2015-12-17 00:01:08   |   5561 dəfə oxunub

Körpənin də, ananın da həyatı təhlükədədir

Rayonlarda və Bakının kəndlərində erkən nikahların sayı artıb



Dünən Bakıda "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə keçirilən konfransda erkən nikahların qarşısının alınması və səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkiyə və İranın dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun, vətəndaş cəmiyyətinin nümayəndələri, bir çox beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qızların hüquqlarının müdafiəsi bəşəriyyətin qarşısında duran vacib və qlobal vəzifələrdən biridir. Onun sözlərinə görə, hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biri də erkən nikahlardır. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə müzakirələr aparır, qanunlar qəbul edirlər. Lakin bu istiqamətdə bütün ölkələr səylərini daha da artırmalı, insanlığa yaraşmayan belə halların qarşısının alınması üçün imkanlarını birləşdirməlidirlər.

Komitə sədri qeyd edib ki, ölkəmizdə də qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Belə nikahlar isə sonradan müxtəlif fəsadlar yaradır: "Erkən hamiləlik təkcə körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Araşdırmalar göstərir ki, gənc yaşda ərə gedən, öz hüquqlarını bilməyən qızların digər qadınlara nisbətən daha çox zorakılığa məruz qalma ehtimalı çoxdur. Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün yalnız dövlət, ailə yox, həm də cəmiyyət məsuliyyət daşıyır. Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən daim diqqət göstərilir. Ölkənin və dövlətin inkişafı, yalnız, onun iqtisadi imkanlarından, sərvətlərindən deyil, həm də uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətindən asılıdır. Lakin cəmiyyətin adekvat reaksiyası olmasa, aparılan işlər istənilən nəticəni verməz”.

Azərbaycanda bir müddət erkən nikahların sayı azalsa da, son zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində belə nikahların sayının artdığını söyləyən komitə sədri bunun qarşısının alınması və effektiv nəticələrin əldə olunması üçün erkən nikahların daha çox rast gəlindiyi yerləri müəyyənləşdirməyin və müvafiq bölgələr üzrə maarifləndirmə işləri aparmağın vacibliyini bildirib. "Komitə yarandığı gündən bu məsələlərlə bağlı qabaqlayıcı və profilaktik tədbirlər görür, belə ailə və onların üzvləri haqqında məlumat bazası yaradılır, müxtəlif xidmətlər göstərilir. Son iki ildə Komitənin nəzdində fəaliyyət göstərən 11 regional uşaq və ailələrə dəstək mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd olunub, onlardan 17-sinin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər icma görüşü və maarifləndirici tədbir keçirilib. Mərkəzlərin yerləşdiyi rayonlarda icra nümayəndəlikləri vasitəsilə birbaşa 30 minə qədər ailəyə ünvanlı maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində risk qrupundan olan şəxslərə və məktəblilərə paylanılıb. Həmçinin 2 min nüsxəyə yaxın erkən nikah bukletləri hazırlanaraq paylanılıb”.

BMT-nin Uşaq Fondunun ölkə nümayəndəliyinin rəhbəri Andro Şilakadze isə çıxışında erkən nikahların arzuolunmaz nəticələrə səbəb olduğunu, qızların fiziki və psixoloji inkişafının qarşısını aldığını vurğulayıb. Qeyd edib ki, bu da qızlar üçün mənfi nəticələrə gətirib çıxarır. "Qızlarını tez ərə verən valideynləri başa düşə bilmirəm. Onlar anlamırlar ki, bununla öz övladlarını gələcək parlaq arzularından məhrum edirlər. Bu, elmi cəhətdən də sübut edilib”. BMT rəsmisi Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib və yaxın gələcəkdə ölkəmizdə erkən nikahların tamamilə aradan qaldırılacağına inandığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova deyib ki, bu gün dünyada elm, texnologiya inkişaf etdikcə, onun qarşısını alacaq cinayətlər də böyük inkişaf yolu keçir: "Bu, həyəcan təbilidir. Bunlara qarşı konkret tədbirlər görmək lazımdır. Bəzən ailəyə müasir və ənənəvi yanaşmalar ziddiyyət təşkil edir. Azərbaycan hökumətinin bu məsələyə münasibəti birmənalıdır. Hökumət qadınlar və uşaqların hüquqlarına prioritet məsələ kimi baxır və üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamenti də nikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu məsələyə cəmiyyətin münasibəti də aparıcı rol oynayır. Qanunların qəbulu, məzmunu ideal ola bilər, lakin qanunun aliliyi ənənələrdən aşağı tutulacaqsa, deməli, biz çətinliklərlə üzləşəcəyik. Biz ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə etməməliyik”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə erkən nikahların ümumbəşəri problem olduğunu deyib: "Erkən nikahı bəzən islam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev də erkən nikahlara qarşı mübarizəni gücləndirməyin, gənclərin dünyagörüşünün artırılmasının zəruriliyini bildirib.

Konfransda Əfqanıstan İslam Respublikasının qadın məsələləri üzrə naziri Dilbar Nazari, Tacikistan Respublikasının Qadın və Ailə məsələləri üzrə Komitəsinin sədri Maxfirat Xıdırzoda, BMT-nin Uşaq Fondunun regional ofisinin gender məsələləri üzrə məsləhətçisi xanım Muna Maha və başqaları çıxış edərək erkən nikahların qarşısının alınması baxımından konfransın əhəmiyyətindən danışıblar. Sonra "Erkən nikaha Yox deyirik” adlı sosial çarx nümayiş etdirilib. Konfrans işini "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi”, "Qızların təhsil alması və bacarıqların əldə etməsi üçün imkanların artırılması”, "Sağlamlıq haqqında məlumat və xidmətlər” mövzuları üzrə sessiyalarla davam etdirib.

Şəymən






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25