2015-10-27 01:41:40   |   5594 dəfə oxunub

Ramin Hacılı həyat yoldaşı ilə telefon əlaqəsi yaradıb

Deputatlığa namizəd şəxsi problemləri ilə bağlı ölkədən gedib



Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı itkin düşüb. R.Hacılının həyat yoldaşı, yazıçı-jurnalist Aysel Əlizadə Lent.az-a bildirib ki, onunla əlaqə srağagün axşam saatlarından kəsilib: "Biz gecə saatlarında polisə məlumat vermişik. Ondan hələ ki, bir xəbər yoxdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə Lent.az-a açıqlamasında bildirib ki, Ramin Hacılı namizədliyini geri götürməyib: "Gəldiyim qənaət budur ki, son hadisənin siyasətə və Ramin Hacılının namizədliyinə heç bir aidiyyatı yoxdur”.

Ümid Partiyasının sədr müavini Ramin Hacılının yeri müəyyənləşib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də APA-ya açıqlamasında onun tapıldığını təsdiqləyib: "Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

A. Əlizadə R. Hacılının hansı ölkədə olduğunu açıqlamayıb.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov xəbəri təsdiqləyib. O bildirib ki, dünən Bakı şəhər sakini Aysel Əlizadə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı Ramin Hacılının itkin düşməsi barədə məlumat verib. Bununla əlaqədar polis əməkdaşları dərhal müvafiq tədbirlər həyata keçirib. Dünən axtarışı davam etdirən polis əməkdaşları məlumat alıblar ki, R.Hacılı həyat yoldaşı ilə telefon əlaqəsi yaradıb və bildirib ki, öz şəxsi işləri ilə əlaqədar ölkədən kənara çıxıb və tezliklə qayıdacaq. Nazirlik rəsmisi bildirib ki, buna baxmayaraq, hazırda araşdırmalar davam etdirilir.






SON XƏBƏRLƏR

2018-09-24