2016-12-22 01:13:03   |   455 dəfə oxunub

“Terrorçu” vurmaq adı ilə qədim şəhərlər və mədəniyyət abidələri dağıdılır”

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

Əli Həsənov: “Çox təəssüf ki, bu gün bizim “sivil Qərb” adlandırdığımız məkanda mədəniyyət abidələrinə bu cür münasibət hökm sürür”


Dünən "İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin (Azərbaycan, rus və ingilis dillərində) təqdimatı olub. APA-nın xəbərinə görə, sənədli film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və AMEA-nın Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Texnologiyalar Mərkəzinin əlaqələndiricisi, Gənclər və İman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev bildirib ki, film Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən sayılan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması və bu həqiqətin ermənilər tərəfindən uzun illər gizlədilməyə çalışmasından bəhs edir.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Tarix İnstitutu ilə birgə hazırlanan film arxiv materialları, elmi-tədqiqat və araşdırmaların üzərində qurulub. Onun sözlərinə görə, bu film elmi-araşdırmaların geniş kütləyə çatdırılmasının ən uğurlu yoludur: "İşğal olunmuş ərazilərdən xalqımıza məxsus qeyri-maddi və mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəl İrəvanda, sonra bizim Zəngəzur, Göyçə, Vedibasar və digər tarixi ərazilərdə Qarabağda erməni işğalçıları tərəfindən son 150 ildə baş verib. Ən çox zərbə İrəvan şəhərinə vurulub”.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vurğulayıb ki, bu gün İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, yer üzündən silinib.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qədim İrəvanın tarixi ilə bağlı məlumatlar daha təkmil açıqçalar formasında çap olunmalı, bukletləşdirilməli və turistik məkanlarda istifadə olunmalıdır: "Bu filmin qısa flaşkartlarda yayılmasının təmin etməliyik. Xarici ölkələrə gedən hər kəs bunun yayımında iştirak etməlidir. Bununla tarixi həqiqətləri ictimaiyyətə çatdıra bilərik”.

O qeyd edib ki, Qarabağ, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar iki alternativ mənbədən dünyaya yayılır. Bunlardan biri ermənilər tərəfindən yayılan saxta, uydurma, informasiyalar, digəri isə bizim tərəfimizdən dünyaya çatdırılan həqiqi məlumatlardır.

Ə. Həsənov bildirib ki, həqiqətlərin dünyaya çatdırılması məqsədilə görülən işlər yetərli deyil. Ermənistanla qonşuluq bizə yalnız problemlər, təhdidlər, mədəniyyətimizin dağıdılması təhlükəsi hislərini yaşadıb

"Ermənilərlə qonşuluq Azərbaycan xalqı və gəncliyi qarşısında tariximizi, mədəniyyətimiz, gələcək inkişafımızı onlardan qorumaq kimi geosiyasi vəzifə qoyur. Biz bu həqiqətləri erməni təşəbbüskeşlərinə, xristian dövlətlərinə saatlarla, günlərlə, aylarla sübut etməyə çalışırıq. Lakin onlar müsəlman-xristian ayrı-seçkiliyi fonunda bu həqiqətlərə inanmırlar. Biz ermənilərin "vikipediya”, "google” və digər virtual transmilli məlumatlarının 100 dəfə artığını yerləşdirməliyik, onlardan 100 dəfə artıq fəaliyyət göstərməliyik”.

O, dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunduğunu da bildirib: "Bu, çox təəssüfedicidir. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri dağıdılıb. Bütün müsəlman şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri havadan atılan bombalarla yerlə yeksan edilib”.

Ə. Həsənov qeyd edib ki, "terrorçu” vurmaq adı ilə qədim şəhərlər və mədəniyyət abidələri dağıdılır.

"Çox təəssüf ki, bu gün bizim "sivil Qərb” adlandırdığımız məkanda mədəniyyət abidələrinə bu cür münasibət hökm sürür. Onların tolerantlığı da, multikulturalizmi də bu vəziyyətdədir. Cənab

prezident də dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də, Qərbdəki multikulturalizmə də baxın. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, etnik din mənsublarına özümüz qədər hörmət bəsləyirik, sevgi ilə yanaşırıq. Qərbin ən yaxşı cəhəti o oldu ki, başqa dildən, dindən olanlara bir müddət dözümlülük göstərdi, indi daha ona da dözmürlər. Bu gün hər kəs bilir ki, Qərb ölkələri miqrantları, qaçqınları hansı vəziyyətə salır, onlara hansı münasibəti göstərir, gecə ilə əllərində it və silahlarla həmin insanları didərgin salırlar, sərhədlərdə güllələyirlər. Sonra da Qərb sivilizasiyasının tolerantlığından danışırlar. Onların tolerantlığı məhz budur. Bu gün dünyada formalaşan islamofobiya xəstəliyinin qurbanlarından biri də biz azərbaycanlılarıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir. Filmi ingilis dilində ABŞ -dan Dean Wendt, Azərbaycan dilində Eldəniz Rəsulov, rus dilində Rusiyadan Konstantin Qayçuk səsləndirib.






SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18