2016-11-30 00:40:50   |   604 dəfə oxunub

“Türk cəmiyyətində Qərbə antipatiya formalaşır”

Elxan Şahinoğlu: “Əvvəllər, yəni 15-20 il əvvəl İstanbulun küçələrində daha çox avropalı görürdük”

“İndi hər yerdə ərəblərdir, son dövrlər ruslar da çoxluq təşkil edir”



Avropa Parlamentinin məlum qərarından sonra Türkiyə ilə Aİ arasında soyuq münasibətlər daha kəskin fazaya keçib. Əslində, qərar gözlənən idi. Son bir ayda Türkiyə əleyhinə siyasi bəyanatlar səsləndirən Avropa ölkələrinin liderləri rəsmi Ankara ilə əlaqələrin kəsilməsinə çağırışlar edirdilər. Belçika, Hollandiya və Avstriyanın həmfikirlik nümayiş etdirərək PKK-ya yardım etmələri, qardaş ölkəyə təhdid və şantaj xarakterli ittihamlar irəli sürmələri bundan xəbər verirdi.

Əksər ekspertlər hesab edirlər ki, hüquqi əsası olmayan qərar layihəsinin hazırlanması Türkiyədəki həbslərlə əlaqələndirilsə də, mahiyyət etibarı ilə Ankaraya təzyiq xarakteri daşıyır. Tərəflər arasındakı gərginliklə bağlı "Şərq”in suallarını cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qərbin mövqeyində ikili standartlar olduğunu deyib...

- Avropa Birliyi ilə Türkiyə arasında müşahidə olunan qarşıdurmanın real səbəbləri nədir? Həqiqətənmi, qardaş ölkə Aİ-nin kriteriyalarına cavab vermir?

- Avropa liderləri Türkiyə rəhbərini "avtoritar” rejim qurmaqda, medianı sıxışdırmaqda ittiham edirlər. Amma sizi əmin edirəm ki, Türkiyə tam demokratik ölkə olsaydı, bütün azadlıqlar, hüquqlar təmin edilsəydi belə, yenə də Avropa Birliyi Türkiyəyə yaşıl işıq yandırmayacaqdı. Birlik 50 ildir ki, Türkiyəni qapı ağzında gözlədir. Yaxşı, deyək ki, 10 ildən artıq hakimiyyətdə olan Ərdoğan hökuməti Avropanın şərtlərini tam yerinə yetirmədi və öz bildiyi kimi hərəkət etdi. 50 ildir Türkiyəni AKP idarə etmir ki? Geridə qalan 40 il ərzində də Türkiyəni AB-yə üzv etmək mümkün olmadı. Deməli, burada başqa məqamlar var. Nəzərə almaq lazımdır ki, illər ötdükcə Avropanın mövqeyi müsbətə yox, əksinə, mənfiyə doğru dəyişir. Halbuki 2000-ci ildə Ərdoğan Avropa Birliyinin indiyə qədər həyata keçirilməyən şərtlərini yerinə yetirdi. Amma bunun mənası olmadı. Təşkilat getdikcə daha çox şərtlər qoymağa, tələblərini artırmağa başladı. Artıq AKP hökuməti Avropa Birliyinin bəhanələr gətirdiyini, Türkiyəni istəmədiyini anlayır. Xüsusən, Almaniya və Fransa dövlətləri Ankara əleyhinə çağırışlar edirlər. Onlar yaxşı bilirlər ki, güclü potensialı olan Türkiyənin Avropa Birliyində təmsil olunması türk-müsəlman dövlətinin dünyada böyük söz sahibinə çevrilməsinə gətirib çıxaracaq. Prosesi ləngitməyin, dondurmağın əsas səbəbi budur.

- Avropa Parlamenti üzvlüklə bağlı müzakirələri müvəqqəti dondurdu. Bəs Türkiyə özü bu məsələdən birdəfəlik imtina edə bilərmi, bunun nəticələri necə olar?

- Əgər ölkədə bununla bağlı referendum keçirilsə, vətəndaş Avropa Birliyinə üzvlük məsələsinin dayandırılmasını tələb etsə, o zaman Ərdoğan müzakirələri birdəfəlik durduracaq. Necə ki, Böyük Britaniyada referendum yolu ilə ölkə AB-dən çıxdı, eləcə də bunu Türkiyə edə bilər. Onsuz da, AKP
hökuməti, xüsusən Ərdoğan üzvlük məsələsinə etiraz edir, "qapıda gözləməkdən” bezdiyini açıqlayır. Referendumun nəticələri Ərdoğana əsas verəcək ki, o, Avropa Birliyi ilə danışıqları saxlasın.

- Son günlər Türkiyənin NATO-dan çıxması ilə bağlı təkliflər gündəmə gəlir. Uzun müddət Qərbyönlü siyasətə üstünlük verən Türkiyə hərbi alyansdan çıxmağı gözə alarmı?

- Bu məsələni daha çox Rusiya rəsmiləri gündəmə gətirir. Ara-sıra Türkiyənin özündə də NATO-dan vaz keçmək mövzusu müzakirə edilir. Bəziləri hesab edir ki, hərbi alyans Ankaraya xarici düşmənlərlə mübarizədə, xüsusən PKK-ya qarşı savaşda lazımi dəstək vermir. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, təşkilat Türkiyəyə edilən hücumların önündə dayanmalıdır. Bunun əksinə, hərbi alyansın tərkibində yer alan Almaniya və Belçikada PKK üzvləri çox açıq fəaliyyət göstərirlər. Belə müttəfiqlik olmaz. Sırf bu səbəbdən Türkiyə rəsmiləri NATO-ya etirazını bildirir. Amma böyük ölçüdə hökumət kulislərində bununla bağlı heç bir danışıq getmir. Eyni zamanda təşkilat daxilində də hansısa müzakirələr aparılmır. Əksinə, qurum rəhbərliyi Türkiyəni özlərinin ən böyük müttəfiqi sayırlar. Məncə, bütün hallarda Türkiyəyə NATO kimi hərbi ittifaq lazımdır. İnanmıram ki, bu məsələ Aİ-dən çıxmaq qədər müzakirə olunsun. Çünki Türkiyə Avropa Birliyində təmsil olunmur, amma 65 ildən çoxdur NATO-nun üzvüdür. Oturuşmuş bir sistemdən Türkiyənin çıxacağı ehtimalı çox azdır.

- NATO-dan çıxma qərarını Ərdoğan verə bilərmi, yoxsa seçimi referendum yolu ilə xalq etməlidir?

- Təbii ki, belə bir təşkilatdan çıxma qərarı xalqın istəyi ilə mümkündür. Əslində Ərdoğanın bu məsələni qaldırmaq niyyəti yoxdur. Sadəcə bir dəfə avropalı rəsmilərlə söhbəti zamanı bu mövzunu açıb. Avropalı nümayəndə açıq şəkildə Ərdoğana dedi ki, "özünüzü çox yormayın, siz bizə aid deyilsiniz, ona görə də Türkiyəni Avropa Birliyində görmək istəmirik”. Onda Ərdoğan soruşdu ki, "bəs niyə NATO-ya qəbul etdiniz?”. O da cavabında bunun ciddi səhv olduğunu söylədi. Belə çıxır ki, bu qərar Sovet imperiyası ilə aparılan soyuq müharibə dövründə məcburi verilib. Bəlkə indiki zaman olsaydı, Türkiyəni heç NATO-ya da üzv qəbul etməzdilər. Hər halda zamanında Türkiyəni Stalinin hücumundan qoruyan hərbi təşkilat bu gün də öz gücünü qoruyur. Ona görə də heç kim öz xoşuyla NATO-dan çıxmaq istəməz.

- Tez-tez Türkiyəyə səfər edirsiz, ictimaiyyət içində olursuz. Sizcə, türk xalqı Qərbə daha çox meyl edir, yoxsa Rusiyaya?

- Sizə bir fakt deyim. Əvvəllər, yəni 15-20 il əvvəl İstanbulun küçələrində daha çox avropalı görürdük. İndi hər yerdə ərəblərdir, son dövrlər ruslar da çoxluq təşkil edir. Sorğular da göstərir ki, artıq türk ictimaiyyətində Qərbə antipatiya formalaşır. Ruslara isə bir az inam var. Məsələ orasındadır ki, Türkiyə Rusiya ilə əməkdaşlıqdan böyük qazanc əldə edir. Tərəflər arasında yüksək məbləğdə gəlir gətirən iqtisadi layihələr var, rus turistlər ildən-ilə çoxalır. Bu səbəbdən dövlət və xalq arasında ruslara daha çox diqqət göstərilir. Ərdoğan da bir neçə dəfə bildirib ki, Türkiyə Qərb strukturları əvəzinə "Şanxay Beşliyi”ni seçə bilər. Görünür, Türkiyə alternativ yollar axtarır. Amma bununla bərabər Qərbdən tamamilə üz döndərmir. Çünki Rusiyanın özü kifayət qədər təhlükəli dövlətdir və o qədər də etibarlı deyil. Bu baxımdan Türkiyə Moskvaya meyillənməklə yanaşı, Qərblə əməkdaşlığa da yer verir.

- ABŞ-Türkiyə münasibətlərini necə dəyərləndirirsiz? Donald Trampın Prezident seçilməsindən sonra müxtəlif iddialar səslənir...

- Amerikanın yeni Prezidenti Trampın Türkiyə ilə yaxın əməkdaşlıq edəcəyi deyilir. Tramp öz açıqlamalarında bunu etiraf edib. Əgər Vaşinqton hərbi çevrilişə cəhd edən Fətullah Güləni Türkiyəyə ekstradisiya edərsə və kürdlərə silah yardımı etməkdən vaz keçərsə, ABŞ-Türkiyə münasibətləri müsbət istiqamətdə inkişaf edə bilər. Yox əgər, bunlar baş verməzsə, üstəlik Avropa Birliyi kəskin mövqeyini davam etdirərsə, o zaman Türkiyə Qərbə alternativ yollara baş vuracaq. Qərbə alternativ isə Rusiya və Çindir.

- Ərdoğanın "sərhədləri açıb miqrantları buraxa bilərik” açıqlaması sadəcə Avropanı təhdid etmək üçündürmü? Türkiyə hökuməti bu addımı atarmı?

- Ərdoğan haqlıdır. Türkiyənin borcu deyil ki, bütün Suriya və İraq camaatını qaçqın olaraq qəbul etsin, məskunlaşdırsın. Bunu etmək borcdursa və zərurətdirsə, onda Avropa da işə əl atsın. Prosesə müdaxilə etmir, əksinə, Türkiyədən tələb edir ki, miqrantları Avropaya buraxmasın. Tutaq ki, Avropa öz standartlarını qorumaq istəyir, məgər Türkiyənin standartı yoxdurmu? Yaxın Şərqdəki müharibə Türkiyəyə görə başlamayıb ki, Ankara bütün qaçqınları saxlamaq məcburiyyətində qalsın. Əksinə, bir çox münaqişə ocaqları birbaşa Qərbin müdaxiləsi ilə alovlanıb. İndiki halda Ankara üzərinə düşən məsuliyyəti yerinə yetirir. Avropa isə istəyir ki, hər əziyyəti Türkiyə çəksin, zəifləsin, məhv olsun. Müəyyən qədər Almaniya qapılarını açdı, az miqdarda da olsa miqrant qəbul etdi. Amma o biri dövlətlər bir nəfər də olsa qaçqını ölkələrinə soxmadılar. Əgər Avropa Birliyi qərəzli mövqeyini davam etdirərsə, Ərdoğan "miqrant kartından” istifadə edə bilər. Təbii ki, bu, Avropa üçün fəlakət deməkdir.

- Türkiyə hökumətinin xarici siyasəti, xüsusən Yaxın Şərqlə bağlı atdığı addımlar tənqid olunur. Ərdoğanın həyata keçirdiyi siyasəti necə dəyərləndirirsiz?

- Türkiyə hökuməti xarici siyasətinə müəyyən korrektələr edib. Amma səhvlər hələ də qalmaqdadır. Məsələn, İsrail kimi bir dövlətlə münasibətləri korlamaq yanlış idi. Eləcə də Misirlə əlaqəni kəsmək lüzumsuz oldu. Bəzi ölkələrin daxili işlərinə qarışmaq, ona uyğun xarici siyasət yeritmək fayda vermir. Suriya Prezidenti Bəşər Əsəd diktatordur, onun rejimi xalqa zülm edir. Ancaq dünənə qədər "dost” deyilən bir rəhbərlə birdən-birə bütün körpüləri dağıtmaq düzgün addım deyildi. Xarici siyasətdə bir qədər ehtiyatlı davranmaq, müxtəlif istiqamətlərdə əməkdaşlıq qurmaq lazımdır. Əvvəl Türkiyə sadəcə PKK ilə mübarizə aparırdısa, indi PYD, YPG və İŞİD-lə savaşır. Bir sözlə, Türkiyənin Yaxın Şərq siyasəti tələblərə cavab vermir. Keçmişdə buraxılan səhvlər öz "bəhrəsini” verir.

İsmayıl






SON XƏBƏRLƏR

2017-01-20