2016-07-15 23:21:46   |   1231 dəfə oxunub

“Allah Azərbaycan kinosuna rəhmət eləsin”

Kənan M.M: “Komediya filmlərinə ona görə çox baxılır ki, bu gün millətin gülməyə daha çox ehtiyacı var”

“Mənim, sənin oğlun oturub o “Dədə Qorqud”a baxacaq? Yox. Çünki müasir uşağın dünyaya baxışı da fərqlidi. Sənin uşağın ömrü boyu “Forsaj”ı qoyub “Dədə Qorqud”a baxmaz”



Azərbaycan film bazarı bir müddət tamamilə ölü vəziyyətində idi. Dövlət dəstəyi ilə Azərbaycan filmlərinə dəstək olmaq məqsədilə büdcə ayrıldı ki, filmlər, seriallar çəkilsin.

Kinoteatrlarda filmlərin təqdimatı başladı, premyeralar maraqlı təqdimatlarla sərgilənməyə başladı. Amma Azərbaycan kinosunda bəzi ciddi problemlər diqqətdən qaçmır. Son vaxtlar çəkilən filmlər, təqdim olunan film təqdimatlarında bir məqamın şahidi oluruq. Ekran əsərlərinin böyük əksəriyyəti komediya janrında çəkilir. Amma bu kimi ekan əsərləri ilə də dünya kino bazarına daxil olmaq, beynəlxalq film festivallarında iştirak etmək mümkün dyeil. Beynəlxalq kino festivallarına bu gün bəsit, primitiv komediya janrında çəkilən filmlərlə getmək gülünc səslənər.

Qeyd edək ki, Kənan M.M də şəxsi instaqram səhifəsində bu mövzuya tənqidi münasibətini nümayiş etdirib.

"Bir daha başa düşdüm ki, bu millətə belə filmlər lazım deyil. Həyatımızda çox gecələr olacaq, amma heç bir gecədə çağırılmamış "Gecə qonağı” olmayacaq. Heyif, çox heyif sənə, "Gecə qonağı”.

O, "Gecə qonağı” filmindən bir hissəni paylaşaraq, onu tənqid edənlərə üzüldüyünü vurğulayıb:

"Bəzi insanlar dünyasını lazım olduğu yerdə yaşamırlar. Gəlin, söyüşlü kinolara baxaq gülək, milli filmlərimiz söyüşdən ibarət olsun. Mənim kimisə qınamağa nə haqqım var, nə də elə bir fikrim. Sadəcə, bu, yaradıcı insanın daxili səsidir. Bu səsə özümdən başqa cavab verən olmayacaq. Heyif Azərbaycan tamaşaçısı. İlk dəfədir etiraf edirəm ki, bu mətni ağlayaraq yazdım”.

Rejissorlar niyə son vaxtlar primitiv gülüşə üz tutmağa maraq göstərir, daha çox komediya janrında filmlər çəkilir? Bunun kommersiya marağı varmı: yoxsa komediya filmlərini ərsəyə gətirmək bu qədər asandı?

"Şərq”ə açıqlama verən Kənan M.M "bəlkə də millətin bu gün gülməyə daha çox ehtiyacı var, ona görədir" deyir. 
-Komediya filmləri də lazımdı. Amma komediya janrında çəkilən bugünkü filmləri ancaq Azərbaycan tamaşaçısı başa düşə bilər. Bizim filmlərdə istifadə olunan deyimlər ki var, tamaşaçı buna gülür, bunu ingilis başa düşməz. Onlar hətta tərcümə belə edilə bilməz əcnəbi dilə. Çünki jarqon ifadələrdən istifadə edərək tamaşaçını güldürməyə çalışırıq. Bu gün çəkilən komediya filmlərinin son mənzili də elə buradı, onların fatihəsi ancaq bizdə verilir, Azərbaycan qəbiristanlığı olur. Bu filmlərlə Azərbaycanı heç bir film festivalında, kino müsabiqəsində təmsil edə bilməzsən. Bu filmi adamın başına çırparlar. Hörmətli rejissorlar, filminizin yaxşı və ya pis alınmağını öyrənmək istəyirsizsə, əlinizdə olan filmləri Azərbaycandan kənara çıxarın. İnanın, son vaxtlar çəkilən demək olar ki, bütün filmləri üzünüzə vuracaqlar. İnanın, gülünc vəziyyətinə düşəcəksiz. Bilirsiz, biz hələ də ancaq özümüz üçün görünməyi sevirik. Ola bilsin Azərbaycanda məndən yoxdu. Kənan M.M bir dənədi. Amma xaricdə çoxdu. Qaldı film çəkən rejissorlara, bir az da xarici filmləri izləyib nəsə öyrənsinlər. Mənim filmim bu yaxınlarda Almaniyadakı Beynəlxalq Film Festivalına qəbul edildi. Baxdılar, bəyənib qəbul etdilər. "Qayıdış” filmim Almaniyada Beynəlxalq Film Festivalında iştirak etdi. Türkiyənin məşhur serialı olan "Öylə bir keçər zaman ki” serialındakı məşhur alman aktrisası filmi göz yaşı içində izlədi, alman rejissoru filmi ayaq üstə alqışladı. Amma "Qayıdış”a bizimkilər burda baxmadı. Göstərmədilər. Bizdə özümüz çəkək, özümüz baxaq, özümüz də alqışlayaq prinsipi ilə çalışmağa üstünlük verirlər. Heç kimin əməyini gözdən salmaq niyyətim də yoxdu. Amma bu gün bir söz deyə bilərəm. Allah Azərbaycan kinosuna rəhmət eləsin! Bir söz də indi millətin dilinə düşüb. Hayıf deyil köhnə kinolar? Ay balam, sən bu gün köhnə paltar geyinərsən, köhnə yeməyi yeyərsən? İnkişaf etmə də. "Qayınana” ilə "Avatar”ı müqayisə etmə də. "Dədə Qorqud”la "Forsaj”ı necə müqayisə edə bilərsən? Bizim dövrün uşaqları o filmləri izləyirdi. İndi mənim, sənin oğlun oturub o "Dədə Qorqud”a baxacaq? Yox. Çünki müasir uşağın dünyaya baxışı da fərqlidi. Sənin uşağın ömrü boyu "Forsaj”ı qoyub "Dədə Qorqud”a baxmaz. Gəlin həmin köhnə filmləri kinoteatrlarda göstərək, görün gedib baxan olacaq? Niyə bunu etiraf etmirik ki? Millətdə bir az eqoistlik var. Tamaşaçıda eqoistlik yaranıb. Komediya da yaxşı. Demirəm ki, çəkilməsin. Amma komediya ciddi kino əsəri sayıla bilməz. Bu gün 17-18 komediya janrında Azərbaycanda film çəkilib. Nədi-nədi, 2 komediya filmi tutdu. Yəni baxan çox oldu. Hamı başladı komediya çəkməyə. Ciddi film janrına üz tutmaq çətindi. İnsanları güldürmk çox asandı. Youtub zarafatları ilə də milləti güldürülər. Zamanında bir video çıxdı, baxan gülürdü. 5 il sonra uşaqlar o filmlərə baxanda da gülməyəcək. "Yol əhvalatı” kino əsəridi. Amma bu gün çəkilən zarafatdı. "Titanik”i qoyub sabah heç kim bizim kinoteatrlarda çəkilən primitiv, zarafatyana çəkilən ekran əsərini izləməyəcək. Problem budu. Çünki o zarafatla yaranan ekran əsəri gündəmin nəbzi ilə çəkilib. Həmin dönəmdə bilən o sözə gülür, 5 il sonrakı tamaşaçı bilməyəcək ki, vaxtilə zarafatla deyilən söz bu filmdə istifadə olunub. Bu gün çəkilənlər əslində heç komediya da deyil. Zarafatdı. Bu kino deyil. Dram janrında çəkilən ekran əsəri filmdi. Stanislavskinin bir sözü var - tamaşaçını ağlat, qəlbini parçala. Amma bunun üçün gərək öz qəlbini parçalayasan. Komediyada öz qəlbini parçalamaq yoxdu. Güldürəndə də sənin gülüşündən tamaşaçı nəticə çıxarmalıdı. Əgər o komediyada gülüş düşündürməyi bacarmırsa, demək ki, onu çəkməyə dəyməzdi. Mənasız gülüşə filmdə ehtiyac yoxdu. Film istənilən halda tamaşaçını güldürməlidir. Kinonun missiyası odu. Siz bu gün çəkdiyiniz, adını komediya qoyduğunuz bu filmlərlə heç bir kino festivalında Azərbaycanı təmsil edə bilməzsiz. Dünya kinematoqrafiyası komediyanı ciddi kino olaraq qəbul etmir. Adını saya biləcəyimiz bir çox kino ulduzları var ki, Mel Gibson kimi, onlar komediya janrına müraciət etmir. Çünki kino sənətdi. Kino həyatın özüdü. Kino ciddi işdi, sənətdi. Əvvəl klip çəkməyə rejissor, sonra aparat lazım idi. İndi film çəkməyə fotoaparat bəs edir. Hamı rejissor olub film çəkir. İndi hamı komediya çəkir. Bir ildən sonra hamı yorulacaq. 2017-ci ildə hamı drama çəkəcək. Qeyd edək ki, nazirliyin sifarişi ilə çəkilən filmlərimiz var ki, kifayət qədər ciddi sənət əsərləridir. Amma cəmi bir dəfə təqdimat olur, reklamı getmir, tamaşaçı görə bilmir. Tamaşaçı da deyir ki, bizdə kino var? Niyə yoxdu? Axı var. Amma neyləyək ki, nazirlik bunu göstərmir. Kommersiya filmləri isə kirayəsinin pulunu verir. Çəkdiyini göstərir. Bir də Allah distribiturların ürəyinə rəhm salsın. Cəmi 3 kitayski lampa yandırırlar, filmi təqdim edəndə qazancın 60 faizini götürülər. Əlbəttə, mənim çəkdiyim ciddi filmi çəkməyə imkanım olmaycaq. Çəkən mənəm, amma başqası məndən çox qazanır. Səncə, bir dəfə film çəkəndə uduzan, batıran ikinci dəfə film çəkər? Mən bir onu deyirəm ki, onlar Azərbaycan filmlərinin qatilidir. Bu gün də olmasa, sabah bunun üçün cavab verən olacaq”.

Kənan M.M bu gün aktyorlarımızı qınayanlara da mesajını göndərdi. Niyə aktyor ifalarında sünilik hiss olunur. Türk artistləri kimi niyə bizimkilər inandırıcı oynaya bilmir. Kənan M.M-dən bu suala sərt cavab gəldi: "Aktyora 100 manat verəndə süni oynayar da, neyləməlidi? Tamaşaçı medalyonun bir tərəfini görür. Aktyora 100 manat verilməz. 100 manata oynayan aktyor necə təbii oynasın? Aktyorun maddi, sosial problemi olmamalıdır. Varsa, o, təbii oynaya bilməz nə filmdə, nə səhnədə. Türk artistləri ona görə güclü oynayır ki, böyük qonorar alır. Bizim artistin isə fikri çəkiliş vaxtı qalır ki, kirayə pulunu necə versin, işığı kəsilib, hardan pul gətirsin? Bunu düşünən artistdən də güclü obraz yaratmağı gözləmək olar? Aktyorun məişət problemi olmamalıdır. O ancaq sənətini düşünməlidir. Azərbaycan aktyorları dünyanın ən bədbəxt və ən güclü aktyorlarıdı ki, o şərtlər altında işləyə bilirlər. Əmin olun. Çünki heç bir dünya kino ulduzu onların yaşadığı həyatı yaşayıb, güclü obraz yarada bilməz. Onlar bizim aktyorların bir gün həyatını yaşasa, bir də kino sahəsinə gəlməz. Heç bir dünya kino ulduzu bizim aktyorların işlədiyi şəraitdə işləyə bilməz. Türk aktyorları ilə bizim aktyorlar arasında bir fərq var. Türkiyədə aktyorlar bizdəkilərdən qat-qat çox pul alır. Keyfiyyət də ona görə hiss olunur. Heç vaxt "Zapı” matoru ilə "Mersedes” sürmək olmaz. Eyni müqayisəni edirik”.

Tahirə Məmmədqızı






SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18