2015-10-27 01:53:30   |   6458 dəfə oxunub

Xarici dili bilən jurnalistlərimizin sayı ürəkaçan deyil

Baş redaktorlar və ekspertlər problemin obyektiv və subyektiv səbəblərini açıqlayıb



Qlobal informasiya müharibəsinin gedişində xaricidilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır.

Məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür.

Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayırılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu əslində ölkəmizin doğru istiqamətdə tanınması üçün ən önəmli amillərdəndir.

Amma bu istiqamətdə həyata keçirilən tədbirlərin gözlənilən effekt verməsi üçün başlıca şərtlərdən biri xaricidilli jurnalistlərin olmasıdır ki, ekspertlər və baş redaktorlar bu sahədə vəziyyətin qənaətbəxş olmadığı qənaətindədir.

"Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hesab edir ki, biz qloballaşma şəraitində yaşayırıq və hər kəs üçün çoxlu dil bilmək çox mühüm məsələdir: "Azərbaycanda xaricidilli mükəmməl jurnalistika məktəbinin olmağı çox vacibdir. Heç kimə sirr deyil ki, tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bunun üçün bizim jurnalistlər aparıcı dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir. Bizim istəyimizdən asılı olmayaraq bu gün bütün dünyada ingilis və rus dili çox yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus və ingilisdilli təcrübəli professional jurnalistlərə çox ehtiyacımız var. Ona görə də, ölkəmizdə xaricidilli, xüsusən də rus və ingilisdilli jurnalist məktəbləri formalaşdırılmalı və inkişaf etməlidir. Çox təəssüf ki, indiki şəraitdə Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Hesab edirəm ki, Azərbaycanın dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Bu sahədə mütləq inkişafa nail olmalıyıq”.

Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin dil bilgilərinin zəif olmasının səbəblərinə toxunan Ş.Ağayev deyib ki, bu çatışmazlığın kökündə həm obyektiv səbəblər var, həm də peşəkarlıqla bağlıdır. Onun üçün də dövlət səviyyəsində bu sahəyə diqqət ayrılmalı və maraqlı layihələr həyata keçirilməlidir: "Çox təəssüf ki, bizim cəmiyyət az oxuyur. Xüsusən də, xarici dildə oxumağa jurnalistlərdə maraq olmur. Azərbaycan dilində bayağı yazıları oxuyurlar, amma rus və ingilis dilində olan materiallara əhəmiyyət vermirlər. Ancaq rusdilli oxucular çox ciddi yazıları oxuyurlar”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də o fikirdədir ki, Azərbaycanda xarici dilli jurnalistlərin sayı kifayət qədər deyil: "Düzdür, bu gün ölkədə bir neçə xarici dil bilən insanların sayı kifayət qədərdir. Eyni zamanda, jurnalistlərimizin də sayı çoxdur. Amma həm xarici dil bilən, həm də jurnalist sahəsində praktik hazırlığı olan insanların sayı çox azdır. Bu problemin əsasında da köklü təhsil islahatları dayanıb. Cənab Prezidentin redaktorlarla görüşündə də bu məsələ qaldırıldı ki, Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır. Buna çox böyük ehtiyac var”.

A.Quliyevin sözlərinə görə, mediamızda fəaliyyət göstərən xaricidilli jurnalistlərin böyük əksəriyyəti də qeyri- ixtisas sahibləridir: "Böyük bir qismi başqa sahənin adamıdır, sadəcə olaraq xarici dil bilgisi olduğu üçün jurnalistikaya cəlb olunub. Ona görə də, Azərbaycanda xaricidilli və ixtisaslı jurnalist kadrların hazırlanması üçün real addımlar atılmalıdır”.

Baş redaktorun sözlərinə görə, xaricidilli jurnalistlərin sayının az olması mediamız üçün müəyyən çətinliklər törədir. Bunlardan biri də mediamızın transmilli fəaliyyət miqyasına çıxmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən də Azərbaycanda xaricidilli jurnalistlərin sayının az olması müəyyən mənada dövlətimiz üçün də səmərəsizdir.

Özünün 4 dildə sərbəst yazıb oxuduğunu deyən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də Azərbaycanda kütləvi xarici dil bilən jurnalist təbəqəsinin olmadığını bildirib: "Əsasən sovet dövründən qalan jurnalistlər rus dilini bilir və bu dildə fəal yazmaq imkanları var. Yeni nəsil jurnalistlər arasında isə az sayda ingilis dilini bilənlərə rast gəlirik. Həmçinin də az sayda fransız dilli jurnalistlərimiz var. Alman dili ilə bağlı isə çox ciddi problemlər var. Alman dilinin kifayət qədər vacib dillərdən biri olmasına baxmayaraq bu dildə yazıb-poza bilən jurnalistlərimiz yoxdur. Hətta türkcə türkcəsində yazan jurnalistlərin fəaliyyəti də yetərli deyil. Ara-sıra Azərbaycanın bəzi jurnalistlərinin Türkiyə mediasında yazılarına rast gəlsək də, bu azdır. Bizim üçün çox vacib amillərdən biri də ərəb-fars dillərində yaza bilən jurnalistlərin olmasıdır ki, bu sahədə də qıtlıq var. Bu nöqteyi-nəzərdən Azərbaycanda xarici dilli jurnalistlərin sayının ürəkaçan durumda olmadığını düşünürəm. Yaxşı olar ki, həm jurnalist təşkilatları, həm də jurnalist kadrları hazırlayan ali məktəblərimiz bu problemin aradan qaldırılması üçün proqramlar həyata keçirsinlər. Jurnalistika fakültəsini bitirən jurnalist tələbələr ən azından ingilis və rus dillərini bilməlidir ki, onlar öz gələcək fəaliyyətlərində ölkəmizi xarici media orqanlarında təmsil edə bilsinlər”.

CASCFEN sədrinin sözlərinə görə, Azərbaycanda xarici dilli jurnalistlərin sayının az olması mediamızın xaricə inteqrasiyası imkanlarını məhdudlaşdırır: "Şəxsi təcrübəmdən bilirəm ki, xarici dil bilməmək həm jurnalistin özü, həm də onun çalışdığı media orqanı, hətta dövlətimiz üçün çox ciddi problemlər yarada bilir. Yeni medianın, müasir texnologiya vasitələrinin bizim həyatımıza daxil olduğu dönəmlərdə artıq Azərbaycanda da onlayn mediaya keçid prosesi başlamışdı. İngilis dil bilgim olduğuna görə çox qısa bir müddətdə mən bütün proqramları mükəmməl formada mənimsəyib onlayn media sahəsinə keçə bildim. Amma xarici dil bilməyən həmkarlarımın adaptasiyası çətin oldu.

Yaxud da xarici səfərlər zamanı dil bilgim mənə insanlarla sərbəst təmas qurmağa, müəyyən çıxışlar etməyə, edilən çıxışlara reaksiya verməmə imkan yaradıb. Dil bilməyən jurnalistlər isə bu cür tədbirlərdə "gözünü döyür” və Azərbaycana əliboş qayıdır. Və ən nəhayəti, Azərbaycan jurnalistlərinin xaricə çıxması üçün dil bilgisi mütləqdir. Bir neçə xarici dil bilən jurnalistlər qərb mediası ilə əməkdaşlıq edərək pul da qazana bilərlər. Eyni zamanda, beynəlxalq jurnalist təşkilatlarında təmsilçilik məsələsində də dil bilgisi çox effektlidir”.

"RİA-Novosti” Agentliyinin əməkdaşı İlqar Vəlizadə də hesab edir ki, xaricidilli jurnalistlərlə bağlı ölkədə vəziyyət kafi olaraq qalıb. Onun sözlərinə görə, vəziyyətin ürəkaçan olmaması tələbatla bağlı olan məsələdir: "Əgər Azərbaycanda xaricidilli mətbuata tələbat yüksək olsaydı, jurnalistlər də hansısa xarici dil bilgilərinə sahib olmaqda maraqlı olardılar. Bu gün Azərbaycanda rus və türk dillərində yazmağı və danışmağı bacaran insanların sayı kifayət qədərdir. Bu mənada çatışmazlıqlar dedikdə, təbii ki, söhbət ingilis, fransız, alman, ərəb-fars dillərindən gedir. Bu dillərdə dərc olunan məlumatlara tələbat ödənilən səviyyədədir deyə inkişafa ehtiyac duyulmur. Yəni ki, az sayda da olsa, həmin dilləri bilən jurnalistlər var və onlar mövcud oxucu kütləsini təmin edir”.

İ.Vəlizadənin sözlərinə görə, jurnalistlərin xarici dilləri bilməməsi informasiyanı ilkin mənbədən almaqda müəyyən problemlər yaradır: "Jurnalistlər xəbəri ilkin mənbələrdən götürüb istifadə etsələr, daha yaxşı olar. Yəni ki, fars dilində olan məlumatı rus dilində tərcümədən əldə etməklə birbaşa mənbədən əldə etmək bir deyil”.

İ.Vəlizadə qeyd edib ki, Azərbaycan mediasında xarici dil bilən jurnalistlərin sayının az olmasının əsas səbəblərindən biri də maddi faktordur: "İndiki şəraitdə bir neçə dil bilən jurnalistlərlə işləmək müəyyən qədər vəsait tələb edir. Xarici dil bilən insanlara tələbat olduğu üçün media orqanları onlara istədikləri vəsaiti verməlidir. Əks halda, bu insanlar mediadan daha çox xarici firmalarla, şirkətlərlə işləməyə üstünlük verir”.

Şəymən






SON XƏBƏRLƏR

2018-11-21