2016-12-23 01:42:38   |   831 dəfə oxunub

Filmlərlə dini radikalizmin qarşısını daha asan almaq olar

“Video-roliklər elə hazırlanmalıdır ki, insanlar bunu telefonları vasitəsi ilə biri-birinə göndərib yaysınlar, digərlərinə tövsiyə etsinlər”

İlahiyyatçı təklif edib ki, cümə namazında oxunan xütbələrdə sosial çarxlardan istifadə olunsun



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Fitnə” sənədli filminin təqdimatı keçirilib. "Fitnə” filmində dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılıb.

Filmdə dini radikalizmin qurbanı olmuş insanların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu geniş şəkildə açıqlanıb. Təqdimatda çıxış edənlər bildiriblər ki, bu ibrətamiz film məktəblərdə, telekanallarda, ictimai təşkilatlarda nümayiş etdirilməlidir. Ekspertlər hesab edirlər ki, radikalizmə səbəb dini maarifləndirmənin lazımi qədər aparılmaması və dini savadsızlıqdır. Bu baxımdan belə filmlərin təbliği əhəmiyyətlidir. Komitə sədri Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada islam dinindən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var. Radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar: "Bu cür təhlükəli təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirləri vacibdir. "Fitnə” kimi sənədli filmlər radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərəcək. Bu filmdə həmçinin, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq ənənələri aydın şəkildə işıqlandırılır. Maarifləndirmə yolu ilə dinimizi olduğu kimi çatdırmalıyıq. Əks halda gənclərimiz qaragüruhçuların təsiri altına düşəcək. İslam cəhalətə qarşı yaranmış dindir. Biz radikal qrupların ölkəmizə gəlməsinə imkan verməməliyik”. 

Dini filmlərin radikalizmə qarşı istifadə olunmasına münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə açıqlamasında görüntülü təbliğat vasitələrinin daha effektiv olacağını istisna etməyib. Hətta ilahiyyatçı video-roliklərlə bağlı maraqlı təkliflə çıxış edib

"Amerikada namizədlərin prezident seçilmələrində əsas amil televiziyalar, orada gedən çıxışlar, debatlar olur. Müasir dövrdə insanlar multimediaya, görüntülü vasitələrə daha çox üstünlük verirlər. Bununla bağlı sənədli filmlərin, kinoların, sosial çarxların hazırlanıb ictimaiyyətə təqdim edilməsi daha yaxşı və ağlabatandır. Nəzərə alaq ki, bu gün müəyyən fikirlər, mesajlar Hollivudda çəkilən filmlər əsasında insanlara təqdim olunur. Ona görə də filmlərdən düzgün istiqamətdə istifadə edib, dini maarifləndirmədə faydalanmaq olar”. İlahiyyatçı təklif edib ki, cümə namazında oxunan xütbələrdə sosial çarxlardan istifadə olunsun: "Məscidlərdə görüntülü xütbələrin

verilməsi də mümkündür. Niyə də olmasın?! Bu üsullar daha yaxşıdır və təqdirəlayiq haldır. Arzu edirik ki, belə işlər davamlı olsun. Həm də video-roliklər elə hazırlanmalıdır ki, insanlar bunu telefonları vasitəsi ilə biri-birinə göndərib yaysınlar, digərlərinə tövsiyə etsinlər. İstənilən nəticə yavaş-yavaş formalaşır. Birdən-birə nəticə gözləmək düzgün deyil”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-08-20
2017-08-19