edilməsidir. Yalnız bundan sonra Azərbaycan Aİ-yə daxil ola bilər. Digər şərt isə Britaniya modelində olduğu kimi Azərbaycana enerji siyasətində güzəştlərin tətbiq edilməsidir”.

V.Bayramov hesab edir ki, Azərbaycanın Aİ-yə üzv olması qeyri-neft sektorunun ixracatını artırmaq qabiliyyəti baxımından vacib şərtdir: "Amma bununla yanaşı, Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi şərtini irəli sürür. Torpaqlarımız azad olunduqdan sonra həmin birliyə üzvlük reallaşarsa, o zaman ölkəmiz Britaniya modelindən istifadə etməklə ittifaqa üzv ola bilər. Bu da Azərbaycana xüsusilə enerji siyasətində mövcud qərarların qəbul edilməsi mexanizmini qoruyub-saxlamağa imkan verəcək”.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24