2016-12-07 01:23:16   |   517 dəfə oxunub

“Mənim qapım hər sənətçiyə açıqdır”

Manaf Ağayev Tacirin açıqlamalarını qəbul etmir

“Qaldı sənət aləmində olanların davranışına, geyiminə, hər kəs özünə cavabdehdi.Mən kimsənin nə atası, nə qardaşı, nə də əri deyiləm ki...”




Dost dəniz qırağındakı daşlara bənzəyir, öncə bir-bir toplayarsan, sonra tək-tək dənizə atarsan,
amma bəzilərinə qıymazsan, sən bax ona baxıb heyfin gələr, qıymazsan, özəl, dəyərli olar, sənə
həyatını anlarını xatırladar. Hər kəs dost deyəndə bunu arzular - bir dost istəyirəm, dərdimi dərd bilən, mən ağlarkən gülüb keçməyən... Bir dost istəyirəm, arxamdan gizli işi olmayan, məni anlayan, məni qoruyan... Bir dost  istəyirəm, mənası sevgili olmayan, dost ürəyimi dostcasına sahiblənə bilən... Səhvlərimi görüb, tərk etməyib, mənə "dayan” deyə bilən...

Bir də dost qapısı olur. Hər zaman tərəddüd etmədən döyə biləcəyin. Həyatda elə bir dost seç ki, acı gündə qapını döyəndə səninlə birgə qapını açsın. Bax, yəqin elə buna görə də hər kəsə qapını açıb, "buyur, gəl” deyə bilmirsən. Evinin, ocağının qapısı ancaq dosta açılır.

Müğənni Tacir Şahmaloğlunun bu günlərdə söylədiyi bir fikir sənət aləmində çaxnaşma yaratdı.
Müğənninin "Qonşularımla çox yaxşı münasibətim var. Ata-babalarımızın tərbiyəsini götürmüşəm. Elə adamlar var ki, evinə gətirə bilmirsən. Müğənniləri evimə yaxın buraxmaram” deməsi sənət aləmində olan həmkarlarını dilə gətirdi.

Bu haqda bir az sonra... Bəs görəsən, doğrudanmı, Tacirin qapısı sənət aləmində olanların üzünə
bağlıdı? 

Bu barədə "Şərq”ə danışan müğənni "Mən belə deməmişəm. Niyə hər sözümü yozurlar?
Mən deməmişəm ki, qapım müğənnilərin üzünə bağlıdı. Demişəm ki, bəzi sənət aləmində olan
insanlar mənim evimə gələ bilməzlər. Bəli, yenə də o fikirdəyəm ki, bəzi sənət aləmində olanlar var
ki, onları evə dəvət etmək düzgün deyil. Şəxsən mənim evimdə elələrinə yer yoxdu. Onların
arasında elə xanım müğənnilər var ki, onları evə salmaq düzgün deyil. Çünki onların nə geyimləri,
nə hərəkətləri ailəyə qonaq olmağa imkan vermir. Biz ailəyə dəyər verən insanlarıq. Hər adam
ailəyə daxil ola bilməz. Elə müğənnilər var ki, mən onları evimə aparmaram. Mən bunu bütün sənət
aləminə aid etməmişəm. Mənim evimə dəyərli sənət adamları gəlirsə, başımın üstündə yerləri var.
Mənsum İbrahimov kimi insan evimin qonağıdısa, bu, mənim üçün qürur olar. Mənim evimə bir
neçə sənətçi gəlir, mən də onların qapısını döyürəm. Əməkdar artist Cabir Abdullayev mənim
dəyərli ailə dostumdu. Mən sadəcə demişəm ki, sənət aləmində elələri var ki, onların hərəkəti,
danışığı, geyimləri bizim mentalitetimizə ziddir, onları evə dəvət edən elə o səviyyənin, o əxlaqın
sahibi olmalıdı. Mənim evimdə ailəm, övladlarım var. Onların yanında elə insanların nə işi var?
Yəqin ki, mənim bu fikrimi düz qəbul edərlər. Özünü tanımayan müğənninin ailədə nə işi ola bilər?
Başqalarını deyə bilmərəm, mən öz yerimə cavab verirəm. Bütünlükdə sənət dostlarıma bunu şamil
edə bilmərəm. Mən özüm də müğənniyəm, mənim də qapısını döydüyüm dostlarım var” söylədi.

Müğənni Manaf Ağayev Tacirin fikirləri ilə razılaşmadığını dilə gətirdi

"Bu sözü demək böyük mənada yanlışlıqdı. Sənət aləmində olan insan bunu deyə bilməz. Mənim evimdə sənət aləmində olan çox insanlar qonaq olublar. Az-az sənətçilər var ki, evimə qonaq gəlməsin. Əvvəla hamı bilir ki, mən qonaq-qaranı sevənəm. Sənətçilər arasında da dəyər verdiyim insanlar çoxdu. Ona görə də mənim qapım açıqdı. Qaldı sənət aləmində olanların davranışına, geyiminə, hər kəs özünə cavabdehdi. Mən kimsənin nə atası, nə qardaşı, nə də əri deyiləm ki, kiməsə ədəb-ərkan dərsi öyrədim. Kim nə geyinir özü bilər, kim necə yaşayır, mənə aidiyyəti yoxdu. Mənim qapım hər bir
sənətçi dostuma, həmkarıma açıqdı. Onun hərəkətinin, geyiminin mənə aidiyyəti yoxdu. Nüşabə
Ələsgərli, Könül Kərimova, Nazənin, Ağadadaş Ağayev, Nazpəri Dostəliyeva, Nadir Qafarzadə,
Ədalət Şükürov, Mətanət İsgəndərli və digərləri mənim ailə dostlarımdı. Mənim qapım dost üçün
açıqdı. Kim necədi özü bilər, əsas odu həmkarlarımdı. Hərə öz adını daşıyır. Hərə özünə cavab verəbilər. Bir də hərənin öz çevrəsi var. Hərə də özünə uyğun insanlarla oturub, durur. Təbii ki, sənət
aləmində elə insanlar var ki, mənim onunla münasibətim yoxdu. Yəni onların dünyası ilə mənim
dünyam fərqlidir. Təbii ki, beləsinin mənim evimdə nə işi ola bilər. Mən ünsiyyətim olanlarla
dostluq edirəm. Amma hətta eləsi belə gəlsə qonaqdısa, qapımı açaram. Amma gəlməz axı. Sənət
aləmində adı kişi olub əslində başqa əqidənin sahibi olanlar gəlim mənim evimdə nə danışacaq
mənimlə? Mən onunla hara gedə bilərəm, nə danışa bilərəm? Yəni mən kişi ilə söhbət edə bilərəm
də. Xanım sənətçilərlə də dostluğum ailə çərçivəsində olur deyə ailəmlə oturub qeybət qılarlar da
yəqin. Bəzi kişilər ki, var özlərini itirənlər, onların mənimlə söhbəti tutmaz axı. Onun mənim
evimdə nə işi ola bilər ki? Onların öz yerləri, yuvaları olur. Elələrinin bizlərin yanında yeri ola da
bilməz. Böyük mənada hərə özünə, ailəsinə, əxlaqına uyğun biriləri ilə dostluq edir. Qaldı gələn
qonağın geyiminə-filan, hər halda mənim qapımı döyən insan mənim xasiyyətimi də bilir, ailəmə
verdiyim dəyəri də görür, o kənarda lüt geyinsə belə, mənim evimə elə gəlməz. Məni tanıyan mənə
dəyər verə bilirsə, dostluq edirik. Mənim dost dediyim insanlar ailəmə o şəkildə gəlməyi özlərinə də
mənə də yaraşdırmazlar. Amma böyük mənada isə qonaq Allah qonağıdı. Gələnə qapım açıqdı.
Müğənni, sənət aləmində olan insan həmkarlarını təhqir etməməlidir. Müğənni müğənnini təhqir
edirsə, özünü də gözdən salmış olur. Kənardan da qulaq asan deyir ki, elə bunların hamısı eyni
səviyyədə olan insanlardı. Sənətçi həmkarını ictimai şəkildə tənqid etməsə, daha düzgün olar.
Müğənnilərin yarısı mənim dostumdu. Tacir düz söhbət etmir. Müğənni evimə gələ bilməz demək
bir az qeyri-etik olar. Kişinin qapısı qonaq-qaralı olar. Qaldı üzdəniraq olanlara, onların mənimlə nə
işi ola bilər? Onların öz maraqları, öz dünyaları, öz adamları var. Mən bircə onu deyə bilərəm ki,
sənət aləmində olanların yarısı mənim yaxın dostlarımdı, qapıma gələn, süfrəmdə oturan, çörəyimi
kəsən insanlardı. Onların da hər biri mənim üçün dəyərlidi”.

Müğənni Nüşabə Ələsgərli də Tacirin bu fikri ilə tam razılaşa bilmədiyini söylədi: "Tacir bunu
bütün sənət adamlarına şamil edə bilməz. Mən bununla razılaşa bilmirəm. Mənim sənət aləmində
ailəcə dostluq etdiyim insanlar var. Mənim də evimə gələn var, mənim də qapısını döydüyüm sənət
dostlarım var. Demirəm çoxdular. Amma sənət aləmində elə dəyərli dostlar var ki, onlara canım
qurbandı. Necə yəni müğənni evimin qonağı ola bilməz? Müğənni olmaq o demək deyil ki,
əxlaqsızdı. Hər sahədə yaxşı, pis insanlar olur. Sənət aləmində də pislər qədər yaxşılar da var. Onda
müğənni pis sayılırsa, sən özün niyə müğənnilik edirsən? Adama bu sualı verərlər. Müğənnilərin
arasında istər qadın, istər kişi o qədər qeyrətli olanlar var ki? Müğənnilərin də içində normal həyat
tərzi yaşayan, ailəyə, qohum-əqrəbaya dəyər verənləri var. Bu sözlə niyə özümüz-özümüzü gözdən
salırıq ki? Bəli, hər insanı ailəyə, evinə buraxmaq olmaz. Bu tamam başqa məsələdi. Amma
müğənnini evimə buraxmaram demək yanlış, səhv fikirdi. Onda elə çıxır ki, Taciri də heç kim evinə
qonaq dəvət edə bilməz? Bu nə dərəcədə düzgün yanaşmadır. Müğənni insan deyil ki?”

Tahirə







SON XƏBƏRLƏR

2017-08-19
2017-08-18