2015-10-27 01:47:42   |   7334 dəfə oxunub

Təyyarə biletlərinin qiyməti 99 avro olacaqmı?

Geniş sərnişin kütləsi ucuzlaşmadan yararlana bilməyəcək



"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bahalı uçuş qiymətləri ilə bağlı şikayətlər səngimək bilmir. AZAL-ın istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təqribən iki dəfə bahadır. Təbii ki, ?biletin qiymətləri ilə bağlı müqayisənin aparılması ictimaiyyəti maraqlandıran məsələdir. Çünki Azərbaycandan xaricə gedib-gələnlərin sayı günbəgün artmaqdadır. Eyni zamanda xaricdə təhsil alan yüzlərlə tələbə var.

Üstəlik, onların valideynləri övladlarının yanına gedib-gəlmək istəyirlər, həmçinin, turist kimi xaricə üz tutanlar da çoxalır. İnsanlar tədricən digər xarici aviaşirkətlərin Avropaya uçuş qiymətlərini öyrənirlər, bu barədə məlumat toplayıb yerli qiymətlərlə müqayisə edirlər və aradakı böyük fərqi görürlər. Bu baxımdan AZAL-a məxsus biletlərin baha olması cəmiyyətdə geniş müzakirəyə yol açır. İctimaiyyətdə geniş narazılıq və narahatlıq doğurur. Heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti xarici ölkələrə getmək üçün biletləri əcnəbi şirkətlərdən almağa üstünlük verirlər. Çünki vətəndaş ona sərf edən qiymətlər çərçivəsində hərəkət edir, necə deyərlər, "ayağını yorğanına görə uzadır”. Avropada və dünyada dövlət büdcəsindən maliyyələşən hava yolları şirkətləri səyahət etməyi sevən, lakin bunun üçün çox pul ayıra bilməyən insanlara əlverişli imkanlar yaradır. Azərbaycanda isə vəziyyət əksinədir. Məsələn, AZAL-ın rəsmi səhifəsində Bakı-Antalya reysi üzrə bilet qiyməti "Biznes Klass” üçün təqribən 788 manat təşkil edir. Tiflis-Antalya reysini həyata keçirən "Turkish Airlines” isə bu uçuşu 170 dollara yaxın təklif edir. Ona görə də xaricə getmək istəyənlərin əksəriyyəti Gürcüstan üzərindən uçmağa üstünlük verir. Hətta Türkiyə və Avropaya belə Gürcüstan aviaşirkətləri ilə gedirlər. Xatırladaq ki, Prezident İlham Əliyev AZAL-da qiymətlərin bahalığı ilə bağlı tənqidi fikirlər səsləndirib. Ölkə rəhbərinin xəbərdarlığından sonra AZAL uçuş qiymətləri ilə bağlı bəzi islahatlar həyata keçirməyə başlayıb. Məlumatlara görə, AZAL Bakı-Moskva-Bakı və Bakı-Dubay-Bakı marşrutları üzrə aşağı büdcəli reyslər ("lou-kost”) təşkil edəcək. İddiaya görə, həftənin bütün günləri təşkil ediləcək ucuz uçuşların qiyməti bütün rüsumlar daxil olmaqla 99 avro olacaq.

İqtisadçı-ekspert İlham Şaban AZAL-ın xidmətlərinin xarici aviaşirkətlərlə müqayisədə baha olmasının səbəbini infrastruktur layihələri ilə bağlayıb: "AZAL açıqlama verib ki, "bizim təyyarə parkımız tamamilə yeni təyyarələrdən ibarətdir”. Bu, həqiqətdir. Azərbaycan çox bahalı, 300 milyonluq təyyarə alır. Əgər qonşu ölkələrlə müqayisə etsək, keçmiş MDB ölkələrində bu qiymətdə təyyarə yoxdur. Belə bir sual yaranır ki, bu təyyarələrə xərclənən vəsaiti AZAL necə çıxartmalıdır? Burada əsas səbəb odur ki, AZAL infrastruktura həddindən artıq böyük məbləğdə pul xərcləyir. Heç bir kommersiya tələbatı nəzərə alınmadan ölkədə neçə yerdə aeroportlar tikilir. Yevlaxda, Zaqatalada, Qəbələdə və digər bölgələrdə aeroportlar var. Bunların hər biri 50 milyona başa gəlir. Çəkilən xərclər nəyinsə hesabına çıxarılmalıdır, ya yox? Bakı aeroportuna nəzər salsaq, bu, regiondakı ən bahalı aeroportdur. Aeroportun tikilməsinə 200 milyona yaxın vəsait xərclənib. Sonradan 2012-ci ildə yenidən təmir edilib. Əvvəlcə köhnə hava limanı təmir edildi. Sonra tamamilə söküldü və yerində yenisi inşa olundu. Bəs, həmin xərclər nəyin hesabına ödənməlidir? AZAL-ın biletlərinin baha olmasının səbəbi budur”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, AZAL bilet qiymətlərinin ucuzlaşmasına könüllü şəkildə qərar verməyib: "AZAL-ın qiymətlərinin yüksək olması ilk dəfə iyulun 13-də Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyev tərəfindən kəskin tənqid edilib. Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur, nəyə görə? Axı Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir. AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə nisbətən baha olmalıdır?”. Ekspert bildirib ki, aviaşirkətin yekun satış qiymətini bir tərəfə 99 avro müəyyən etməsi heç nəyi dəyişmir: "AZAL-ın büdcəli uçuşları "Embraer” təyyarələri ilə həyata keçiriləcək. Həmçinin, aşağı büdcəli sərnişindaşıma xəttində hər bir baqaj 50 manat məbləğində olacaq. Bu reyslərdə yalnız 5 kq-dan artıq olmayan əl baqajı təyyarə bileti ilə birgə hesablanacaq. Halbuki, standart biletlər 23 kiloqram yük götürməyə imkan verir. İstənilən əl baqajı 10 kiloqramı keçir. Dubay və İstanbula Azərbaycan sakinlərinin həm turizm, həm də alış-veriş məqsədi üçün getdiyi heç kimdən gizli deyil. Beləliklə, aşağı büdcəli sərnişindaşıma xəttində qiymətlər avtomatik 100 manat bahalaşır. Çantaların sayı artdıqca, biletin qiyməti daha da yüksəlir”. Ə.Hüseynovun sözlərinə görə, sərnişinlərin bir qismi 10 manat aşağı qiymət üçün başqa ünvana üz tuturlar. Burada isə yenə də 80 avroya qədər aşağı qiymətdən söhbət gedir: "Reyslərin biletlərindəki endirimlər heç də sadə vətəndaşlara fayda verməyəcək. Dövlət təşkilatları, bir sıra iri şirkətlər, ezamiyyətə gedən məmurlar məcburi şəkildə AZAL-ın xidmətlərindən istifadə etməlidir. Təbii ki, onlara ayrılan büdcə biletin ən aşağı qiymətinə uyğun gəlir. Bu məcburiyyət onları ən ucuz biletləri götürməyə vadar edəcək. Nəticədə, geniş sərnişin kütləsi bu ucuzlaşmadan yararlana bilməyəcək”.

İsmayıl






SON XƏBƏRLƏR

2018-12-10