2017-01-08 12:53:15   |   380 dəfə oxunub

Xaricdən gələn müğənnilərin konsertinə camaatı zorla aparmırlar

Nə qədər ki, bizdə sənətçilər ancaq toy bazarı üçün çalışacaq, nə şou-biznesimiz olacaq, nə də ordan kimsə gəlir əldə edə biləcək




Son illər Azərbaycanda şou-biznesdə yaşanan durğunluq heç də xoş təsir bağışlamır. Ötən əsrin sonları ilə müqayisədə 21-ci əsrdə inkişaf əvəzinə, Azərbaycan şou-biznesində durğunluq yaşanır. Belə məqamda məşhur bir musiqinin sözləri yada düşür. "Ötən günlərimi qaytaraydılar, keçən günlərimi qurban verərdim”.

İndi ötən əsrin sonlarını xatırlayanlar bir də o coşğulu şou-biznesi görmək ümidi ilə yaşayır. Vaxtilə od püskürən, səs-küylü şou-biznesimizdən bu gün yalnız keçmiş olaraq danışırıq. Bəziləri düşünə bilər ki, məgər bu gün şou-biznes yoxdu? Ola bilər şou-biznesin adı var. Amma adı olub, içi boş görünən şou-biznesdə nədən danışa bilərik, hələki bu suala cavab tapa bilmirik. Əslində indi şərait fərqlidir, texniki imkanlar daha genişdi, bu gün səhnədə daha maraqlı performanslar təqdim etmək mümkün olduğu halda şou aləmində qəribə bir sükut yaşanır.

Vaxtilə şou-biznesimizin təməlini qoyan Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və digər müğənnilərin il ərzində bir çox maraqlı, səs-küylü layihələrinin şahidi olurduq. Onların tamaşaçı üçün hər dəfə bir maraqlı projesi olurdu. Misal üçün, Faiq Ağayevin o dönəmlərdə silsilə, biri-birindən maraqlı, bəzən filmləri xatırladan klipləri aylarla mətbuatın da müzakirə mövzusu olurdu, tamaşaçı da o layihələrdən zövq alırdı. Cənab qızıl şlyaqerin "Sən gəlməz oldun”, "Əlvida”, "Bağışlaram”, "Dəşti” və bir çox digər layihələri o dönəmin ən maraqlı klipləri, layihələri sırasında yer alırdı. Eyni zamanda Aygün Kazımovanın onlarla maraqlı projeləri aylarla mətbuatda, teleməkanda mövzuya çevrilirdi. Kazımovanın "Qoy işığı söndürüm” və bir çox digər klipləri, solo konsertləri tamaşaçının yaddaşında bu gün də iz buraxıb. O zamanlar adıçəkilən şou-biznes liderləri tamaşaçını intizarda saxlamağı bacarırdılar. Onların 15 il əvvəl çəkdirdikləri bir çox kliplər var ki, bu gün də aktuallığını saxlaya bilib, bu günün tamaşaçısı üçün də maraqlı ekran əsəri ola bilib. O zamanlar Azərbaycan şou-biznesində sənətçilərin sənət rəqabəti hiss olunurdu. Heç kim digərindən geridə qalmağı özünə yaraşdırmırdı. İl ərzində sənətçilər bir çox yenilikləri ilə mətbuat vasitəsilə tamaşaçıya hesabat vermiş olurdular. Heydər Əliyev adına sarayda möhtəşəm solo konsertlərin şahidi olurduq. Mətbuat konfranslarında yaşanan müzakirələr sənətçidə sənət baxımından daha böyük iddialar yaradırdı. O zaman hər müğənni öz payına sənətində nə isə etməklə seçilməyə çalışırdı. Bu isə müğənninin axtarışda olmağına, tamaşaçının isə maraqlı layihəni izləməsinə səbəb olurdu. Bir sözlə, şou-biznes öz qanunlarını diktə edir, həm biznes inkişaf etmiş

olurdu, həm də müğənninin sənət boxçası zənginləşmiş olurdu. Tamaşaçının payına isə maraqlı, zövqlü layihələri izləmək payı düşürdü. Təbii ki, o dönəmlərin də primitiv tərəfləri yox deyildi. Qalmaqallar yaşanırdı. Amma o zamanlar qalmaqallar belə daha səviyyəli şəkildə özünü göstərirdi. Birdəki şou-biznes qalmaqalsız, duzsuz şorbanı xatırladır. Şou-biznesdə rəqabət varsa, demək, intriqa və qalmaqalların da olması təbii görünürdü.

Bu gün isə 15-20 il əvvəlki şou-biznesdən ancaq xatirələrdə qalan anlar qalıb.

Sənətçilərimiz şou aləmini toy bazarına çeviriblər. Ən dəhşətlisi isə odur ki, səhnədə olan məşhurlar sənət adına heç bir addım atmaq istəmirlər. Kənardan gələnlərə isə qəribə bir qısqanclıq sərgilənmiş olur. Türkiyənin tanınmışlarının hər Bakıya səfəri, nədənsə, yerli sənətçilərimizi qıcıqlandırmağa başlayıb. Onlardan kim bu gün Bakıya ayaq qoyursa, ertəsi gün sənətçilərimiz sosial şəbəkələrdə onların arxasından deyinməyə başlayırlar. Türk sənətçiləri Azərbaycandan filan qədər pul apardılar, bizim özümüzə qiymətimiz yoxdu. Niyə biri özünə sual vermir ki, mən niyə o türk müğənnisi qədər sevilə bilmirəm. O qədər tamaşaçı sevgisini qazana bilmirəm? Gileylənməkdənsə, bir az da özünüzdə olan qüsurları, çatışmazlıqları analiz edib, nəticə çıxarsanız, pismi olar? Bir dəfə də oturub özünüzə sual verin ki, axı mən niyə Bakıya gələn türk müğənnisi qədər səhnədə maraqlı performans nümayiş etdirə, o tərzdə musiqilər ifa etməyə cəhd etmirəm?

Türklərin Bakıya gəlib burdan yüz minlərlə pul apardığını deyən şou əhli, siz də elə maraqlı performans təqdim edin ki, Türkiyəyə dəvət alıb, o böyük publikanı coşdura biləsiz. Niyə buna cəsarətiniz, gücünüz çatmır? Niyə sənətçilərimiz efirlərdə ancaq toy mahnıları oxumaqla sənət göstərdiklərini düşünmüş olurlar. Məgər toyda bir-iki "lakada-çıkada” oxumaqla sənətdə nəsə əldə etmək mümkündü? Təbii ki, yox. Bu gün şou-biznesin əksər müğənniləri tamaşaçını yola verməklə məşğuldular. Sənət adına az sayda müğənninin bir-iki layihəsinin adını çəkmək mümkündür ki, onlar efiri palatka toyuna bənzətməyə çalışmırlar. Axı səhnə etikası, səhnə repertuarı, efir musiqisi tamamilə başqa tərzdə, başqa məqsədlərə köklənməlidir. Bizdə isə bu gün sənətə pul, vəsait xərcləyib, maraqlı layihələr təqdim edən müğənninin adını çəkmək çətin olub.

Tanınmış prodüser Asif Kərimov Azərbaycan şou-biznesinin sükutunu belə izah etdi:


"Əvvəla, Türkiyədə müğənnilərin böyük layihələrə imza atması məsələsinə birtərəfli yanaşmayaq. Əvvəla, onların əhatə dairəsi genişdi. Türk televiziyaları dünyanın bütün ölkələrində baxılır, tutulur. Bu gün bizim balalarımız da dil açanda türk dilində danışır, evdə türk kanalını seyr edirlər. Böyük bir dövlətin gətirdiyi qazanc da böyük olmalıdır. Bu, məsələnin bir əsas tərəfi. Əsas məsələ maliyyə məsələsi ilə bağlıdı. Bir var malını 1 milyon əhaliyə satasan, bir də var 6 milyona. Ordan gələn gəlir də böyük olur. Əgər onun gəliri səninkindən 10 dəfə artıqdısa, demək onun təqdim etdiyi məhsul da səninkindən keyfiyyətli və bahalı olacaq. Qaldı ki Türkiyədən gələn müğənnilərin burdakı çıxışlarına, bir həqiqət danılmazdı. Burda konsert verən sənətçilər dövlət xətti ilə bura gəlməyiblər ki? O konsertə camaatı zorla aparmayıblar. Yerli tamaşaçı istədiyi, maraq göstərdiyi üçün o konsertə bilet alıb gedir də. Deməli, onun təqdim etdiyi konsert maraqlıdır deyə, o pulu verib bilet alan olur da. Nə qədər ki, bizdə sənətçilər ancaq toy bazarı üçün çalışacaq, nə şou-biznesimiz olacaq, nə də ordan kimsə gəlir əldə edə biləcək. Yerli sənətçilərin bütün marağı toy bazarına köklənib. 


Onun ən məşhur müğənnisindən tutmuş, dünən sənətə gələninə qədər. Ona görə də bizim tamaşaçı nə qədər ki, yerli sənətçilərin efirdə palatka ifasını eşidəcək, o qədər türk müğənnilərin konsertinə maraq göstərəcək. Bu xaos da nə qədər ki, toy bazarından gəlir var, davam edəcək. Çünki pul qazanmağın ən asan yolu toy bazarıdı. Toyda oxumaq çətin deyil, məsuliyyətli deyil, həyəcanlı olmur. Amma səhnədə olmaq, professional, akademik musiqi təqdim etmək üçün güclü sənət lazımdı. Toy bazarından gəlir azalsa, bəlkə yerli sənətçilər başqa yollara əl atıb sənətə maraq göstərməyə çalışar. Onda da ancaq səsi, istedadı olanlar qalacaq. Necə yəni türklər gəlib pul qazanır? Əcəb edirlər. Sən də gəl maraqlı konsert proqramı ilə çıxış et, sənin konsertinə də gəlsinlər. Mən şou-biznes yaranan gündən sənət aləmindəyəm. Bir çox müğənnilərlə maraqlı layihələrə imza atmışam. Mətanət İsgəndərli ilə çalışdığım layihəni reallaşdıranda burdan toy tutmaq məqsədi güdmədim, ya da "Rast” qrupu ilə işbirliyimiz toy bazarı üçün hesablanmamışdı. Çox uzağa getmirəm, son iki ildə Elnarə Abdullayeva ilə Heydər Əliyev adına Sarayda hazırladığımız konsert toy bazarına hesablanmamışdı. Amma bir gün nəzərdə tutulan konsert proqramı tamaşaçı tələbatı nəzərə alınaraq 3 gün davam etdi. Məgər Elnarə Abdullayeva Türkiyədən gəlmişdi? Deməli, tamaşaçı zövqlü musiqiyə dəyər də verir, onu ifa edən müğənniniyə maraq da olur. Toy bazarından pul qazanan müğənni heç vaxt özünə əziyyət verib böyük layihələrə imza atmayacaq. Soruşsanız ki, şou-biznesdəki bu durğunluğu nə dəyişə bilər? Zaman dəyişəcək. Zamandan başqa bu gün yaranan şou durğunluğunu heç nə tərpədə bilməz. Bir-iki nəfərin işi ilə şou-biznes o durğunluqdan çıxa bilməz. Bunun üçün bir az zamana ehtiyac olacaq”.

Məlumat üçün qeyd edək ki, Yeni il gecəsi Bakıda olan türk müğənnilərin həmin gecə əldə etdikləri qonorar belə olub. Türk müğənnisi Hadisə iki saatlıq konsert üçün 375 min lirə (192 min manat) qonorar alıb. Hadisə ilə yanaşı, həmin gecə Bakı səhnəsində Demet Akalın, Ozan Doğulu, Berksan, Murat Dalkılıç da səhnəyə çıxıb. Demet Akalın bir saatı 250 min liraya (128 min manat) razılaşıb.

Yerli sənətçilərimiz də böyük qonorar arzusu ilə yaşayarlarsa, sadəcə bir məsləhətimiz ola bilər, maraqlı, səs-küylü, yaddaşlara iz qoyan projelərə imza atmağa tənbəllik etməyin. Sənətçi toyda deyil, böyük səhnələrdə çıxışları ilə tarixdə, yaddaşlarda, tamaşaçı xatirələrində yaşaya bilər.

Tahirə






SON XƏBƏRLƏR

2017-02-19
2017-02-18