2017-01-11 01:35:42   |   740 dəfə oxunub

Devalvasiya riski var

Ona görə banklar əllərində olan dolları vətəndaşlara satmırlar




Hazırda kommersiya bankları dollar satışını dayandırıb. Az bir qismi isə dolları limitlə satır. "Qara bazar”ın da qara günləri başlayıb. Hüquq-mühafizə orqanları mütəmadi reydlər keçirərək, "qara bazar”da dollar satışı həyata keçirənləri saxlayır. Kommersiya bankları dollar satmır, "qara bazar” məhdudlaşıb, bəs insanlar xaricə pul köçürmələrini, səfərlərini necə həyata keçirsinlər?

Ümumiyyətlə, bu proses nə vaxtadək davam edəcək?

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev modern.az-a açıqlamasında dollar satmağın təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində olmadığını deyib: "Mərkəzi Bank kommersiya banklarına, onların dollar satıb-satmamasına nəzarət etmir. Çünki bu, bizim səlahiyyətlərimiz xaricindədir. Biz individual olaraq kommersiya bankları ilə işləmirik. Biz məzənnə siyasəti həyata keçiririk”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müşaviri Rüfət Abbasov da qurumun valyuta tənzimlənməsini həyata keçirmədiyini deyib:

"Biz valyuta tənzimləyən orqan deyilik. Valyuta bazarındakı tələb və təklifin tənzimlənməsi bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ona görə də şərh verə bilmirəm”.

Maliyyə bazarlarının subyekti olaraq banklara nəzarət etdiklərini vurğulayan R.Abbasov deyib ki, onların fəaliyyətinin qanun çərçivəsində olmasına nəzarət edirik ki, qanundankənar fəaliyyət göstərməsinlər: "Dollar isə tələb və təklif məsələsidir. Hazırda bazarda tələb və təklif arasında kəskin fərq var. Tələbat təklifdən daha yüksəkdir. Biz valyuta satmırıq, hərrac keçirmirik. Ümumiyyətlə, valyuta tənzimləyən orqan biz deyilik. Banklar dollar satmırsa, demək ki, dollarları yoxdur”.

Dolların qıtlığı məsələsinin uzun müddətir cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri olduğunu vurğulayan iqtisadçı-ekspert Hafiz Babalının sözlərinə görə, bu problem sadə vətəndaşların problemi kimi görünsə də, reallıqda kökü çox dərindir. İqtisadçının fikrincə, Azərbaycanda dollar çatışmazlığı bank sektorunda yaşanan problemlərdən qaynaqlanır:


 " Banklar əllərində olan resursları vətəndaşlara verməkdə ehtiyat edirlər, çünki devalvasiya ehtimalı hər zaman var. Banklardan başqa xarici valyutanı bazara çıxaracaq alternativ institutlar olmadığı üçün ölkəyə gətirilən pulların bir hissəsi Dövlət Neft Fondu vasitəsilə banklara satılır. Xarici valyuta tələb olunan biznes strukturlarına satılmır. Banklar isə bu vəsaitlərin vətəndaşlara ötürülməsi üçün lazımi tədbirlər görmür. Əhalinin dollara olan ehtiyacını ödəmək imkanları həddindən artıq məhduddur”.

Ekspertin sözlərinə görə, dollara yaranan tələbatın ödənməməsinin bir səbəbi də ölkəyə valyuta gətirən mənbələrin azlığı ilə əlaqədardır: 

"Neft gəlirlərindən əlavə ölkəyə valyuta gətirən sahələr məhdud səviyyədədir. Son illər isə ölkəyə daxil olan valyutalarla xaric olunan valyutaların miqdarının bərabərləşməsi də dollar qıtlığını yaradan mühüm səbəblərdən biridir”.

Problemdən çıxış yolu olub-olmadığına gəldikdə isə H.Babalı deyib ki, mühüm addımlar atılmasa, problem uzun müddət davam edəcək: 

"Aidiyyəti qurumlar, iqtisadiyyatla məşğul olan institutlar, qeyri-hökumət təşkilatları ciddi səylə çalışıb, bu problemi yaradan səbəbləri aradan qaldırmağın yollarını axtarıb-tapmalıdırlar. Amma çox təəssüflər olsun ki, hələlik bu istiqamətdə real addımların şahidi olmuruq. Ona görə də, mövcud durumun nə qədər davam edəcəyi proqnozlaşdırıla bilməyən bir məsələdir. 2017-ci il üçün Mərkəzi Bankın pul siyasəti ilə bağlı bəyanatında əvvəlki illərdən fərqli olaraq manatın kursu ilə bağlı hər hansı bir məlumat verilmədi. Deməli, MB də bu məsələnin perspektivini görmür, və yaxud görür amma bilərəkdən cəmiyyətdən gizlədir. Bu isə təbii olaraq devalvasiya riski ilə bağlı ehtimalların yaranmasına rəvac verir”.

Şəymən








SON XƏBƏRLƏR

2017-11-18
2017-11-17