2017-01-11 01:58:02   |   520 dəfə oxunub

Bir-birinə qoşulub qaçan gənclərlə həssas davranılmalıdır

Mehriban Zeynalova: “Valideynin bu məsələdə narahat olmasına əsas var. Bir şərtlə ki, valideyn qızı yenidən başqasına ərə vermək iddiasında olmasın”

Elnur Rüstəmov: “Araşdırılsa görəcəksiniz ki, bu gənclər ya telefonda, ya sosial şəbəkədə tanış olub və münasibətləri yaranıb”






Gənc qızların, bir çox hallarda hətta yeniyetmələrin qoşulub qaçması xəbərini tez-tez eşidirik. Yeniyetməlik çağını yaşayan qızların belə addım atmasına valideynlər çox zaman sərt təpki verirlər. Əsas məsələ isə yeniyetmələri belə addım atmağa vadar edən səbəblərdir.

Bəzi hallarda buna səbəb kimi qızların məcburən nişanlanması göstərilir. Bu onlar üçün bir növ ölüm fərmanını imzalamaq kimi bir şeydir. Hətta belə hallarda dəfələrlə xoşagəlməz hadisələrin şahidi olmuşuq. Görəsən, məktəb çağında olan yeniyetmə qızı zorla nişanlayarkən valideyn bunun fəsadlarını düşünürmü?

Bu yaxınlarda qoşulub qaçma ilə bağlı daha bir xəbər sosial şəbəkələrdə gündəmə gətirilib. 5 ilə yaxındır biri-birlərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar. Gənc qız atasının onu məcburən başqa oğlana ərə vermək istədiyi üçün belə edib. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Onlar qızlarının zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Gənclər isə video çəkərək internetə yerləşdiriblər ki, zorla qaçmayıb və ya qaçırılmayıblar.

Məmmədovlar ailəsində narazılıq oğlanın valideynləri ilə ilkin razılıqdan sonra başlayıb. Atası oğlan evinə "hə” dedikdən sonra Günay Məmmədova Elnur Əhmədova qoşulub qaçsa da, xoşbəxt ola bilmirlər. Gənclər bildirir ki, qızın əmisi və dayısı onlara təzyiq göstərir, hədə-qorxu gəlir və evə qayıtmasını tələb edirlər. Üstəlik, oğlanın valideynlərini də incidirlər.

Olduqları yerləri valideynlərinə də bildirməyən gənclər internetə yerləşdirdikləri videomüraciətdə belə danışıblar. Elnurun qardaşı Rahib Əhmədov da onların harada olduğunu bilmədiklərini deyir. Onun sözlərinə görə, Günayın ailəsi dayanmadan onların evlərinə gəlib valideynlərinə hədə-qorxu gəlir.

Ancaq qızın videomüraciətinə baxmayaraq atası Şahin Məmmədov onun öz istəyi ilə qaçmasına inanmır və buna görə də polisə şikayət edib. Onun sözlərinə görə, əgər qızı qohumlarından kim iləsə görüşüb özünün öz razılığı ilə qaçdığını etiraf etsə, məsələ ilə bağlı şikayəti geri götürəcək. Hazırda isə onlar qızın zorla qaçırıldığını düşünürlər.

Qaçırılma hadisəsi ilə bağlı olaraq Ağcabədi rayonunda əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Qız yeniyetmə olmadığı üçün özü polis bölməsinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını etiraf etsə, oğlan cinayət məsuliyyətindən azad olunacaq. Əks halda, oğlan barəsində cinayət işi başlanılacaq.

Məsələni dəyərləndirən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qızın bu addımı emosional bir çərçivədə atdığını deyib. Birlik sədrinin sözlərinə görə, qızın o ailədə sabit və davamlı qala biləcəyi sual altındadır: 

"Yetkinlik yaşına çatmayan qızını ərə verməsi ata üçün cinayətdi. Lakin buna baxmayaraq istənilən halda qız yetkinlik yaşına çatmayıbsa, o, müstəqil seçim edə bilmir. Sabah onu nələrin gözləyəcəyi, hansı hüquqi prosedurların olacağı hələ bilinmir. Əgər oğlan yetkinlik yaşına çatmayan şəxslə evlənibsə, buna qanunvericilikdə yol verilmir və o, cinayət məsuliyyəti daşıyır. Qızın belə emosional vəziyyətə düşməsi isə təbiidir və anlaşılandır. Valideynin bu məsələdə narahat olmasına əsas var. Bir şərtlə ki, valideyn qızı yenidən başqasına ərə vermək iddiasında olmasın”.

Psixoloq Elnur Rüstəmov isə bu məsələdə valideynləri son dərəcə diqqətli olmağa səsləyib. O bildirib ki, əvvəlki illərə nisbətən bu gün gənclər daha həssas və tərsdirlər: 

"Cəmiyyətimizdə belə halları qəbul edən və etməyən valideynlərimiz var. Məsələ burasındadır ki, bu gün valideynlər uşaqlarına qarşı əvvəlki illərə nisbətən daha tolerantdırlar və çalışırlar ki, onların müəyyən fikirlərini nəzərə alsınlar. Bunun da səbəbi uşaq sayının az olması, onlarda müəyyən narahatçılığın baş verməsi, gənclərin informasiya ilə yüklənməsidir. Araşdırılsa görəcəksiniz ki, bu gənclər ya telefonda, ya sosial şəbəkədə tanış olub və münasibətləri yaranıb. Bütün bunlar əlbəttə ki, valideyn-övlad münasibətlərinə təsir göstərir. Hər bir halda valideyn uşağın fikri ilə hesablaşmalıdır. Burada müəyyən kompromisə gəlmək çox vacib bir şeydir. Dünən əgər ailədə 5-6 uşaq varıydı və onların kaprizləri də az olurdu, lakin indi 1-2 uşaq var və kaprizləri də çoxdu. Bəzən görürsüz ki, ailədə konfliktlər yaranır və uşaqlarla valideyn arasında xoşagəlməz hallar baş verir. Hətta əlqaldırma kimi hadisələrlə qarşılaşırıq. Zərərli vərdişlər, asılılıqlar var və bunlar da valideyn-övlad münasibətlərinə təsir göstərir. Ona görə də bizim valideynlərimiz son dərəcədə diqqətli və həssas olmalıdırlar, uşaqlara yanaşma prosesində sərt yox, qismən optimal bir yolu seçməlidirlər”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2017-06-27
2017-06-26