2017-01-11 01:01:07   |   375 dəfə oxunub

Tramp bütün səfirləri dəyişmək fikrində deyil

Böyük ehtimalla yeni Prezident Sekutaya da toxunmayacaq




Xəbər verdiyimiz kimi, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət departamentinə bildiriş də göndərilib.

Lakin açıqlama verən Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə qalmaq istədiyini bildirib: 

"Mən Prezidentin təyinatı ilə bu vəzifədə çalışıram. Biz ilk növbədə ABŞ Prezidentinin nümayəndəsiyik. Cənab Tramp məni burada saxlasa, mən qalacağam”. Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

 Gözlənilən səfir dəyişikliyini və Robert Sekutanın iki illik fəaliyyətini "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Donald Trampın bütün səfirləri dəyişmək fikri yoxdur:

"Amerikanın yüzlərlə ölkədə səfiri var. Sadəcə mümkündür ki, prinsipial ölkələrdə səfirlər əvəzlənsin. Məsələn, Rusiya, Çin, bir sıra Avropa ölkələrində diplomatik nümayəndələr dəyişdirilə bilər. Amma inanmıram ki, Azərbaycan kimi ölkələrdə səfirlərin tələsik dəyişdirilməsinə ehtiyac duyulsun. Sekutanın fəaliyyət müddəti başa çatdıqdan sonra onun əvəzlənməsi ehtimalı gündəmə gələ bilər. Çünki Trampın Cənubi Qafqaz siyasəti hələki bizə bəlli deyil. Görünən odur ki, Tramp Putinlə yaxın münasibət qurmaq istəyir. Rusiyanın isə tələbi odur ki, ABŞ hökuməti Moskvanın yaxın bölgədəki maraqlarına zidd attım atmasın. Bu baxımdan Trampın Sekutaya toxunmayacağını demək olar”. 

Politoloq səfir Sekutanın iki illik fəaliyyəti haqqında bunları deyib: 

"Səfir elə bir peşədir ki, ondan fövqəladə nəsə gözləmək düzgün deyil. Amerika Azərbaycanın strateji tərəfdaş saydığı ölkələrdən biridir. Amma ötən müddət ərzində Vaşinqton xeyli səfir dəyişib. Ona görə də konkret söyləmək mümkün deyil ki, Amerika-Azərbaycan münasibətlərinə hansı səfirin dövründə daha çox töhfə verilib. Əlbəttə, diplomatik nümayəndələrin ikili əlaqələrdə müəyyən faydaları olur. Lakin əsas məsələ səfirin fəaliyyəti dövründə iki dövlət arasında ümumi münasibətlərin hansı səviyyədə olmasıdır. Əgər əlaqələr müxtəlif səbəblərdən korlanıbsa, səfirin bunu düzəltmək səlahiyyəti yoxdur. Ölkələr arasında münasibətlər necədirsə, səfirlər də o kontekstdə çıxış etməyə məcburdur”. Ekspert bildirib ki, ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Riçard Morninqstar diplomatik fəaliyyətindən qabaq Dövlət Departamentində enerji məsələləri üzrə yüksək vəzifə sahibi idi. O səbəbdən Azərbaycana tez-tez gəlirdi və rəsmi Bakı ilə əlaqə saxlayırdı: "Ancaq Morninqstar səfir olduqdan sonra siyasi və iqtisadi islahatlarla bağlı müəyyən məsələlər ortaya qoydu və yerli hakimiyyətlə münasibətləri gərginləşdirdi. Artıq amerikalı səfir daxili işlərimizə qarışmağa başlamışdı. İndi Sekuta da Departamentdən hansı tapşırıqları alırsa, o istiqamət üzrə çalışır. Əsas odur ki, Sekuta digər səfirlərdən fərqli olaraq siyasi açıqlamalar vermir, Azərbaycanın daxili işlərinə qarışmır”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-01-19