2016-12-28 00:03:49   |   347 dəfə oxunub

Peşəkarlar narazıdır

Şeyx Əbdül: “Kino sahəsini bilən 3-4 nəfər qalıb, onları da küskün salıblar”

Ramiz Novruzov: “Mən və ya Fuad Poladov təcrübəsində aktyor gedib desə ki, mən film çəkmək istəyirəm, deyərlər ki, gedin işinizlə məşğul olun”



Teleseriallar hər zaman cəmiyyətdə müəyyən insanların maraq dairəsində olub. İndi balaca uşaqlardan tutmuş yaşlılara qədər, hər kəsin vaxt ayırdığı seriallar var. Bəzən seriallarda gerçək həyat görmək mümkün olur. Aşırı təxəyyülə köklənən, həyatın reallığından uzaq ekran əsərlərini izləmək mümkün olur. İstənilən yaradıcılıq məhsulu həmişə gerçəkliyi əks etdirəndə, həyatla uyğunluğu olanda kütlə tərəfindən maraqla qarşılanır. 

Bunun əksi olan yaradıcılıq nümunələri bayağı görünür, eləcə də cəmiyyətdə gülüş və qıcıq yaradır. Son zamanlar çəkilən yerli seriallar cəmiyyət tərəfindən belə qarşılanır. Bu baxımdan cəmiyyətin haqqı var. "Elin gözü tərəzidir” deyiblər. Çünki bu seriallar yerli tamaşaçılara Azərbaycan gerçəkliklərini yaşada bilmir və onların mənəvi tələbatını ödəmir. Zövqlər dəyişib, insanların daha fərqli, daha bəşəri mövzulara ehtiyacı var. Zəif ssenarisi olan bu serialların mövzuları yarı Türkiyə, yarı da Braziliya seriallarından götürülür. Bunların çəkdikləri bir növ həftəbecər seriallardır. Tutaq ki, kiminsə illər sonrası qeyri-qanuni oğlu meydana çıxırsa, bu heç də bizim mentalitetdə geniş yayılmayıb ki, serial mövzusu olsun. Əgər mində bir olarsa da, bunun ekrana gətirilməsi məqbul sayılmır. Həmçinin bu gün mafiya və digər mənfi effektlər yaradan həyat səhnələrinin seriallarda göstərilməsi çox süni alınır. Əslinə qalsa, cəmiyyətin buna ehtiyacı da yoxdur. İnsanlara heç zaman görmədikləri, yaşamadıqları, Azərbaycan üçün yad olan mühitin ekranlaşdırılaraq, cəmiyyətə sırınması müsbət hal hesab olunmur. Bütün hallarda, bunlar artıq işlənmiş mövzulardır. Tamaşaçılar, necə deyərlər, bunları

dəfələrlə əcnəbi seriallarda "yaşayıblar”. O üzdən seriallarımız auditoriya toplaya bilmir. İnsanlardan yerli seriallarımızın gülünc durumu ilə bağlı söhbətlər eşidilir. Seriallar ölkənin, insanların gerçək həyatını əks etdirməlidir. Dövlət buna görə serial çəkilişlərinə vəsait ayırır. Əgər hər hansı serial insanların mənəvi rahatlığına xidmət etmirsə, o, heç zaman uğur əldə etməyəcək. Çünki müasir insan televiziyadan, bir növ öz rahatlığı üçün istifadə edir.

Tamaşaçı seçimində əslində azaddır. Hər bir şəxsin seçiminə isə hər birimiz hörmətlə yanaşmalıyıq. Amma bu gün yerli televiziya kanallarına tamaşa edərkən bir neçə barmaqla sayılası verilişləri çıxmaq şərtilə, baxılası və böyük auditoriya qazanılası verilişlərimiz azlıq təşkil edir. Yerli tamaşaçıların böyük əksəriyyətini xarici serialların həvəskarı hesab etmək olar. İstər çanaq, istərsə də kabel televiziyalar vasitəsilə dünyaya çıxış imkanı əldə edən insanlar yerli kanallara təsadüfi hallarda baxırlar. Hətta yerli telekanallardan xəbərsizdilər. Çünki televizor qarşısında əyləşəndə birbaşa əcnəbi kanalları seçirlər. Səbəbini soruşduqda isə, yerli kanallarımızda maraqlı verilişlərin olmamasını, bayağılığın və plagiat verilişlərin üstünlük təşkil etdiklərini bildirirlər. Əslində, belə şəxsləri qınamıram da. Çünki bir çox televerilişlər oğurluq olmasına baxmayaraq, elə primitiv formada hazırlanır ki, əcnəbi kanalda həmin verilişə tamaşa edən şəxs təbii ki, yerli telekanalda onun necə də primitiv hazırlandığını gördükdə o dəqiqə kanalı dəyişir.

Xarici seriallar milli-mənəvi dəyərlərimizə mənfi təsir göstərir

Psixoloqlar hesab edirlər ki, əcnəbi serialların həyatımızda yaratdığı fəsadlar ilbəil çoxalmaqdadır. Onların fikrincə, gənc ailələr arasında son zamanlar boşanma hallarının çoxalması, ailədaxili münaqişələr, ziddiyyətlər, cinayət, intihar və s. kimi xoşagəlməz halların kökündə bəzən xarici serialların göstərdiyi mənfi təsir dayanır. Ekran qarşısında əyləşib sevimli serialının seyrinə dalan insanlar bəzən özləri belə hiss etmədən gündəlik yaşamlarını serial qəhrəmanları kimi qurmağa çalışırlar. Heç təsadüfi deyil ki, "Qurdlar Vadisi” serialı yeni-yeni yayımlanmağa başlayanda, saxta "memati”lərin, "polad”ların sayı artmışdı. Hətta azyaşlılar da bu serialın təsirinə düşərək üzərində serial qəhrəmanlarının şəkli həkk olunmuş köynəklər geyinirdilər. Bir sözlə, belə seriallar böyüklərlə yanaşı, azyaşlıların da psixologiyasına mənfi təsir göstərir.

Xarici serialların yerli telekanallarda yayımına qadağa qoyulsa da, yerli serialların baxımlığı yenə də ürəkaçan olmadı. Deməli, yerli seriallarımızın keyfiyyət problemi var. Belə məqamda isə "Bu günə kimi ortaya nə qoyulub” sualı çox maraqlıdır. Əslində, yeni çəkilən teleseriallar bu işin peşəkarlarını qane etmir. Aktyor seçimi, hadisələrin başvermə ardıcıllığı, rejissor və operator işi və s. məsələlər qeyri-peşəkarlar tərəfindən həyata keçirildiyindən müəyyən çatışmazlıqlar mövcuddur. Hətta bu məsələyə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli də münasibət bildirib. Verdiyi açıqlamada qeyd edib ki, bu gün yeni çəkilən seriallar bizi tam qane etmir: "Amma bu seriallar ümidvericidir. Yəqin ki, bir neçə ildən sonra yerli seriallar da Azərbaycan tamaşaçısını qane edəcək və sevindirəcək”.

İstənilən halda bu gün Azərbaycan tamaşaçısı Türkiyənin "İçəridə”, "Kara Sevda” kimi seriallarına daha çox maraq göstərmiş olur. Yerli serialların keyfiyyəti, zəif tematikası, ssenarinin primitivliyi, bir çox hallarda aktyor oyununun lazımsız pafosları və bu kimi digər problemlər yerli seriallara marağı yox etmiş olur. Şeyx Əbdül Mahmudbəyov yerli seriallara marağın az olmasının müxtəlif səbəbləri olduğunu söylədi. "Şərq”ə danışan Şeyx Əbdül Mahmudbəyov "Əslində bu gün yerli serialların tamaşaçısı yoxdursa, bunun üçün naharat olmaq lazımdır. 

Çünki bu gedişlə kino sahəsini alaq otlar bürüyəcək, peşəkarlar da baş alıb gedəcək. Peşəkar sözünü də artıq ehtiyatla deyirik. Peşəkar qalıb ki? Azərbaycanda kino sahəsini bilən 3-4 nəfər qalıb, onları da kinodan küskün salıblar. Yerli serialları çəkənlər görəsən bir az vicdan əzabı çəkirlər? Kimin üçün çəkirlər? Kim onların çəkdiyi yalançı filmlərini izləyir? Yerli serialların içində bəlkə 1-2 serial ola bilər ki, bir az maraq yarada bilib. Nə qədər ağır da olsa, etiraf edək ki, bu gün tamaşaçı türk seriallarına maraq göstərir. Yerli seriallarda təqdim olunan həyat tərzi, psixoloji məqamlar, mental dəyərlər, ailə

modeli bizim Azərbaycan cəmiyyətinə qətiyyən uyğun gəlmir. Belə olanda da bu serialları izləyən gənclərdə o həyata maraq yaranır, düşüncələr o serialın qəhrəmanlarına uyğunlaşmağa başlayır. Elə bil bir insanın ayağı başqa yerə gedir, başı onu tamamilə başqa istiqəmətə aparır. Dünənə qədər oğul atasının yanıda həyat yoldaşı ilə qucaqlaşmırdısa, indi serialları izləyən gəncdə bir sərbəstlik yaranır. Artıq o da ailədə o qədər sərbət olmağa meyl göstərir. Xarici seriallarda insan alveri, narkomaniya, uşaq istismarları da o qədər geniş şəkildə təbliğ olunur ki, sanki oğrular üçün seriallar məktəb olub. Ay qardaş, sən azərbaycanlısansa başqa həyat tərzini yaşaya bilməzsən. Baxmayaraq ki, biz qardaş ölkələrik. Amma onların həyat tərzi ilə bizlərin yaşam tərzi arasında da fərq var. Yerli seriallar da onlardan ssenarini oğurlayıb, bir az da kənar-bucağını düzəltməklə nəsə çəkməyə çalışırlar. Axı bu, yaradıcılıq deyil. Sən başqa bir cəmiyyətin həyatını öz cəmiyyətinə olduğu kimi yapışdıra bilməzsən. Çəkilən serialların nə keyfiyyəti, nə ssenarisi, nə mövzuları bu günün tamaşaçısını qane edir. İndi kinoteatrlarda da satirik filmlərin təqdimatı tez-tez baş tutur. Gedib baxırsan, inanın, adamın əti tökülür. Axı küçə tərzində zarafatlarla film çəkmək olmaz. Satira, yumor insanı düşündürməyə köklənməyibsə, bunun cəmiyyətə ancaq ziyanı dəyə bilər. Belə gülüşlər millətin dərdini unutdurmağa aparır. Deməli, sən özündən, mənəvi dəyərlərindən uzaq düşmüş olursan. Film çəkən insan məsuliyyət hiss etməlidir. Milli dəyərləri nəzərə almalıdır. Azərbaycan kino mədəniyyətini, kino tarixini bilməlidir. Bunlardan xəbərsiz insanlar kinoya yaxın buraxıla bilməz. Biz hər dəfə bunları deyirik, amma nə fayda? Özümüz deyib, özümüz də eşidirik. Bizi eşidən yoxdu”.

Xalq artisti Ramiz Novruz yerli seriallara çəkilsə də, onların keyfiyyətindən tam razı olmadığını da dilə gətirdi: 

"Böyük mənada yerli serialların keyfiyyəti məni qane etmir. Bir neçə yerdə qeyd etmişəm ki, seriallara çəkilmək istəmirəm, çəkilsəm də, yalnız Rövşən İsaxın çəkdiyi seriallara çəkiləcəm. Onun işi məni qane edir. "Pərvanələrin rəqsi”ndən sonra "Sonuncu fəsil”də çəkildim. Hazırda müxtəlif seriallardan təklif gəlir, amma qəbul etmirəm. Açığını deyim ki, onlar məni təmin etmirlər. Mən hərdən məəttəl qalıram ki, bəzi serialların rejissorları şirkət sahiblərini, sponsorları serialların çəkilişinə maddi dəstək üçün necə inandıra bilir. Mən və ya Fuad Poladov təcrübəsində aktyor gedib desə ki, mən film çəkmək istəyirəm, deyərlər ki, gedin işinizlə məşğul olun. Amma peşəkar olmayanların sponsorları və ya iş adamlarını necə inandırdığı mənim üçün böyük sirr olaraq qalır”.

R.Novruz seriallardan təklif gələrkən ilk əvvəl rejissora üstünlük verdiyini qeyd etdi: "Çox yaxşı ssenarini qeyri-peşəkar rejissor pis günə qoya bilər. Tam ssenarini oxuya bilmirsən, çünki hadisələrin gedişinə uyğun olaraq mövzu dəyişə bilər. Öncə serialın rejissoruna fikir verirəm - bu işin öhdəsindən gələ biləcəkmi? Bununla yanaşı düşünürəm ki, rolum nədən ibarətdir, bu rolu oynamalıyam, ya yox. Əsas odur ki, tutarlı material və onu ekranlaşdıra biləcək rejissor olsun. Eləcə də rejissor işinə inandırmağı bacarmalıdır. Rövşən İsaxla söhbət edən kimi bilirəm ki, bu insan peşəkardı, işini bilir və onun arxasınca getmək olar”.

Tahirə






SON XƏBƏRLƏR

2017-10-18
2017-10-17