2015-12-17 00:04:37   |   6684 dəfə oxunub

Azərbaycan mətbuatının ilk şəhidi...

Salatın Əsgərova yaşasaydı, 54 yaşı olacaqdı



1988-ci ildə Azərbaycan ərazisi olan Qarabağın Ermənistana birləşdirilmə tələbi bölgədə növbəti faciələrin əsasını qoydu. Sovet hakimiyyətindən və təbii ki, Ermənistan rəhbərliyindən böyük dəstək alan separatçıların Azərbaycana qarşı ərazi iddiaları respublikanın durğun həyatında bir silkələnmə yaratdı. Yaranmış şərait xalqımızı uzun zamandan sonra birləşməyə, ermənilərin milli təhlükəyə çevrilən iddialarını puça çıxarmaq üçün düşünülmüş fəaliyyətə sövq etdi. Dağlıq Qarabağı Ermənistana birləşdirmək cəhdi Azərbaycanda bütün fəaliyyət sahələrində fərqli atmosfer və baxışın yaranmasına səbəb olurdu.

Uzun illər çalışdıqları iş yerlərində əsasən, plan doldurmağın qayğısına qalan soydaşlarımız artıq öz fəaliyyətləri ilə xalqa faydalı olmaq haqqında düşünürdülər. Bu sırada kommunist ideologiyasının təbliğatçısından başqa heç bir funksiyası olmayan sovet mətbuatının tərkib hissəsinə çevrilmiş Azərbaycan mediası da mühüm rol oynayırdı. Erməni separatizminin yenidən baş qaldırmasından sonra Azərbaycan mətbuatı da silkələnərək, on illərlə üzərinə topladığı "sovet toz-torpağı”nı üstündən atdı. Bunun nəticəsində Qarabağın gerçək tarixi, Azərbaycan xalqının milli maraqlarından irəli gələn materiallar dövri nəşrlərdə daha sıx dərc olunmağa başladı. Ölkənin tanınmış jurnalistləri öz qələmləri ilə ermənilərin iddialarına qarşı mübarizədə əsas ağırlığı üzərlərinə götürdülər. O dövr Azərbaycanda nəşr olunan respublika əhəmiyyətli azsaylı qəzetlər əməkdaşlarını Dağlıq Qarabağa, muxtar vilayətin azərbaycanlılar yaşayan ucqar kəndlərinə ezam edir, onların hazırladıqları ətraflı materiallar vasitəsilə oxucuları unudulmuş yaşayış məntəqələrindəki vəziyyətlə tanış etməyə çalışırdılar. Qarabağ həqiqətlərinin respublika ictimaiyyətinə obyektiv çatdırılmasında xüsusi yer tutan ovaxtkı nəşrlərdən biri də "Molodyoj Azerbaydjana” qəzeti hesab olunurdu. Respublika komsomol təşkilatının rusdilli qəzeti olan bu nəşr digər qəzetlərdən fərqli olaraq, yenidənqurmanın yaratdığı imkanlardan maksimum faydalanmağa çalışır, öz səhifələrində cəsarətli materiallara tez-tez yer verirdi. Heç də təsadüfi deyil ki, Qarabağ münaqişəsinin təkrar alovlanmasından sonra Azərbaycan mətbuatının verdiyi ilk şəhid də "Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, tanınmış jurnalist Salatın Əsgərova oldu. Dünən qəhrəman jurnalist Salatın Əsgərovanın doğum günü idi. Yaşasaydı, 54 yaşı olacaqdı...

O, qələmiylə mübarizə aparanlardan idi...

Yəqin ki, jurnalistləri ictimai döyüşçü adlandırsaq, kimsə bizi qınamaz. Məgər, jurnalistlər qələmi silah edərək ictimai rəyin formalaşması uğrunda döyüşmürmü? Elə jurnalistikanın özəlliyi də bundadır. Nə xoş ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk xanım həmkarımız olmuş Salatın Əsgərovadır. 1961-ci il dekabrın 16-da Bakıda anadan olan Salatın

Əsgərovanın nə vaxtsa jurnalistikaya üz tutacağı, tanınmış imza sahibinə çevriləcəyi, nəhayət, peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalacağını yəqin ki, heç onun özü də təsəvvür etmirdi. Hər halda, 1979-cu ildə 18 saylı orta məktəbi bitirərək sənədlərini Neft və Kimya İnstitutuna verən S.Əsgərovanın mətbuata gəlişi gözlənilən deyildi. Lakin institutu bitirərək mühəndis ixtisasına yiyələnən Salatın sonrakı fəaliyyətini mətbuata bağladı. O, əvvəlcə "Baku” qəzetində işləməyə başladı. 1988-ci ildə isə "Molodyoj Azerbaydjana” qəzetinə keçdi və qısa müddətdə imzasını respublika oxucusuna tanıtdıra bildi. Qarabağda məlum hadisələr baş qaldırdıqdan sonra muxtar vilayətə tez-tez səfər edən jurnalistlər arasında S.Əsgərovanın adı da keçirdi. Vətən sevgisi ona qadın olduğunu və belə səfərlərin təhlükəsini elə bil, tamam unutdururdu. İxtisasca geofizik olsa da, dərin müşahidə, gördüklərini təhlil etmək qabliyyətinə malik olan bu xanımı jurnalistika özünə daha çox cəlb edib.

S.Əsgərova müxtəlif mövzularda yazırdı. Onun qəzet səhifələrində toxunduğu problemlər həyatımızın ən vacib, ən ümdə məsələləri idi. Ancaq Qarabağ problemi, Azərbaycanın bütövlüyü, erməni qəsbkarlarına qarşı igidliklə vuruşan oğullarımızın mərdliyi həyatının son 3 ilində Salatın Əsgərovanın yazılarının başlıca mövzusuna çevrilmişdi.

Bakıda oturub rahat işləyə bilmirdi...

Peşəsinə sadiq olan bu qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində olurdu. "Molodyoj Azerbaydjana” qəzetinin oxucuları onun doğma torpağa məhəbbət, azğın düşmənə nifrət dolu oçerklərini, yol qeydlərini səbirsizliklə gözləyirdilər. Onun həqiqəti söyləyən, erməni faşizminin iç üzünü açan yazıları yağıların gözünə ox kimi sancılırdı. Salatının Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omonçular” adlı sonuncu yazısı söylədiyimiz fikrin təsdiqi üçün kifayətdir. Jurnalist bu yazısında təkcə döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitir: "SSRİ prezidentinin (M.Qorbaçovun) DQMV-də qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var?”.

S.Əsgərovanın boğazında zob xəstəliyi var idi. Bu xəstəlik jurnalistin yolunu kəsir, gördüyü işlər qarşısında ona mane olurdu. Yaxın adamları ona əməliyyat olunmağı məsləhət görsələr də, jurnalist bununla razılaşmırdı, deyirdi ki, boş şeylərə, mənasız yerə vaxt itirməyə dəyməz. Sanki hansısa daxili qüvvə Salatın Əsgərovaya deyirdi ki, "sən bu gün cərrahiyyə stolunda yox, Vətən oğullarının al qanına boyanmış torpaqlarımızda olmalısan, düşmənlə üz-üzə dayanmalısan”. Qarabağ adı gələndə onun yadından hər şey çıxırdı.

Şəhidlik zirvəsi...

1991-ci il yanvarın 9-u düşmən gülləsi bu fədakar qadın jurnalistimizin həyatına son qoymaqla yanaşı, həm də Azərbaycan mətbuatının ilk şəhidinin verdiyi tarix kimi yaddaşlara həkk olundu. Həmin gün növbəti ezamiyyət çərçivəsində avtomobildə sovet hərbçilərinin müşayiəti ilə Laçından Şuşaya doğru hərəkət edən Salatın erməni yaraqlılarının qurduqları pusquya düşərək aldığı güllə yarasından dünyasını dəyişdi. S.Əsgərova layiq olduğu yerdə - Bakının Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan dövləti və xalqı öz qəhrəman qızının, şəhid jurnalistimizin xatirəsini hörmətlə yaşatmaqdadır. Salatın Əsgərova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, paytaxt Bakıda bir küçə və Bakı buxtasında gəzinti gəmilərindən biri Salatın Əsgərovanın adını daşıyır. Salatının həlak olduğu əraziyə ən yaxın yerləşən kənd də onun şərəfinə Salatınkənd adlandırılıb. O, özündən sonra bir oğlan övladını da yadigar qoyub gedib. Həmkarımız şəhidlik zirvəsinə yüksələndə cəmi bir neçə yaşı olan oğlu Ceyhun Əsgərov böyüyərək anasının jurnalistikadakı yolunu uğurla davam etdirib.

1991-ci ilin yanvarın 8-də yola çıxan jurnalistin ezamiyyəti Laçına idi. Ancaq o, Şuşada - Qaladərəsində həlak oldu. Çoxdan tanıdığı, şəxsiyyətinə böyük hörmət etdiyi rus döyüşçü Oleq Larionovun Şuşada olduğunu eşitmişdi. Oleq Larionov Qazaxda S.Əsgərovanı ölümdən xilas etmişdi. Erməni təcavüzkarlarına qarşı aparılan əməliyyatlarda, döyüşlərdə onun mərdliyinin dəfələrlə şahidi olan jurnalist döyüşçü ilə görüşmək, ondan müsahibə almaq istəyirdi. S.Əsgərova bunu özünün vəzifə borcu hesab edirdi. Odur ki, Şuşaya getdi. Salatın Əsgərova Larionovla söhbət etdi. Ancaq bu söhbəti yarı yolda düşmən avtomatlarının səsi susdurdu. Salatının gicgahına dəyən güllə onun dünyaya sığmayan Vətən eşqini, gənc ömrünü Qarabağın qanlı yollarında yarımçıq qoydu... Onun necə şəhid olması haqqında sənədlərdə bu bilgilər verilib: "1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də (Şuşa rayonu ərazisi) Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulmuş və nəticədə sürücü, kəşfiyyat batalyonunun komandiri, polkovnik-leytenant O.Larionov, Laçın rayonu hərbi komendaturasının qərargah rəisi, mayor İ.İvanov və "Azərbaycan Gəncləri” qəzetinin müxbiri Salatın Əsgərova şəhid olub”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb






SON XƏBƏRLƏR

2018-11-21