2016-12-29 02:09:17   |   328 dəfə oxunub

Müğənnilər 2016-cı ildən razı qalıblar

Kimi konsert verib, kimi övladından yarıyıb, kimi də tamaşaçı sevgisi qazanıb




Yeni ilin gəlişinə sayılı günlər qalıb. 2017-ci ilə hər kəs yeni arzular, istəklər, diləklərlə qədəm qoymağa hazırlaşır. Əslində hamı yeni ildən nələrsə umub, gözləyir. Bəs yola saldığımız il yaddaşlarda necə qaldı? Sənət adamlarımız yola salıdığımız ili necə xatırlayır? Bu il kimlər üçün uğurlu il ola bildi?

Elə yeni ilin astanasında Azərbaycan səhnəsinin məşhurları 2016-nı belə xatırladılar.

Azərbaycanın Xalq artisti Faiq Ağayev: 

"Mən ilk növbədə Yeni ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edirəm. 2016 xoş, bir az da çətin anları ilə yaddaşımda qaldı. Əslində bu il şəxsən mənim yaradıcılığımda, şəxsi həyatımda uğurlu illərdən biri oldu. Yeni mahnılarım, yaradıcılıq işlərim oldu. Bu il həm də mənim ənənəvi ad günümdə olan konsertimin növbəti təqdimatı reallaşır. Mən ardıcıl olaraq bir neçə il konsert proqramı ilə pərəstişkarlarımın qarşısında olmuşam. Özəl günümü sevənlərimlə səhnədə qeyd etmişəm. Arada bir neçə il fasilə olsa da, bu il nəhayət, ənənəmə sadiq qalaraq yenidən səhnədə olacam, Heydər Əliyev adına Sarayda 2 günlük konsertim olacaq. Mən şükür etməyi bacaran insanam. Ona görə də yola saldığımız il, şükür ki, həyatımda xoş anlarla qaldı. 2017-ci ilə isə daha böyük arzular, istəklər, planlarla qədəm qoymağa hazırlaşıram. 2017-dən istəklərim çoxdu. Qismət olsa, onları da görmək bizlərə nəsib olar”.

Xalq artisti Nazpəri Dostəliyeva da yola saldığımız ili xoş günlərlə yaddaşında saxladığını söylədi: 

"2016-cı il xatirimdə gözəl izlər buraxıb. Mən ailəmlə, övladlarımla bu il bolluca müxtəlif ölkələrdə səyahətdə olmuşam. Bu il bir neçə yeni mahnılarım oldu. Onları lentə aldırdım. Mən bu il bir daha tamaşaçı sevgisini özümə qarşı hiss etdim. 2017-ci ildən gözləntilərim var. Çoxdan bəri söz verdiyim solo konsert, inşallah 2017-ci ildə həyata keçəcək. Heydər Əliyev adına Sarayda möhtəşəm solo konsert nəzərdə tutmuşam. Yeni kliplərim olmalıdır. Yeni ili ailəmlə bağımızda şam ağacının ətəyində keçirməyə hazırlaşırıq. Mən Yeni il gecəsi ailəmlə bir masa ətrafında oturmağı

heç bir maddiyyatla müqayisə edə bilmərəm. Bir çox məkanlardan, restoranlardan maraqlı təkliflər gəldi. Yeni il gecəsi səhnədə olmağımı istədilər. Mən Yeni il gecəsi ailəmin yanında olmağa üstünlük verirəm. Azərbaycanımızı da Yeni il münasibətilə təbrik edirəm”.

Müğənni Nadir Qafarzadə yola saldığımız ilin onun üçün əlamətdar olduğunu vurğuladı.

"Bu il oğlum Moskva Dövlət Universitetinə daxil oldu. Ona görə də mənim üçün 2016-nın xüsusi önəmi var. Bu il də xoş günlərlə ömrümə yazıldı. Şükür, ailəmin yanında olmuşam, yaradıcılığımda uğurlarım olub. Bu il bir neçə retro mahnılara müraciət etdim, öz yeni bəstələrim oldu. 2016-cı ili xoş günlərlə xatırlayıb yola salıram”.

Müğənni 2017-ci ili Azərbaycandan kənarda qeyd edəcəyini də vurğuladı. "Bu gün Azərbaycanı tərk edirəm. Ailəmlə birlikdə Ukraynaya yola düşürük. 2017-ci ili Ukraynada qeyd etməyi planlaşdırmışıq. Mən hər bir ailəyə ruzi, bərəkət arzulayıram. İnsanlara xoş günlər gətirsin 2017 inşallah”.

Müğənni Sevda Yəhyayeva da Yeni ildə səhnədə olacaq. Bu barədə danışan Sevda "2016-cı ildə yaradıcılığımda maraqlı yeniliklərim oldu.

"Milli mətbəximiz” adlı klip çəkdirdim. Amma bu il konsertlərim olmadı. İnşallah, 2017-ci ildə konsert proqramı gözlənilir. Şəxsi həyatımda elə bir ciddi dəyişiklik olmayıb. Amma gənc xanım olaraq mənim də istəklərim var. Yeni ildə özümə yaradıcılıq uğurları arzulayıram. Hər kəs maraqlanır ki, Sevda bu il ailə quracaq? Niyə də yox? Bu, qismət məsələsidir. 2017-də bir də gördüz gəlinlik geyindim. Təkliflər olur. Amma mənim ürəyimi oğurlayan olmayıb. Sevdanın ürəyini oğurlayan adamı 2017-də gözləyirəm”.

Tahirə






SON XƏBƏRLƏR

2017-06-26
2017-06-25
2017-06-24