2016-12-09 01:03:36   |   485 dəfə oxunub

“İlhamə xanım yoxdur deyə, “Neylərsən” mahnısının kitabını bağlamalıyıq?”

“Sabah öləcəm, bu o demək deyil ki, məndən sonra bəstələrimi heç kim oxumamalıdır”

Faiq Sücəddinov: “Şəbnəm Tovuzlu zəng edib icazə istədi, mən də verdim”



Xalq artisti İlhamə Quliyevanın yoxluğu bu gün şou-biznesdə hiss olunur. Onun kimi sözünü diktə edən müğənnilər çox azdır. Hər hansı səbəbdən olsa da, hər halda bu xanımdan sənət aləmində çəkinirdilər. Bəziləri bu gün bunu ancaq hörmət etmək kimi təqdim etməyə çalışsalar da, danılmaz bir həqiqət də var ki, ondan ehtiyat edirdilər, qorxub çəkinirdilər. Elə çəkinirdilər deyə onun repertuarına da demək olar müraciət etməyə kimsənin cəsarəti çatmırdı. O sağ olanda "primadonna”nı ağız dolusu tərifləyənlər bu gün onun arxasınca rahatca danışmağa da başlayıblar.

Bu da heç kimə sirr deyil ki, İlhamə xanım kaprizli bir sənətkar idi. Mahnılarını da o qədər ürəkdən ifa edirdi ki, onları bir digərinin ifasında eşidəndə qısqanardı. Ona görə də Xalq artistinin mahnı boxçasına sağlığında əl uzatmaq, demək olar, mümkün deyildi.

Amma həyatdı, bu gün var olan, sabah bu dünyadan köç etmiş olur. İlhamə xanım da öz nağılını bitirib bu dünyadan köç etdi. Amma mahnıları, ifası yaşayır. Onun onlarla mahnıları bu gün də sevilərək dinlənir. Təbii ki, mahnılar nəsildən-nəslə ötürülür. Elə İlhamə Quliyevanın repertuarına da böyük maraq var. Primadonnanın mahnılarına bir çox müğənnilər müraciət edəcək. Gənc müğənni Şəbnəm Tovuzlu da "primadonna”nın mahnı boxçasına üz tutdu. Belə ki, mərhum sənətkar, Xalq artisti İlhamə Quliyevanın dillər əzbərinə çevrilmiş "Neylərsən” mahnısını Şəbnəm Tovuzlu oxudu. Sözləri Almaniyada yaşayan həmyerlimiz şairə Nuridə Atəşə, musiqisi Xalq artisti Faiq Sücəddinova məxsus bəstəni repertuarına daxil edən sənətçi, çiyinlərinə götürdüyü bu məsuliyyət barəsində oxucularımızı belə məlumatlandırıb: "İlhamə xanım səhnədə olduğu 50 il ərzində oxuduğu bütün əsərlərə öz möhürünü vurub. Onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Ən böyük nailiyyətim o olardı ki, İlhamə xanımın sağlığında "Neylərsən” mahnısını ifa edib, onun fikrini öyrənərdim. Demək qismətim deyildi. Təşəkkürlərim sevimli sənətkar, Xalq artisti bəstəkar Faiq Sücəddinovun ünvanınadır. O, mənə etibar edib, mahnısını oxumağa icazə verdi. Ümidvaram ki, mahnıya qulaq asdıqdan sonra həm Faiq müəllimdən, həm oxucularınızdan müsbət rəy alacağam”.

Bəs görəsən, Faiq Sücəddinov həqiqətən İlhamə xanım üçün məxsusi yazdığı mahnının digər sənətçilər tərəfindən ifasına xeyir-dua verirmi?

Əməkdar incəsənət xadimi Faiq Sücəddinov "Şərq”ə açıqlamasında: "Bilirsiz, mən İlhamə xanıma hər zaman hörmətlə yanaşmışam. Yaşına, ailəsinə görə ona böyük dəyər verirdim. Amma "Neylərsən” mahnısının müəllifi mənəm. Ona görə də mahnı ilə bağlı danışmağa tək mənim haqqım çatır. Bəli, İlhamə xanımın ifasında bu mahnı tanınıb. Amma bu mahnını toylarda, ayrı-ayrı məkanlarda oxuyan yetərincə müğənni olub. Onların hamısına qadağa qoya bilmərəm ki, oxumayın. Birdəki mahnı elə bir sənət növüdür ki, illər sonra əgər maraq varsa, yeni nəsil ifa edəcək. Əgər mənim bəstələrimə yeni nəslin müğənniləri müraciət edirsə, mən niyə yox deyim? İlhamə xanım sağlığında bu mahnını oxuyub, möhürünü də qoyub. Bu gün İlhamə xanım yoxdu. Bu o demək deyil ki, mahnının da kitabını bağlamalıyıq. Mən şou-biznes adamı deyiləm. Məni qalmaqala da çəkməyin. Mahnının müəllifi mənəm. Şəbnəm xanım zəng edib mahnını oxumaq istədiyini bildirdi. Mən də razılıq verdim. Buna görə də heç bir qonorar almamışam. Sadəcə icazə aldı, mən də icazəmi, xeyir-duamı verdim. Sabah İlhamə xanım üçün yazdığım başqa bir mahnını başqa bir müğənni oxumaq istəsə, təbii ki, mən etiraz etmərəm. 50-ci illərdə yazılan mahnılara bu gün də müraciət edirlər. Onda qadağa qoyaq? Deyək olmaz? Mahnı yazıldı, müəllifi sağ ikən onun mülküdür, rəhmətə getdi, xalqın mülkü sayılır. Kim də istəsə, istifadə edə bilər. Mən sabah öləcəm, bu o demək deyil ki, məndən sonra mənim bəstələrimi heç kim oxumamalıdır. Bəstəkar o zaman rahat olur ki, onun bəstələrinə yeni nəslin də marağı olur. Yaxşı bəstəyə həmişə maraq və tələbat olur. Demək, bu mahnı da tələbatlı bəstələrdən ola bilib. Heç kim mənim mahnılarımı öz mülkü kimi qandallaya bilməz. Mən bəstəkaram, yazmışam ki, oxusunlar”.

Tahirə






SON XƏBƏRLƏR

2017-12-13