2015-10-27 01:56:22   |   5944 dəfə oxunub

Əlini tutub can verdi

Son nəfəsində keçmiş həyat yoldaşı aktrisaya baş çəkib




Əməkdar artist Gülnar Salmanova bu dünya ilə vidalaşdı. Azərbaycan mədəniyyəti daha bir itkisini verdi. Azərbaycan teatrında daha bir aktrisanın yeri boş qaldı.

Son günlərində bir az da olsa diqqət gördüsə, ölüm yatağında qapısını döyən oldusa, o da İradə İsaqın insanlığı sayəsində baş tutdu. Aktrisa ölüm yatağında isti yemək yedi, təmiz yorğan-döşəkdə başını yastığa qoya bildi, evinə bir neçə gün sonra gələcək qonaqlarının təmiz evə gələcəyini görüb bir az rahatlaşdı. Bu da İradə İsaqın və ona dəstək verən 12 xanımın sayəsində baş tutdu.

Aktrisanı son nəfəsinə qədər tək qoymayan İradə İsaqın Gülnar Salmanova ilə bağlı son xatirələri nə oldu? Aktrisa son anlarda nə yaşadı? Ölüm döşəyində son sözləri nə oldu? Bütün bunlar barədə İradə İsaq özü danışıb: "Jurnalist Gülnar Salmanovanın son ana qədər diqqət və qayğı gördüyünü dilə gətirdi: "Allah o dünyasını versin. Mən mətbuatdan oxudum ki, aktrisanın vəziyyəti yaxşı deyil. Onlara gedib baş çəkmək istədim. Evlərinə girəndə dəhşətə gəldim. Çünki demək olar vəziyyəti ağır idi. Uzun zamandı ağır xəstəlikdən əziyyət çəkirdi. Gəlib onu belə görəndə kömək etməyə çalışdım. Çox heyif ki, o gün o vəziyyətdən çıxara bilsək də, yaşada bilmədik. Onu da qeyd edim ki, son nəfəsinə qədər oğlu, gəlini yanında olub. Hətta ölüm ayağında olanda keçmiş həyat yoldaşı da aktrisaya baş çəkməyə gəldi. Elə onun əlini tutub dünyasını dəyişdi. Can verməsi bir az çətin oldu. Amma həyat yoldaşını görəndən sonra rahatlaşdı. Sanki elə onun gəlişini gözləyirmiş kimi. Mən çox çalışdım ki, sağ qalsın. Amma Allaha qurban olum, hamımız qonağıq. Oğlu çox pis idi. Gülnar xanım baxımsızlıqdan belə vəziyyətə gəlmişdi. Onun mənəvi dəstəyə ehtiyacı var idi. Heç olmasa, son günlər tək qalmadı. Sevinirəm ki, onu tək qoymadım. Baxımsızlıqdan ağır şəraitdə yaşayırdı. Şükür ki, son günlərində rahat oldu. Dostlarının ətrafında, təmiz ev-eşikdə son günlərini yaşadı. Bilirsiz, bizim vəzifə borclarımızdan başqa, insanlıq borcumuz var. İnsanlıq borcunu unutmuşuq sanki, ətrafımızda olan insanların bəzən diqqətə ehtiyacı olur, biz soyuqqanlıqla yanından ötüb keçə bilirik. Gülnar xanımın ölümü məni çox təsirləndirdi. Bizim onlarla belə tanınmış sənət adamlarımız var ki, onların da diqqətə ehtiyacları var. Heç olmasa, onlar üçün bu qədər gec qalmayaq”.

Tahirə






SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17