2016-10-20 01:57:36   |   1242 dəfə oxunub

Fondun “Azərişıq” ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

“Şərq”in əməkdaşı İsmayıl Qocayev də mükafat alanlar arasında olub





Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərişıq” ASC-nin birgə təşkil etdikləri "İstehlakçıların keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Mükafatlandırma mərasimi "Azərişıq” ASC-nin Buzovna qəsəbəsində yerləşən 110/35/10 KvT-luq Buzovna-2 yarımstansiyasında keçirilib. Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərişıq” ASC-nin sədr müavinləri - Ramil Yusifov və Vüqar Əhmədov, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçılarına əvvəlcə yarımstansiyasının fəaliyyəti, burada yaradılan iş şəraiti ilə yaxından tanışlıq imkanı yaradılıb, habelə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Tədbiri giriş sözü ilə açan "Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qonaqları salamlayaraq son illər istehlakçıların keyfiyyətli enerji təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, infrastrukturun müasirləşdirildiyini, qabaqcıl texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. "Azərişıq” ASC-nin sədr müavini ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrə müvafiq olaraq "Azərişıq” ASC-nin istehlakçıların etibarlı və dayanıqlı elektrik enerji ilə təchizatı istiqamətində sistemli iş apardığını xüsusi vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə” ASC-nin bazasında "Azərişıq” ASC-nin yaradılması bu sahədə həyata keçirilən islahatların səmərəliliyini və miqyasını daha da artırıb.

R.Yusifov respublika üzrə 44 ədəd 110 KVT-luq yarımstansiyanın tikilərək istifadəyə verildiyini, 2006-cı ildən bəri Bakı şəhəri üzrə elektrik enerjisi yüklərinin 3048 meqavoltamperdən 6440 meqavoltamperədək artırıldığını, texniki itkilərin 16,8 faizdən 8,2 faizə endiyini bildirib. Sədr müavini respublikanın regionlarında həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib.

R.Yusifov Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin elektrik enerjisi təsərrüfatının müasirləşdirilməsi və əhalinin enerjiyə tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müavini müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrinin iştirakı ilə "Azərişıq” ASC-nin Buzovna qəsəbəsində yerləşən yarımstansiyasında keçirilən tədbiri jurnalistlərin sözügedən müəssisənin fəaliyyəti, enerjinin yayımı prosesi, habelə buradakı müasir texniki qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib.

İcraçı direktor bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanda enerji təsərrüfatının təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində ardıcıl islahatların həyata keçirildiyini, nəticədə ötən əsrin 90-cı illərində bu sahədə mövcud olan problemlərin tamamilə aradan qalxdığını diqqətə çatdırıb.

Vüqar Səfərli oktyabrın 20-si tarixinin ölkəmizdə Energetiklər günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq "Azərişıq” ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Çıxışını davam etdirən Vüqar Səfərli bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Bu məqsədlə Fond müxtəlif dövlət qurumlarında görüşlər, habelə birgə fərdi jurnalist yazıları müsabiqələri təşkil edir. İcraçı direktor qeyd edib ki, "Azərişıq” ASC ilə birgə keçirilmiş müsabiqənin məqsədi Azərbaycanda enerji təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.

Vüqar Səfərli sentyabırn 21-dən oktyabrın 14-dək davam edən müsabiqəyə 25 KİV-dən 35 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini bildirib: "Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, balların oxşarlığı, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, "Azərişıq” ASC-nin sədri Balababa Rzayevlə əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 9 ədəd qaldırıldı”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov energetiklərin peşə bayramı münasibətilə "Azərişıq” ASC-nin çoxsaylı kollektivini təbrik edərək elektrik enerji təsərrüfatının Azərbaycanın dinamik inkişafı ilə uzlaşdığını, bu

sahədə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. O əldə olunan uğurlarda "Azərişıq” ASC-nin kollektivinin gərgin əməyini və peşəkarlığını xüsusi diqqətə çatdırıb.

"Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov müsabiqədə və tədbirdə fəal iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirərək belə tədbirlərin qarşılıqlı əlaqələrin genişləndirilməsi və ictimaiyyətin aparılan islahatlar barədə ətraflı məlumatlandırılması baxımından əhəmiyyətini qeyd edib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. "Şərq”in əməkdaşı İsmayıl Qocayev də mükafat alanlar arasında olub.

Qalibləri təbrik edən icraçı direktor Vüqar Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərişıq” ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran "Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16