2017-01-11 01:29:28   |   654 dəfə oxunub

Türkiyə dünya güclərinə və terrora qarşı savaş içindədir

Parlamentli idarə sistemi ilə zəruri siyasi addımları atmaq mümkün deyil


Ötən gün Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklə bağlı təklif olunan maddələrin müzakirəsi üçün səsvermə keçirilib. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi ilə parlamentə gətirilən təklif səs çoxluğu ilə qəbul edilib. Səsvermədə 480 millət vəkili iştirak edib, deputatların 338-i dəyişikliyin lehinə, 134 nəfəri əleyhinə səs verib.

İki vəkil isə bitərəf qalıb. HDP-li vəkillər ümumiyyətlə səsvermədə iştirak etməyiblər. Səsvermənin qəbul edilməsini AKP millət vəkilləri alqışlarla qarşılayıblar. Məlumat üçün bildirək ki, konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə üsuluna keçidi və Baş nazir postunun ləğv edilməsini nəzərdə tutur. Layihə, həmçinin, Prezidentin qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini əhatə edir. Dəyişikliklərdə millət vəkillərinin sayının 550-dən 600-dək artırılması məsələsi də öz əksini tapıb. Xatırladaq ki, layihə parlament tərəfindən qəbul olunandan sonra ümummilli səsverməyə çıxarılacaq.

Baş nazirdən MHP liderinə təşəkkür

Parlamentin iclası başa çatdıqdan və konstitusiya dəyişikliyi qəbul edildikdən sonra Türkiyənin Baş naziri Binəli Yıldırım Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalının yanına gedərək ona şəxsən təşəkkürünü bildirib. Baxçalının əlini sıxan Yıldırım bir müddət MHP lideri ilə ayaqüstü söhbətləşib. Baş nazir milliyətçi cameənin dəstəyindən məmnunluğunu ifadə edib.

"Biz Atatürk zamanındakı konstitusiyanı bərpa edirik”

Parlamentin iclasında hökumət adından danışan Ədliyyə naziri Bekir Bozdağ deyib ki, AKP-nin məqsədi 1921-1924-cü illərdə mövcud olan qanunvericiliyə, yəni partiyalı cümhurbaşqanlığına dönməkdir. Bozdağ CHP-ni tənqid edib: "Siz Atatürkün anayasasına qarşı çıxırsız. Parlament fövqəladə hallarda da, terror zamanlarında da konstitusiyaya dəyişiklik etmək səlahiyyətinə sahibdir. Dəyişiklik güclü siyasi iradə, iqtidar, ədalətli məhkəmə deməkdir. Prezidentlik sistemi millətimizin və ölkəmizin xoşbəxt gələcəyidir. Biz dəyişikliyi özümüz etmirik, yekun qərarı xalqın iradəsinə buraxırıq. Əsl hakim millətdir, xalq necə istəsə, o cür edəcəyik”. Nazir vurğulayıb ki, qəbul olunan dəyişiklik sadəcə bir şəxsin bütün idarəetməni ələ alması demək deyil. Bu, məmləkət məsələsidir, millətimizin və dövlətimizin aqibətidir”.

"MHP sonuna qədər dövlətin yanındadır”

MHP başqan müavini Celal Adan millətçilərin sonuna qədər dövlətin yanında olacağını deyib: "Gün birlik və bərabərlik günüdür. MHP-nin üzərindən tank keçmədən heç kim bayrağımızı endirə bilməz, müqəddəs azanımızı susdura bilməz. Ülküçülər mövqelərinə, sağlam duruşlarına görə hər zaman fərqləniblər. Bu gün dövlətimiz doğru addımlar atır. Əgər əsgərimiz Suriyada savaşırsa, biz türk əsgərini dəstəkləməliyik. FETÖ ilə mübarizə gedirsə, dövlətə dəstək verməliyik”.

Politoloq Natiq Miri bildirib ki, məsələlərə Türkiyənin düşdüyü çətin vəziyyət kontekstində yanaşmaq lazımdır. Hazırda qardaş ölkə çox böyük bir savaş içindədir: 

"Türkiyə XX əsrin əvvəllərində olduğu kimi düşmənlərinə qarşı azadlıq müharibəsi aparır. Amma təəssüflər olsun ki, Türkiyə mübarizədə təkdir. Nəzərə almalıyıq ki, Türkiyə çox yaxın zamanlarda, yəni ötən ilin 15 iyul tarixində hərbi çevrilişə cəhd hadisəsi yaşadı. Bu, sıradan bir olay deyildi. Həmin faciəni törədənlərin məqsədi ölkəni tamamilə parçalamaq, hökuməti aradan qaldırmaq idi. Məhz bu hadisədən sonra Türkiyədə bütün dövlət strukturlarında təmizləmə işi aparılır. Çünki indiyə qədər ölkədə mövcud olan bütün siyasi hakimiyyətlər xarici ölkələrin kəşfiyyat casusuna çevrilmiş FETÖ-çülər tərəfindən izlənilib, onlara yön verilib. Ona görə də həmin qüvvənin tamamilə sıradan çıxarılması zəruri məsələdir. Belə həssas məqamda Türkiyə çox güclü hakimiyyətə, təsirli idarəetmə sisteminə malik olmalıdır. Bu, ölkənin gələcəyi baxımından çox əhəmiyyətlidir. Türkiyədə indiyə kimi mövcud olan koalisiya hökumətləri ölkənin idarəetmə prosesini çətinləşdirirdi, xarici müdaxilələrə zəmin yaradırdı”.

"Parlamentli idarə sistemi ilə zəruri siyasi addımları atmaq mümkün deyil”

Ekspertə görə, xarici güclərin məqsədi Türkiyədə kiçik cırtdan dövlətlər yaratmaqdır. Sadəcə güclü və vahid hakimiyyət bu təhlükələrin qarşısını ala bilər: "Zamanında parlament-üsul idarəsini dəstəkləyən MHP belə indiki dönəmdə AKP-yə dəstək verir. Çünki Dövlət Baxçalı ölkənin sınaq qarşısında olduğunu anlayır. Türkiyə dünya güclərinə və terrora qarşı ölüm-dirim savaşı verir. Ölkə ətrafında, Suriyada və İraqda çox ciddi regional savaşlar gedir. Parlamentli idarə sistemi ilə zəruri siyasi addımları atmaq mümkün deyil. Çünki bu halda vahid siyasi xətt yürütmək olmur. Dünya gücləri isə bu zəif məqamdan istifadə edirlər. Konstitusiya dəyişikliyinə qarşı çıxan CHP-nin uzun illər yeritdiyi siyasət hamıya məlumdur. Bu partiya müstəqil siyasi güc mərkəzi deyil. HDP isə birbaşa PKK terroruna xidmət edən qurumdur. Ona görə də bu iki partiyanın dəyişikliklərə qarşı çıxması normaldır. Məsələyə çox həssas yanaşmaq lazımdır. Türkiyə mütləq mənada güclü hakimiyyətə sahib olmalıdır. AKP-nin 2023-cü il layihəsi həyata keçərsə, Türkiyə nəinki regional, eyni zamanda qlobal güc sahibinə çevrilər”.

İsmayıl






SON XƏBƏRLƏR

2017-06-26
2017-06-25
2017-06-24