2015-10-27 01:48:53   |   5706 dəfə oxunub

Həbsxanada məhkumun döyülməsi faktı araşdırılmalıdır

Ombudsman Aparatı, İctimai Komitə hələ yoxlama aparmayıb



Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Bahadır Əsgərov vəhşicəsinə döyülüb. Bu haqda "Yeni Müsavat”a məlumat verən məhkum anası Gülyafşan Əsgərovanın iddiasına görə, oğlunu Rəcəb adlı nəzarətçi köməkçisi döyüb. Hazırda Bahadırın Məhkumların Müalicə Müəssisəsində olduğunu vurğulayan anası deyib ki, ekspertiza rəyinə görə, döyülmə nəticəsində oğlunun ciyəri partlayıb, mədəsi qan bağlayıb, böyrəkləri zədələnib.

Oğlunun döyülməsinin səbəbi ilə maraqlandığını vurğulayan G.Əsgərova deyib ki, avqust ayının sonlarında orada Bahadırın bədənində səpkilər əmələ gəlib, buna görə də qaşınıb: "Rəcəb adlı nəzarətçi köməkçisi də ona deyib ki, özünü qaşıma. Bunun üstündə mübahisə düşüb. Rəcəb Bahadırı "Vaxt” deyilən yerə aparıb və orada döyüb. Növbəti gün onu yenə də ora salıb döyüb. Oğlum ölüm ayağındadır. Mənimlə görüşəndə iki kəlmə zülmlə danışdı. Dedi ki, məni Rəcəb döyüb”.

G.Əsgərova oğlunun döyülməsi ilə bağlı Ombudsmanlığa, Penitensiar Xidmətə və Baş Prokurorluğa müraciət edərək məsələnin araşdırlmasını, oğlunu döyən Rəcəb adlı nəzarətçi köməkçisinin müəyyən olunaraq istintaqa cəlb edilməsini tələb edir.

Son illərdə cəzaçəkmə müəssisələrində bir sıra islahatlar aparıldığını, saxlanma şəraitinin, qida rasionunun, məhkumlarla davranışın yaxşılaşdırılması istiqamətində xeyli irəliləyişlər əldə olunduğunu vurğulayan Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev 15 saylı cəzaçəkmə müəssisəsində məhkum Bahadır Əsgərovun döyülməsi ilə bağlı hər hansı məlumata sahib olmadığı üçün konkret fikir bildirməyib. Onun sözlərinə görə, bu məsələ aidiyyəti qurum tərəfindən araşdırılmalı və iddialar öz əksini taparsa, günahkarlar cəzalandırılmalıdır: "Cəzakəçmə müəssisələrində məhkumlara gücün tətbiqi yalnız qanunvericiliklə nəzərdə tutulmuş qaydada ola bilər. məhkumlara güc tətbiq edilirsə, bu barədə müvafiq qeydlər aparılır və akt tərtib olunur, rəhbərliyə də məlumat verilir. Bu hadisənin hansı şəraitdə baş verdiyini dəqiqləşdirmək lazımdır. Azərbaycan qanunvericiliyi bütün hallarda insanlara qarşı işgəncə faktını qadağan edir. Bu məsələ beynəlxalq hüquq normalarında da öz əksini tapıb. Əgər 
məhkumlar başqalarının həyatı üçün təhlükə yaradarsa, ona qarşı güc tətbiqinə icazə verilir. Bununla bağlı da dediyim kimi müvafiq sənədlər tərtib olunmalı və qeydiyyat aparılmalıdır”. Ə.Nuriyevin sözlərinə görə, məhkumun anasının müraciəti əsasında Ombudsman və İctimai Komitə üzvləri də yerində yoxlamalar apardıqdan sonra dəqiq məlumat verə bilər. Hazırkı şəraitdə hadisə ilə bağlı heç bir dəqiqləşdirmə olmadığı üçün qəti şərh vermək doğru olmazdı.

Şəymən






SON XƏBƏRLƏR

2018-09-25