2015-11-05 00:55:54   |   18484 dəfə oxunub

Tələb yoxdur deyə...

...Müğənnilər fotosessiyaya 300 manatdan artıq vermirlər



(əvvəli ötən sayımızda)

Azərbaycan ulduzları fotosessiyalardan gəlir əldə edirlərmi? Dünya ulduzları iddialı fotoları, ailə şəkillərinin eksklüziv yayımına görə mediadan, jurnal və saytlardan, müəyyən verilişlərdə iştiraklarına görə qonorar alırlar. Bu onların kapitalının bir hissəsinə çevrilib. Bizdə necə, şou-biznesin iddialı və tələbatlı müğənniləri bu yolla qonorar qazana bilirlərmi? Bu suallarla tanınmış prodüser Təranə Səmədovaya üz tutduq. Təranə Səmədovanın da maraqlı açıqlaması oldu:

"Bəli, dünya ulduzları fotosessiyalarını eksklüziv hər hansı fotolarını üz qabığına çıxararkən bundan gəlir qazanırlar. Bizdə isə əksinə, müğənnilər maraqlı fotosessiya hazırlayarkən onu hər hansı maqazin jurnalına vermək üçün pul ödəyirlər. Yəni bizdə müğənniyə qonorar verilmir, müğənni görüntüsü yayımlansın deyə, pul ödəyir. Ən böyük fərq burdan başlayır deyə, bəzi müqayisələr alınmır. O vaxta qədər ki, bizim sənətçilərimiz albom satışından pul qazanmayacaqlar, o vaxta qədər Azərbaycan şou-biznesi sözdə şou-biznes olaraq olacaq. Bizdə toy bazarı var. Bu tam başqadır. Tələbatlı müğənnilərin belə bu gün gəliri toydan olur. Ən çox tələbatı olan müğənni belə bu gün nə konsertdən gəlir əldə edə bilir, nə albom satışından. Bunun səbəbləri çoxdu. Bizim əhalimiz də elə çox deyil. Yəni bazar kiçik olduğu üçün şou-biznes dünya standartlarına cavab verə bilmir. Dünya ulduzları prodüserlərlə də başqa şərtlərlə çalışırlar. Xaricdə müğənni prodüserin vasitəsilə işlərini görür. Bəzən ondan asılı qalır, prodüser layihələrin həyata keçməsinə qərar verir. Bizdə isə tam fərqlidir. Bizdə son söz müğənninin olur. Prodüser də müğənnidən asılı qalır. Bizim medianın oxucu kütləsi, gəliri o qədər çox deyil ki, müğənnidən eksklüziv alarkən ona qonorar təklif etsin”.

Azərbaycan şou-biznesində tanınmış fotoqraf Ramin Aslanovun da fikri maraqlı idi. Ramin Aslanov açıqlamasında "Azərbaycanda müğənnilər çox az hallarda fotosessiyaya maraq göstərirlər. Yəni elə böyük tələbat yoxdu. Olanda da müəyyən layihələr üçün hazırlanır fotosessiya, ya da klip çəkilişi olarkən müraciət edirlər. Yəni bizdə şou-biznesdə bu sahə hələ tam inkişaf etməyib. Bazar böyük deyil, tələbat yoxdur. Müğənnilər pul xərcləməyə xəsislik edirlər. Bizdə 300 manatdan başlayır fotosessiyaların qiyməti. Təxminən 2000-25000 manata qədər. Amma o qiymətə də az müğənni fotosessiya çəkdirməyə ürək edir. Bir də "kapriz”ləri əsasən makiyajla bağlı olur. Abartılı makiyajın görünməyini istəmirlər. Əsas da kompleksləri şəkillərdə kök görünməkdir. Bunun üçün də fotoşopdan istifadə edirik. Bizdə 3-4 iddialı müğənni var ki, onlarla işləmək hardasa maraqlı olur. Fotosessiya üçün iddialı pozalar vermək lazımdır. Bunun üçün isə hər müğənni cəsarət edib kamera qarşısına çıxmır”.

Tahirə






SON XƏBƏRLƏR

2017-12-14
2017-12-13