2017-01-11 01:49:46   |   1016 dəfə oxunub

Mediada reportaj janrı zəifləyib

Səbuhi Məmmədli: “Azərbaycanda, sadəcə 4-5 reportyorun adını çəkmək mümkündür”

Niyaz Niftiyev: “10-15 il əvvəldən fərqli olaraq, bu gün həm klassik, həm də internet mediada çox az sayda reportajlara rast gəlinir”





Xalid Kazımlı: "Gənc nəsil reportyorlar hazırladıqları reportajların dilinə, ifadəliliyinə çox da fikir vermirlər”

Naibə Qurbanova: "Reportaj janrı bütün dünyada jurnalistikanın sütunlarından və ən vacib qollarından hesab olunur və media orqanının reytinqinin təyin olunmasında ciddi rol oynayır”

Anar İmanov: "Azərbaycan mətbuatında bir nömrəli problem reportajların olmaması və ya kifayət qədər maraq doğuran şəkildə yazılmamasıdır”

Medianın ən maraqlı və oxunaqlı sahələrindən biri reportaj janrıdır. Reportaj - ingilis dilindən tərcümədə "to report”, yəni "məlumat vermək” deməkdir. Ümumiyyətlə, reportaj termini tarixən bir neçə məna kəsb edib. İlk olaraq XIX əsrdə İngiltərə mətbuatında işlənilib. Həmin dövrdə parlament debatları və məhkəmə zallarından məlumat gətirən jurnalistləri "reportyor” adlandırırdılar. Elə indi də oxucuya, dinləyiciyə və tamaşaçıya hər hansı məlumatı çatdıran materiallara "reportaj” deyilir. Müasir dövrdə jurnalistikada reportaj xüsusi janr kimi seçilir, medianın digər sahələri arasında aparıcı yer tutur. Çünki bu janrın əsas vəzifəsi baş verən ictimai əhəmiyyətli, əlamətdar, tipik, bir çox hallarda qeyri-adi hadisəni obrazlı şəkildə canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajda sanki oxucuların özləri də baş verənləri yaxından seyr edir və hadisənin canlı iştirakçısına çevrilir. Ona görə də əsl reportajlar cəmiyyətdə böyük rezonans doğuran, ictimai maraq kəsb edən məqamlarla zəngin hadisələrə həsr edilir. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırdıqlarına görə, reportaj jurnalistika janrı kimi müəllifdən şəxsi münasibət tələb edir.

Reportaj şahidin vacib və aktual hadisə barədə öz hekayəsinə çevrilir. Çünki reportaj sadəcə faktların sadalanması deyil, həmçinin, şəxsi analiz deməkdir. O baxımdan jurnalist araşdırmasını həyata keçirən reportyorlarda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Araşdırmaçı reportyorlar tədqiqatçılıq işini sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus duruma düşməməlidirlər. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlama bacarığı reportyorun diqqət yetirməli olduğu əsas məqamlardır. Nəzərə almaq lazımdır ki, sırf elmi araşdırma dar oxucu kütləsinə, jurnalistin apardığı araşdırma isə geniş oxucu auditoriyasına ünvanlanır və bu səbəbdən sonuncunun təsir dairəsi daha geniş olur. Media ekspertləri reportaj janrının önəmli olduğunu vurğulasalar da, ölkəmizdə bu sahənin inkişafdan geri qaldığını düşünürlər. Onların fikrincə, dünya ölkələri ilə müqayisədə Azərbaycan mətbuatında peşəkar reportyorların sayı çox azdır.

"Lent.az” saytının əməkdaşı, tanınmış araşdırmaçı-reportyor Səbuhi Məmmədli "Şərq”ə açıqlamasında reportyorluğun mühüm jurnalistika sahəsi olduğunu bildirib: 

"Reportyorluq jurnalistikanın arterial qan damarıdır. Bu sahənin jurnalistika üçün önəmi böyükdür. Amma çox çətin peşədir və indiki durum məni qane etmir. Ümumiyyətlə, Azərbaycanda araşdırmaçı reportyorların sayı çox azdır. Bir əlin barmaqlarını keçməyəcək qədərdir. Sadəcə 4-5 reportyorun adını çəkmək mümkündür. Jurnalistikaya təzə gələnlər əvvəlcə reportyor janrına meyl edirlər, həvəs göstərirlər. Amma üzləşdikləri ilk uğursuzluqda bu sahədən kənarlaşır və daha çox kabinet jurnalistikasına üstünlük verirlər. Təbii ki, oxuculara hadisə yerindən canlı reportajlar daha maraqlı gəlir, nəinki ofisdə oturub hansısa mövzu üzərində işləmək. Çox təəssüflər olsun ki, bizim reportyorlar hadisənin üstünə gedib çıxsalar da, olayın dərinliklərinə, alt qatına nüfuz edə bilmirlər. Hadisəni dəqiq araşdırmırlar”. 

S.Məmmədlinin fikrincə, Azərbaycan mətbuatında nəinki reportyorlar, ümumiyyətlə, jurnalist qıtlığı var: 

"Jurnalistikanın lokomotivləri yenə 1990-cı illərin uşaqlarıdır. Bakı Dövlət Universitetində, Slavyan Universitetində tələbələr nəinki boşluğu doldura bilir, ümumiyyətlə bu sahəyə yaramırlar. Əgər siz öz baş redaktorunuzdan və ya onun müavinindən müxbir işlədiyi dönəmləri soruşsanız, deyəcəklər ki, "biz redaksiyada oturmurduq. Bütün günü xəbər və mövzu dalınca qaçırdıq”. İndi isə müxbiri otaqdan bayıra çıxarmaq olmur”.

"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev də bildirib ki, 10-15 il əvvəldən fərqli olaraq, bu gün həm klassik, həm də internet mediada çox az sayda reportajlara rast gəlinir: 

"Müasir media daha çox xəbər istehsalına diqqət ayırır. Amma demək olmaz ki, reportajlar tamamilə yoxdur. Bu janr mətbuatın, xüsusən də jurnalistikanın sırf yaradıcı tərəfidir. Həm saytlarda, həm qəzetlərdə müxtəlif sahələrə aid reportajlara rast gəlirik. Qəzetlər bu sahədə internet mediadan bir addım irəlidədir. Çalışırlar ki, oxucu auditoriyasının nəbzini tutsunlar, gündəmdə olan mövzulara müraciət etsinlər. Keyfiyyət məsələsinə, daha doğrusu, reportajların dolğunluğu və əhatəliyinə gəlincə isə düşünürəm ki, burada elə də ciddi problem yoxdur. Mediada peşəkar həmkarlarımız kifayət qədərdir. Hər bir jurnalist imzasına hörmət etməyə çalışır. Hazırlanan reportajların daha dolğun və əhatəli olması həm də onun qiymətləndirilməsindən çox asılıdır. Əgər redaksiya hazırlanan reportaja, adi informasiyaya verdiyi qonorarı təklif edirsə, bu, doğru yanaşma deyil və bütün hallarda həmin reportajın keyfiyyətinə təsir edəcək.

"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı isə hesab edir ki, ölkə mediasında yaxşı, hərtərəfli və yüksək standartlara cavab verən reportajlar həmişə olub, indi də var:

"İstər gənc nəsil jurnalistlər, istərsə də orta yaşlı qələm adamları arasında yaxşı reportyorlarımız var. Texnologiyanın son nailiyyətləri, video və foto görüntüləri çəkmək, səs yazmaq üçün avandanlıqların təkmilləşməsi və mobilləşməsi imkan verir ki, reportyorlar ortalığa yaxşı iş qoysunlar, bir günün içində ölkənin gündəmini dəyişdirə biləcək materiallar hazırlasınlar. Ancaq gənc nəsil reportyorlar hazırladıqları reportajların dilinə, ifadəliliyinə çox da fikir vermirlər. Gücü vizual elementlərin effektivliyinə yönəldirlər. Məncə, əsas çatışmazlıq budur. Bir də media sahəsində olan ümumi problemlər reportyorları bəlli bir çərçivədə saxlayır, qol-qanad açmalarına imkan vermir. Janrın əhəmiyyətinə gəldikdə isə reportaj mətbuatın iki ən mühüm janrından biridir. Onsuz jurnalistika yoxdur”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanova deyib ki, reportajın digər jurnalistika janrlarından fərqi jurnalistin birbaşa hadisə yerində olmasıdır:

"Reportyor bu halda oxucunun hadisəyə baxan gözü rolunu oynayır. Bununla da o, jurnalistikanın digər janrlarından fərqlənir. Jurnalistikada reportaja ən yaxın janr oçerkdir. Bunlar o qədər oxşardır ki, bəzən onları səhv salırlar. Ancaq burada da xəbərin haradan verilməsi fərqi var. Məsələn, Neft Daşlarında baş verən hadisədən ora getmədən oçerk yazmaq mümkün olduğu halda, hadisə yerinə getmədən reportaj yazıram demək gülünc olar. Bunu ona görə qeyd edirəm ki, janrın qaydaları heç də həmişə bütün jurnalistlər və media orqanları tərəfindən qorunmur. Bu, əsasən də televiziya jurnalistikasına aiddir. Jurnalistin iştirakı olmadan vizual görüntü fonunda verilən "reportyorun” səsi çox vaxt tamaşaçını aldadır. Reportaj janrı bütün dünyada jurnalistikanın sütunlarından və ən vacib qollarından hesab olunur və media orqanının reytinqinin təyin olunmasında ciddi rol oynayır”.

 Jurnalist bildirib ki, reportaj və yaxşı reportyor media orqanına çox baha başa gəlir: 

"Ona görə də hər redaksiyanın peşəkar reportyor saxlamaq imkanı olmur. Azərbaycanda olmasa da, dünyada kifayət qədər böyük məbləğ qarşılığında reportyorların transferi həyata keçirilir. Bizdə yalnız jurnalistika fakültəsində reportyorluğun nəzəriyyəsi öyrədilir, real nəticə isə jurnalistin bacarığının öhdəsinə buraxılır. Azərbaycanda 1990-cı və 2000-ci illərin jurnalistikasından qalan bir neçə reportyor qalıb, onlar da çap mediasının yetirmələridir. İnternet media əsasən operativliyə üstün verdiyi üçün reportyorluqda müəyyən çatışmazlıqlar yaradır. Yəni jurnalistlərin çoxu xəbəri birinci vermək prinsipindən çıxış edərək bu janrı şikəst ediblər. Amma unutmaq lazım deyil ki, reportyorluq operativliklə yanaşı, zənginlik, məlumatlılıq da tələb edən janrdır. Reportyorluqla məşğul olan jurnalistlərin mütaliəsi, zəngin söz ehtiyatı, hadisəyə psixoloji yanaşması olmalıdır. Əks təqdirdə, yazılan reportaj yox, sıradan bir yazı olacaq ki, bunu da oxucu anında hiss edir”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov bu sahədə Azərbaycan mətbuatında ciddi problemlərin olduğunu vurğulayıb: 

"Problemlər ondan ibarətdir ki, reportajların çoxu maraqsızdır. Düşünürəm ki, hazırlanan ümumi reportajlar oxucuların marağını kəsb edir, amma onlar daha da maraqlı ola bilərdi. Reportyorların sayını qənaətbəxş hesab etmirəm. Hər redaksiyada bir neçə reportyor olmalıdır, çünki bir reportajın hazırlanması kifayət qədər vaxt alır və bir gündə bir neçə reportaj yazmaq çox çətin məsələdir. Hesab edirəm ki, bu sahə media üçün çox əhəmiyyətlidir, çünki maraqlı reportajlar oxucuları cəlb edir, onların sayını artırır”. Baş redaktor bu problemin hamı üçün prioritet olduğunu söyləyib: "Bu yaxınlarda gənc jurnalistlərlə görüşümüz oldu. Problemləri müzakirə edərkən biz ümumi qənaətə gəldik ki, Azərbaycan mətbuatında bir nömrəli problem reportajların olmaması və ya kifayət qədər maraq doğuran şəkildə yazılmamasıdır. Sonuncu dəfə çox maraqlı reportaja nə vaxt rast gəldiyimi xatırlamıram. Bircə o yadımdadır ki, bir neçə ay öncə çox bərbad hazırlanmış bir reportaj oxumuşdum”.

(davamı var)

İsmayıl






SON XƏBƏRLƏR

2017-09-23
2017-09-22