2017-01-11 02:04:21   |   740 dəfə oxunub

Bu stress hələ başlanğıcdır

Psixoloq: “Böyük ehtimalla Nurayın qorxuları zamanla artacaq”

“Bir uşağı xalasından alıb, atasına vermək üçün o qədər icra məmuruna nə ehtiyac vardı ki? Sadəcə bir xanım psixoloqun iştirakı ilə Nuray, atası və xalası arasında söhbət aparılmalı idi”



Bir neçə gün əvvəl sosial şəbəkələrdə 10 yaşlı Nuray Bayramzadənin Quba məhkəməsində zorla xalasından alınaraq atasına verilməsini əks etdirən görüntülər yayılıb. Yayımlanan video-süjet qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı çəkilsə də, məhkəmədə yaşanan olaylar cəmiyyətdə böyük narahatlığa səbəb olub.

Hadisə ilə bağlı əsas müzakirə predmeti məhkəmənin 10 ildir Nurayın üzünü görmədiyi bildirilən ataya uşağın verilməsi ilə bağlı çıxardığı qərar olsa da, uşağın psixoloji durumu və yaşadığı sarsıntılardan aldığı psixoloji zədə də diqqət mərkəzindədir.

Xalası ilə birgə qalmaq istədiyini vurğulayan Nuray ilk dəfə atasını məhkəmə prosesində gördüyünü və onunla birgə yaşamaqdan qorxduğunu deyib. Psixoloqlar isə hesab edir ki, Nuray böyüdükdən sonra da bu hadisənin şokundan çıxa bilməyəcək.

Videonu hər kəs kimi böyük ürək ağrısı ilə izlədiyini vurğulayan psixoloq Gülnarə Əliyeva "Şərq”ə açıqlamasında icra məmurlarının zorakılığı barədə o qədər də kəskin rəy bildirməyin tərəfdarı olmadığını deyib. İcra məmurlarının məhkəmənin qərarını icra etməyə məcbur olduğunu vurğulayan psixoloq deyib ki, hətta videonun əvvəlində icra məmurlarının uşağı dilə tutduqlarını da qeyd edib. Uşağın atasını istəməməsinin normal olduğunu deyən psixoloq prosesin bu hal almasına səbəb kimi aradakı zaman boşluğunu göstərib: 

"İlk məhkəmə qərarından sonra Nurayla profilaktik söhbət aparılmalı idi. Ata da, xala da mütəmadi olaraq ona qayğı ilə yanaşıb, danışıb durumu izah

etməli idi. Amma görünən odur ki, Nuray bu prosesə hazırlanmayıb. Hələ məlumatlarda qızın atasını ilk dəfə məhkəmə zalında görüldüyü yazılıb. Ortada 10 yaşlı uşağın taleyi həll olunur, amma tərəflər məhkəmə zalında güc savaşına çıxıb. Bu hadisənin Nurayda hansı təsir yaradacağını düşünmək o an heç kimin ağlına belə gəlmir”.

Gülnarə xanımın sözlərinə görə, soyuq məntiqlə düşünəndə hər iki tərəfə haqq vermək olar. Xala illərdir uşağın əziyyətini çəkib, onu böyüdüb. Ata isə öz doğma övladını yanında görmək istəyir. Nuray da haqlı olaraq "yad biri” ilə qalmaq istəmir. Onun üçün doğma atası sadəcə yad bir kişidir. Hətta videoda da var ki, Nuray icra məmurlarına müraciətlə "Sizi yad adama versələr xoşunuz gələrmi?” deyə sual ünvanlayır. Bizim buna görə kimisə mühakimə etmək haqqımız yoxdur, çünki uzaqdan baxana döyüş həmişə asan görünür. Amma xalanın da, atanın da ən böyük günahı Nurayı bu prosesə hazırlıqsız gətirmək olub.

Psixoloq hesab edir ki, Nuray üçün ən böyük stress yaradan hal otaqda xalasından başqa qadın olmamasıdır. 

"Atasız böyüyən bir qız üçün o an yaşadığı hisslər, yalnızlıq duyğusu sözlərlə ifadə oluna bilməz. Onun qışqırması da, ağlaması da özünü aciz hiss eləməsi ilə bağlıdır. Təsəvvür edin, bu uşaq ona verilən suyu belə almır. Bəlkə də, susamışdı. Amma qorxur deyə, xalasını buraxıb, o stəkanı almaqdan imtina edir. Xalasının dediyinə görə, artıq onun qorxuları başlayıb. Tək qala bilmir. Amma bunlar yaşadığı bu stressdən sonra bu hələ başlanğıcdır. Böyük ehtimalla onun qorxuları zamanla artacaq. Təklikdən, qaranlıqdan, itirməkdən qorxacaq. Bəlkə də Nuray yetkin qadın olanda belə hüquq-mühafizə sistemində çalışan insanlardan çəkinəcək. Həmin anda yaşadığı sarsıntılar illər sonra da mütləq şəkildə özünü büruzə verəcək. Hesab edirəm ki, hazırda Nurayın da, elə xalasının da ciddi psixoloji yardıma ehtiyacı var. Bir uşağı xalasından alıb, atasına vermək üçün o qədər icra məmuruna nə ehtiyac vardı ki? Sadəcə bir xanım psixoloqun iştirakı ilə Nuray, atası və xalası arasında söhbət aparılmalı idi. O zaman da hadisələr bu cür xoşagəlməz həddə gəlib çatmazdı. Kim bilir, bəlkə də Nurayın ürəyində atasına qarşı istək yaranardı”.

Şəymən






SON XƏBƏRLƏR

2017-12-12
2017-12-11