2015-10-27 01:44:11   |   5413 dəfə oxunub

AMİP-çilər qurultayın vaxtını gözləyir

Partiya sədrliyinə iki namizəd - Arzuxan Əlizadə və Əli Oruclu mübarizə aparacaq



Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Yusif Bağırzadənin postunu ani və gözlənilməz qərarla tərk etməsi siyasi təşkilatı çətin vəziyyətdə qoyub. Y.Bağırzadənin məlum gedişi parlament seçkisi ilə yanaşı, qurumun qurultay məsələsinə də problem yaradıb.

İstefa hadisəsi qurultayın növbəti dəfə təxirə salınmasına səbəb olub. Partiyanın seçkiyə hazırlaşdığı əsas gətirilərək qurultayın marafondan sonra keçirilməsi barədə qərar qəbul edilib. Məlumdur ki, qurultayda AMİP-ə yeni sədr seçiləcək. Lakin hələlik heç kim bu posta namizədliyini irəli sürməyib. Deyilənə görə, qurultayın günü təyin edildikdən sonra sədrliyə iddialı olan şəxslərin rəsmi olaraq irəli sürülməsinə start veriləcək. İddialara əsasən, hazırda sədrin vəzifələrini icra edən AMİP-in baş katibi Arzuxan Əlizadənin və Siyasi Şuranın üzvü Əli Oruclunun sədrliyə namizədliyi müzakirə olunmaqdadır. Məsələyə münasibət bildirən baş katib A.Əlizadə qurultayın yaxın müddətdə keçirilməsinin real görünmədiyini deyib: "Partiyanın Nizamnaməsinə əsasən sədr istefa verirsə, fövqəladə qurultay çağırılmalıdır. Ancaq hazırda partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi öz işini yekunlaşdırıb və partiya XI qurultayını keçirəcək. Qurultayın vaxtını isə Mərkəzi Şura müəyyənləşdirməlidir. Biz seçkiqabağı qurultay keçirməyi nəzərdə tutsaq da, müəyyən səbəblərdən bu proses uzandı”. A.Əlizadə partiya sədrliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib: "Qurultayın vaxtı elan olunandan sonra Mərkəzi Şuranın çağırışına əsasən partiya sədrliyinə namizədlər bildiriş verəcəklər. Namizədlərin qurultayda təqdimatı ilə bağlı Siyasi Şura rəy bildirəcək. Partiyanın istənilən üzvü partiya sədri olmaq arzusundadır. Şübhəsiz ki, mən də partiya sədrliyinə namizəd olacağımı istisna etmirəm”. AMİP funksioneri Əli Oruclu da qurultayın vaxtının dəqiq bilinmədiyini söyləyib: "Qarşıdan gələn qurultayın vaxtı hələ də qeyri-müəyyən olaraq qalır. Bu dəqiqləşmədiyi üçün partiya başqanlığına yeni namizədlərin kimliyini müəyyənləşdirmək qeyri-mümkündür. Başqanlığa neçə namizədin olacağı yalnız qurultayın vaxtı dəqiqləşdiriləndən sonra ortaya çıxacaq. Kim sədr olmaq istəyirsə, başqanlığa namizəd ola bilər. Heç kimə problem yaradılmır”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25