2017-01-11 00:41:36   |   233 dəfə oxunub

Düşmənlərimiz “əsəb müharibəsinə” başlayıb

Ermənilər şəhid hərbçimizin meyitini qaytarmamaqla gərginliyi artırmağa çalışırlar




ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən ilin dekabrında cəbhə xəttində baş verən insident zamanı həlak olan azərbaycanlı əsgərin meyitini dərhal ölkəsinə qaytarmağa çağırıb. Bu barədə həmsədrlərin birgə bəyanatında deyilir:

"Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırıb. Həmçinin, 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçi nəşinin vətəninə qaytarılması üçün çağırış edib. 

Düşmənin çirkin hərəkəti ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycan tərəfi bütün maksimum səylərindən istifadə edərək şəhidimizin meyitini düşməndən alacaq: 

"Ermənilərin Azərbaycan əsgərini qətlə yetirəndən sonra meyitini qaytarmaması hərbi gərginliyi artıran amildir. Düşmən sərgilədiyi bu qeyri-insani davranış qarşısında Azərbaycanın müəyyən vasitələrə əl atmasını gözləyir. Yəni, bizi təxribata çəkməyə çalışır. Ötən ilin dekabrında baş verən hadisə Qarabağ ərazisindən kənarda oldu. Bu olay Ermənistan-Azərbaycan sərhədində son illər özünü göstərən müəyyən qədər nisbi sabitlikdən xeyli kənara çıxmaq demək idi. Belə həssas bir dönəmdə ermənilərin şəhidimizin meyitini qaytarmaması və bununla ölkə ictimaiyyətində qıcıq yaratmağa çalışması bir neçə məqsəd güdür. Məqsəd ilk növbədə erməni cəmiyyətində son aylar ərzində, xüsusən də keçmiş prezident Levon Ter-Petrosyanın çağırışları fonunda yaranmış gərginliyi aradan qaldırmaqdır. Məhz bu səbəbdən ermənilər daha çox "əsəb müharibəsinə” işləyəcək addımlar atır. Görünür, Ermənistan hökumətinin yeni müdafiə naziri təyin etməkdə əsas məqsədi də bu imiş. Düşmən elə zənn edir ki, informasiya müstəvisində, virtual aləmdə mübarizə aparmaqla daha çox uğur əldə edəcək”. Deputat həmçinin, bəyan edib ki, erməni cəmiyyətində müəyyən qədər Türkiyə və Azərbaycanla barışcıl mövqeyə üstünlük verən şəxsləri hərbi müstəviyə çəkmək, fikirlərindən daşındırmaq cəhdləri var. 

Əsgərimizin cəsədi üzərində aparılan qeyri-humanist davranışlar da bu məqsədə xidmət edir: 

"Düşmən düşünür ki, bu hadisələr fonunda Gədəbəydə, Qazaxda, Tovuzda, Naxçıvanda və Ermənistanla sərhəd digər bölgələrdə təxribat törətməklə proses regional miqyasdan çıxacaq. Ona görə də Rusiyanı hərbi əməliyyatlara cəlb etmək və Moskva ilə Bakını üz-üzə qoymaq istəyirlər. Rəsmi İrəvan bu niyyətini heç vaxt gizlətməyib. Xüsusən, son dönəmlər Rusiya-Azərbaycan arasındakı münasibətlərin inkişafı, hərbi əməkdaşlığın irəliləməsi erməniləri daha da hiddətləndirib. Bu baxımdan düşmən hər fürsətdən istifadə edərək 2017-ci ildə təxribatların sayını artırmağa çalışacaq. Amma artıq KTMT parçalanıb, orada təmsil olunan dövlətlər birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə ediblər. Regionda təklənən Azərbaycan yox, işğalçı Ermənistandır”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-01-19