2016-07-19 22:22:07   |   2000 dəfə oxunub

Ciddi dəyişikliklər nəzərdə tutulur

Referendum aktında 29 maddədə 44 dəyişikliklərlə bağlı təkliflər var



Ötən günlərdə, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Sənədə əsasən, məlum akt layihəsi rəy verilməsi üçün artıq Konstitusiya Məhkəməsinə təqdim edilib. Və göstərilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi dərc edilsin.


Konstitusiyada gözlənilən əlavə və dəyişikliklərin mahiyyətindən danışan "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə bildirib ki, bütövlükdə 29 maddədə 44 dəyişikliklə bağlı təkliflər verilib: "Bu dəyişikliklərin xarakterinə diqqət yetirsək görərik ki, bir qismi texniki redaktə xarakteri daşıyır. Eyni zamanda burda insan hüquq və azadlıqlarının qorunmasına dair də normalara dəyişikliklər var. Bundan başqa idarəetmə sistemində yeni institutların yaradılmasına dair normalar təklif edilir. Burada sahibkarlıqla bağlı konstitusion dəyişiklər də nəzərdə tutulur”.

Azərbaycanın çox mürəkkəb bölgədə yerləşdiyini söyləyən fond rəhbəri qeyd edib ki, sabitliyin təminatı üçün təhlükəsizliklə bağlı normaların konstitusiyaya gətirilməsi də vacib olan məsələdir: "Yarana biləcək müəyyən ekstremal vəziyyətlərdə bu məsələyə hüquqi aktla təminat veriləcək. Bu addım sabitliyin təmin edilməsinə yönəlib. Bundan əlavə insan hüquq və azadlıqlarının inzibati təminatina dair dəyişikliklər edilib. Bu, çox vacib məsələdir. İndiyə qədər inzibati məhkəmələr fəaliyyət göstərirdi. Bunu konstitusion norma səviyyəsinə qaldırmaq zəruri idi. Fərdi məlumatların daha etibarlı şəkildə qorunması haqda da dəyişikliklər gözlənilir. Bu o baxımdan önəmlidir ki, hazırkı vəziyyətdə texnologiyaların inkişafı fərdi məlumatların etibarlı şəkildə qorunmasına təminat vermir. Ona görə də, konstitusiyaya hüquqi təminatlar sistemi lazım idi”.

Ekspertin qənaətincə, dəyişikliklərdə qanunsuz silahlı birləşmələrlə bağlı da müəyyən məsələlər yer alacaq: "Bu yenilik isə terrorizmə qarşı mübarizənin daha etibarlı aparılması deməkdir. Deyim ki, siyasi sistem haqda da dəyişikliklər gözlənilir. Milli Məclisin buraxılmasına dair yeni normalar var. Bu məsələ ilə bağlı Azərbaycan qanunvericiliyində bir boşluq mövcud idi. Milli Məclisin buraxılması məsələsi konstitusion normada yox idi. Halbuki bəzi hallarda parlamentdə mübahisələr yarana bilər. Bu mübahisələrin qarşısının alınmasının ən yaxşı yolu onun buraxılmasıdır. Dəyişiklik əslində müəyyən boşluqların aradan qaldırılmasına gətirib çıxaracaq”.

Birinci vitse-prezident və vitse-prezident postlarının yaranmasına diqqət çəkən Ə.Nuriyev vurğulayıb ki, bu çox maraqlı və önəmli dəyişiklikdir: "Azərbaycan Prezidentinin səlahiyyətlərini paylaşması zəruri idi. Hər halda düşünürəm ki, dəyişiklikləri diqqətlə öyrənməliyik. Çünki yeniliklərin əksəriyyəti məhdudiyyətləri aradan qaldırır. Bununla yanaşı, bir məqamı da qeyd edim ki, seçkilərdə yaşla bağlı məsələlərə də aydınlıq gətiriləcək. Həmçinin dəyişikliklərdə bəzi ifadələr var ki, onu konstitusion normaya gətirmək nəzərdə tutulub. Məsələn, "əqli qüsurlu” ifadəsi doğru deyil. Kobud səslənir. Bir növ diskriminasiya yaradır. Belə terminologiya yolverilməzdir. Azərbaycan əlillərlə bağlı beynəlxalq konvensiyaya qatılıb. Ona görə də, belə ifadələr diqqətdə saxlanılmalıdır. Bir sözlə, təklif olunan dəyişikliklər yaranmış və yarana biləcək münasibətlər sisteminin genişləndirilməsi istiqamətində atılan addım kimi dəyərləndirilə bilər. Məlum təkliflərlə bağlı şərhləri verməkdə tələsmək olmaz. Çünki konstitusion normada bir işarənin dəyişməsinin böyük anlamı var”.

Millət vəkili Aydın Mirzəzadə də bu dəyişikliklərin Azərbaycanın inkişafına tam cavab verdiyini bildirib: "Bu dəyişiklik çağdaş Azərbaycanın inkişaf tələblərinə cavab verir. Azərbaycanın əhalisinin sayı 10 milyona yaxınlaşır. Biz əhalisinin sayı çox olan ölkəyə çevrilməkdəyik. Iqtisadiyyatımız güclənir, beynəlxalq əlaqələrimiz genişlənir, beynəlxalq bazarlara çıxmaq imkanlarımız artır. Bütün bunlar dəyişikliklərin həyata keçirilməsini vacib edir. Bu dəyişikliklərin içərisində bir qrup məsələ var ki, bu məsələ demokratik mühitin dərinləşməsinə, digər qrup məsələ isə idarəetmə mexanizminin daha da çevikləşməsinə xidmət edir. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması praktikası dünyada var. Fransada, Türkiyədə uzun müddət prezidentlərin səlahiyyəti 7 il olub. Rusiyada isə bu göstərici 6 ildir. Iş burasındadır ki, dövlət başçısı sadəcə cari məsələlərin həlli ilə məşğul olmur. Təmsil etdiyi ölkənin strateji inkişaf proqramının cəmiyyət tərəfindən dəstəkləndiyi təqdirdə, bu planı həyata keçirir. Bir sıra hallarda bu proqramların həyata keçirilməsində 5 il azlıq təşkil edir. Hesab edirəm ki, 7 il optimal bir müddətdir. Bu gün Azərbaycan iqtisadiyyatının yenidən qurulması, beynəlxalq birlikdə nüfuzunun artması, Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsinə qaldırılması, Azərbaycanın regionda iqtisadi-maliyyə-siyasi mərkəzə çevrilməsinə dair bir çox uğurlu layihələr həyata keçirilməkdədir. Bu baxımdan dövlət başçısının səlahiyyət müddətinin 7 ilə çatdırılması bu proqramların uğurla başa çatdırılmasına xidmət edir”.

Digər parlament üzvü Elman Məmmədov diqqətə çatdırıb ki, 1995-ci ildə qəbul olunmuş konstitusiyamıza vaxtaşırı əlavə və dəyişikliklər olub. Bu da növbəti dəfə olunacaq əlavə və dəyişikliklərdir: "Gözlənilən məlum dəyişikliklər cəmiyyətin və dövlətin inkişafı üçündür. Eyni zamanda konstitusiyamızda tətbiq olunanlar beynəlxalq aləmdə gedən proseslərə və ölkəmizin siyasi, iqtisadi həyatında baş verən irəliləyişlərlə uyğunlaşdırılmalıdır. Konstitutsiya Ana yasamızdır. Bütün qanunlar ona əsaslanır. Bir daha qeyd edirəm ki, gözlənilən dəyişikliklər və keçiriləcək referendum ölkəmizin, dövlətimizin, millətimizin inkişafına, qanunvericiliyimizin təkmilləşməsinə xidmət göstərəcək. Hesab edirəm ki, bunlar çox zəruri və vacib məsələdir. Bütün bunlar dövlətimizin, xalqımızın inkişafı, rifahı və gələcəyi naminə edilir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, konstitusiya canlı sənəddir və cəmiyyətlə birlikdə inkişaf etməlidir: "Bu baxımdan Prezident tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının təqdim olunması zamanın tələbidir və bir sıra müddəalar əvvəlki Referendum Aktlarının müzakirələri zamanı səslənib: "Müəyyən təməl prinsipləri çıxmaq şərtilə hər bir ölkənin Konstitusiyası özünəməxsusdur və ölkənin tarixi, inkişafı, ənənələri ilə üzvi surətdə bağlıdır. Hər bir dövlət xalqın və cəmiyyətin maraqları baxımından prioritet verdiyi müddəaları Konstitusiyaya daxil edə bilər. Azərbaycan Respublikasının sabit və davamlı inkişafı, təhlükəsizliyinin tam təminatı kimi güclü prezidentlik institutu, insan hüquqlarının səmərəli qorunması kimi məsələlər yeni Referendum Aktının hədəfləri kimi cəmiyyət və xalq tərəfindən birmənalı müdafiə olunacağına əminəm”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bəyan edib ki, Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər: "Mövcud dəyişikliklər daha çox xarici faktorlardan qaynaqlanır. Dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur, Azərbaycanı Ermənistanla danışıqlar uğursuzluğa səbəb olarsa, qanlı savaş gözləyir. Görünür, iqtidar bu çağırışlara hazır olmaq və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür. Türkiyədə yaşananlar göstərdi ki, hərbi qiyam zamanı Prezidentin Milli Məclisin razılığı olmadan Silahlı Qüvvələrdən istifadə hüququ olmalıdır, çünki qiyam zamanı Milli Məclisin iclasını çağırmaq mümkün olmaya bilər. Ona görə də dəyişiklik edilərkən 95.16 və 109.28-ci maddələr Konstitusiyadan çıxarılmalıdır. Bundan başqa da layihəyə əlavə təkliflərimiz olacaq ki, yaxın vaxtlarda bunu açıqlayacağıq. Biz BAXCP olaraq ölkədə parlamentli respublika tərəfdarı olsaq da, mövcud dəyişikliklərin Konstitusiyanı mürtəceləşdirəcəyi fikirlərini qəbul etmirik”.

"Azərbaycanda ciddi islahatlar həyata keçiriləcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib ki, Azərbaycanda ciddi islahatlar həyata keçiriləcək: "Bu sərəncamda əsas məqsəd vitse-prezident institutunun yaradılmasıdır. O cümlədən də prezident yaşının 35-dən 30-a, millət vəkillərinin isə yaş həddinin 25-dən 18-ə endirilməsi məsələləri önə çəkilib. Bundan başqa, struktur islahatlarının həyata keçirilməsinə başlanılacaq. Hesab edirəm ki, Prezident bu islahatlarla bağlı vaxtında addım atdı”.

V.Əhmədov bildirib ki, Azərbaycanda vitse-prezident institutunun yaradılmasına ehtiyac var: "Bu institutların yaradılması daha çox konkret məsələlərlə məşğul olmaq, həm xaricdə, həm daxildə Azərbaycanın maraqlarını müdafiə etmək və s. referendum aktında öz əksini tapacaq. Hesab edirəm ki, bu, müsbət addımlardır”.


 








SON XƏBƏRLƏR

2017-06-26
2017-06-25
2017-06-24