2016-12-13 01:38:27   |   690 dəfə oxunub

Alışma, Türkiyə! Alışma!

Mübariz Tağıyev: “Dünya terrora yox deyirsə, niyə 30 ildi Türkiyədə terror hadisələrinin qarşısını almaq üçün bir araya gələ bilmirlər?”



Torpağa yağış yağanda palçıq olur, şəhid qanı töküləndə isə o, vətən olur. Şəhid qanı vətəni şərəfli, qürurlu edir. Vətən uğrunda ölən varsa, Vətəndi!

Qonşu Türkiyədə də 30 ildi şəhid qanı demək olar hər gün axır. Terrora məruz qalan qardaş ölkədə
hər gün bir ananın gözü şəhid balası üçün qan ağlayır. Son günlər Türkiyədə yaşananlar, 44 şəhid
üçün tökülən göz yaşı, demək olar bütünlükdə Türkiyənin səbrini daşırdı.
İstanbulda 38 nəfərin dünyasını dəyişməsi ilə nəticələnən terror hadisəsini xəbər verən N.Çelikin
gözləri dolaraq şəhidlər barədə dediyi fikirlər əslində həm də səbri tükənən türkün böyük mənada
ismarıcı olub. Aparıcı bu sözləri ilə hər kəsi kövrəldib: "Çox söz dedik... Sözlər bitincə "Sözün
bitdiyi yer” dedik. Söz bitdi, amma terror bitmədi. Tək bir şəhid üçün yeri-göyü dağıdardıq bir
zamanlar. İndi nəfəslərimizi tutub rəqəmi gözləyirik. Onlarla şəhid sayına elə öyrəşdik, öyrəşmək
məcburiyyətində qaldıq ki... 44 şəhid... Məlumat üçün deyirik ki, 36 polis, 8 mülki vətəndaş...
Amma nə fərq edər? Mülki vətəndaş da canımızdır, polis də... Hər ikisi evinin yolunda idi.
Ailələrinə, hətta uşaqlarına gedəcəkdilər... Hər gün hər birimizin etdiyi kimi. Terrorist bomba dolu
avtomobillə polislərin içinə daxil oldu. Canları bahasına sinələrini sipər edən türk polisi yenə
millətini qorudu. Bu ölkə 30 ildə bu bəla ilə mübarizə aparır. 30 ildir nə şəhər qaldı, nə qəsəbə kimi
terror ora əl uzatmasın. Biz şəhidlərimizin sayı çoxdu deyə adlarını sadalamağı yadırğadıq. Onları
nə zaman xatırlasaq, bu vətən sağ olsun deyib təsəlli tapırıq. Biz şəhidlərimizi belə qara günlərdə
daha çox xatırlayırıq. Nə qorxunc ki, biz get-gedə terrorla yaşamağı öyrənməyə başlamışıq.
Şəhidlərin tək adını belə unutmuş oluruq. Biz şəhid qanlara alışmağa başlamışıq. Alışma Türkiyə!
Alışma!”.Qardaş ölkənin matəmi, tökülən şəhid qanlarının ağrısı həm də Azərbaycandakı aprel hadisələrini yenidən xatırlatmış oldu. Aprel hadisələrində Azərbaycanın da səbri tükəndi deyə, bir neçə gün düşmənə türkün gücünü nümayiş etdirə bildik. Amma nə qədər güclü olsaq da, heç bir ana övlad
itkisi ilə barışmaq istəməz.

Amma müharibə, terror hələ də şəhid qanından doya bilmir. Yetmədimi anaların göz yaşı?
Yetmədimi torpağa tökülən şəhid qanı?

Azərbaycanın Xalq artisti Mübariz Tağıyev də son günlər qardaş Türkiyədə yaşanan terror
hadisələrinə münasibət bildirdi. Xalq artisti axıdılan şəhid qanının yerdə qalmayacağını vurğuladı:

"Həqiqətən uğrunda ölən varsa, vətəndi! Bəli, bu, həqiqətən böyük bir deyimdi. Amma bu o demək
deyil ki, torpağa qan tökülməlidir, analar gözüyaşlı qalmalıdı. Dünya sülhün olmasını arzuladığını
deyir. Amma gəlin görək bunu deyən dünya dövlətləri hamısı sülhə dəstək olurmu? Baxaq görək
müharibələrin dayandırılması, şəhid qanlarının axmaması üçün dünya səsini qaldırıb etirazını
bildirirmi? Dünya sülhə səsləyirsə, niyə hələ də Azərbaycanın 20 faiz torpağı düşmən tapdağı
altındadı, niyə hələ də bu səssiz müharibədə şəhid qanı axır, insanlar girov götürülür, işgəncələrə
məruz qalır? Dünya terrora yox deyirsə, niyə 30 ildi Türkiyədə terror hadisələrinin qarşısını almaq
üçün bir araya gələ bilmirlər? Niyə terrora dəstək verib, onların güclənməsinə şərait yaradırlar?
Bilirsiz, bu məsələlər o qədər ciddi siyasi oyunlarla tənzimlənir ki, terroru edən də, terrora dəstək
verən də bəllidir. Bu terrora müsəlman ölkələri daha çox məruz qalır. Bunun da şahidiyik.
Həqiqətən son günlər Türkiyədə yaşananları ürək ağrısı ilə seyr edirik. Qardaş ölkədə baş verən
ardı-arası kəsilməyən terror hadisələri təbii ki, hər bir türk kimi bizi də narahat edir. Biz Türkiyəyə
qardaş dövlətik, qanımız birdi. Türkün də zəfəri çalınacaq! Türklər də qələbə səslərini duyuraraq
dünyaya meydan oxuyacaqlar! O gün gələcək, buna əminik. Sadəcə o günə qədər tökülən şəhid
qanlarının sayı çoxalmasın. Bizləri narahat edən budu. Bəzən həqiqətən danışmağa söz tapa
bilmirsən. Nitqin quruyur. Amma bu o demək deyil ki, biz sabah da susarıq. Bir gün səbr kasası
dolanda millətin qarşısını heç bir terror tuta bilməz. Bu gün bir təsəlli ilə yaşaya bilirik ki, tökülən
hər bir türk qanı yerdə qalmayacaq. Biz torpağa şəhid də tapşıra bilirik, şəhid qanımızı namusumuza
qədər qorumağı da bacarırıq. Qaldı Türkiyədə sənət adamlarının da bu məsələdə kəskin mövqe
tutmasına, bu, həqiqətən örnək götürüləsi addımdı. Türkiyənin bir çox tanınmış sənətçiləri
konsertlərini təxirə saldılar, verilişlərində əyləncəyə qadağa qoydular. Bu da bir daha şəhid qanına
verilən dəyərin təzahürüdür”.

Tahirə






SON XƏBƏRLƏR

2017-01-19